Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilən “Yüksəliş” müsabiqəsinin beşinci mövsümünün qalibləri bəlli olub.

"Unikal" xəbər verir ki, 20 nəfərin qalib elan olunduğu builki müsabiqədə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) məzunu Numrəddin Hüseynov da var.

Numrəddin Hüseynov 2014-cü ildə AzMİU-nun Tikinti iqtisad fakültəsinin menecment ixtisasını bitirib. Hazırda o, özəl sektorda – Bakcell şirkətində Marketinq Kommunikasiyalar şöbəsinin rəisi vəzifəsində çalışır. Onun bu uğuru AzMİU-da formalaşan peşəkar potensialın və liderlik bacarıqlarının parlaq nümunəsidir.

AzMİU-nun məzunu olmuş digər qalib isə Əli Kərimlidir. O, Türkiyənin İstanbul Texniki Universitetində mexanika mühəndisi ixtisası üzrə bakalavriat, ADA Universitetində biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura, Azərbaycan Memarlıq və İnşaat Universitetində isə sahə iqtisadiyyatı ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb. Hazırda dövlət sektorunda – Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) qrup rəhbəri vəzifəsində çalışır.

Müsabiqənin final mərhələsi 2025-ci ilin iyul ayında “Baku Ekspo Mərkəzi”ndə baş tutub. Ümumilikdə 124 finalçı arasında keçirilən seçim nəticəsində 20 nəfər ən yüksək bal toplayaraq qalib elan olunub. Onların 42.86 faizi dövlət, 57.14 faizi isə özəl sektorda fəaliyyət göstərir.

“Yüksəliş” müsabiqəsi qeydiyyat, onlayn, əyani, yarımfinal və final olmaqla 5 mərhələdən ibarətdir. Yarımfinal mərhələsində iştirakçılar strateji düşüncə, effektiv liderlik, qərarvermə, nəticəyönümlülük, innovativlik, komanda işi, etika və digər səriştələr üzrə qiymətləndirilib. Finalda isə iştirakçılar “İdarəçi rollar modeli” əsasında ekspertlərin dəyərləndirməsindən keçib.

Qiymətləndirmə prosesi beynəlxalq səviyyədə qəbul olunmuş və obyektivliyi ilə seçilən “Assessment Conference” metodu əsasında təşkil olunub. Bu metod iştirakçıların performansına kompleks yanaşma tətbiq edir və yekun qərarların kollegial əsasla qəbul edilməsini təmin edir.

Qaliblər tanınmış rəhbər şəxslərin mentorluğu ilə bir illik fərdi inkişaf proqramına qoşulmaq və 20.000 manat məbləğində pul mükafatı qazanmaq imkanı əldə edirlər.

Qeyd edək ki, beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam Prezident İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində imzalanıb.

Bu uğur AzMİU-nun yüksək təhsil standartlarının, yetişdirdiyi kadrların dövlət və özəl sektorda rəqabətqabiliyyətli olduğunu bir daha təsdiqləyir.