Telekanallarda seçki ab-havası duyulurmu?
10:35 12-09-2013
CƏMİYYƏT
Telekanallarda seçki ab-havası duyulurmu?
Prezident seçkiləri yaxınlaşdıqca istər-istəməz cəmiyyətin əhvali-ruhiyyəsində bir aktivlik duyulmağa başlanır. Bu baxımdan yanaşanda çap mətbuatı daha fəal görünür. Lakin müşahidəçilər hesab edirlər ki, ölkənin telekanalları qarşıdan gələn prezident seçkilərinə hazırlıq prosesini birtərəfli işıqlandırmaqdadır və yaxud bu prosesə qarşı ümumiyyətlə etinasız yanaşmaqdadır.
"Unikal" qəzeti olaraq bu məqam bizdə də maraq doğurdu və duruma aydınlıq gətirilməsi üçün ölkənin bir neçə tanınmış ekspertinə müraciət etdik.
Məşhur telejurnalist və tədqiqatçı alim Qulu Məhərrəmlinin "Unikal"a söylədiyinə görə, "Ölkə telekanallarının ünvanına söylənən tənqidi qeydləri bölüşməsəm də, bu fikirlərdə həqiqət payı var. Lakin belə bir iddia ilə çıxış etmək üçün ölkədəki telekanalların ciddi şəkildə monitorinqi aparılmalı və əldə daha konkret faktlar olmalıdır".
Tədqiqatçı alimin sözlərinə görə, "Prezident seçkiləri hər bir cəmiyyətin həyatında mühüm hadisədir və belə demək mümkündürsə, dönüş mərhələsi yaradan hadisədir. Məhz buna görə cəmiyyət, adətən, digər seçkilərə nisbətən prezident seçkilərinə daha böyük maraq göstərir, həm müxalifətin, həm də iqtidarın daxilində ciddi şəkildə canlanma baş verir, izlənilməli proseslər baş alıb gedir. Yəni cəmiyyət heç vaxt olmadığı qədər dinamikləşir, siyasi aktivlik müşahidə olunur. Bütün bunların müqabilində, ölkədəki telekanallarda seçki ab-havası duyulmur. Seçki marafonu artıq sürət götürüb, amma telekanallar bunu sanki görmürlər".
"Yeni nəsil" jurnalistlər birliyinin sədri Arif Əliyev mövzu ilə bağlı daha bədbin şərhlər verdi. Onun "Unikal"a bildirdiyinə görə, "Məndə olan məlumata görə, İctimai Televiziya istisna olmaqla, ölkədəki digər telekanallar ümumiyyətlə prezident seçkilərini işıqlandırmamaq barədə müəmmalı bir qərar qəbul ediblər və hətta bu barədə müvafiq instansiyalara məlumat da göndərilib. Bizim ekspertlərin hesablamalarına görə, telekanallar bu seçkilərlə bağlı təşkil edəcəkləri verilişlərin sayəsində reklamlardan, ən azı, dörd milyon manat gəlir əldə edə bilərdi. Güman etmirəm ki, bizim telekanallar bu qədər pul sevməzdir. Görünür, onlara hansısa mərkəzdən daha sərfəli şərtlər təklif edilib ki, onlar seçkiləri işıqlandırmaqdan imtina edib".
Sədrin fikrincə, "Prezident seçkiləri dövrü telekanallar üçün bütün mənalarda qızıl dövr hesab edilir. Həm maliyyə gəlirləri baxımından, həm yaradıcılıq, həm də auditoriyanı genişləndirmək baxımından. Lakin təəssüf ki, bu dəfə bizim telekanallar bu şansdan yararlanmaq niyyətində deyil. Televiziyalar, adətən, ictimai maraqların ifadəçisi rolunda çıxış edir. İndiki halda isə görünən budur ki, telekanallarımız bu roldan geri çəkiliblər".
Yazıçı-junalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin mövzu ilə bağlı açıqlamsı bizim üçün bir qədər gözlənilməz oldu: "Mən bizim telekanallara baxmıram. Bu da ondan irəli gəlir ki, telekanallarımız cəmiyyətin ritmi ilə ayaqlaşa bilmir və çağdaş tamaşaçını qane edə biləcək verilişlər hazırlaya bilmirlər."
Natiq Oruclu
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33