Məşhur türk müğənnisi və aktyoru Özcan Deniz həm şəxsi həyatı, həm də maddi vəziyyəti ilə bağlı çətinliklər yaşayır.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, 22 il menecerliyini etmiş qardaşı Ercan Denizlə ciddi mübahisə yaşayıb. Bu mübahisə ailədaxili qalmaqaldan çıxaraq məhkəməyə qədər gedib.

Qardaşlar arasında problem əsasən daşınmaz əmlakın paylaşılması və bir-birinə yönəlik təhdid iddialarından sonra başlayıb. Nəticədə aralarındakı münasibətlər tamamilə pozulub.

Son günlərdə isə daha ciddi bir problem ortaya çıxıb. Məlum olub ki, Özcan Denizin bütün mal-mülkünə və bank hesablarına məhkəmə qərarı ilə həbs qoyulub. Bu vəziyyətin səbəbi isə illər əvvəl qardaşı Ercan Deniz üçün bankdan götürülən kreditə zamin durmasıdır. Borclar ödənilmədiyi üçün banklar pulu zamin olan Özcan Denizdən tələb edib.

Özcan Denizin vəkilləri bu qərara qarşı məhkəməyə müraciət ediblər. Hazırda hüquqi proses davam edir. İddialara görə, bu hadisə sənətçinin həm psixoloji vəziyyətinə, həm də karyerasına mənfi təsir edib.