Bakı Mühəndislik Universitetinin (BMU) iki məzunu Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilən “Yüksəliş” müsabiqəsinin beşinci mövsümünün qalibləri sırasında yer alıb. 

"Unikal" xəbər verir ki, final mərhələsində iştirak edən 124 namizəddən ən yüksək bal toplayan 20 nəfər qalibdən biri Fərid Mustafayev BMU-nun “Dünya iqtisadiyyatı” ixtisası üzrə bakalavriat, Böyük Britaniyanın Mançester Universitetində “Mühasibat uçotu və maliyyə” ixtisası üzrə ikinci təhsilini alıb. Hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankında Model risklərinin idarə edilməsi şöbəsinin rəisi vəzifəsində çalışır.

Müsabiqənin digər qalibi İbrahim Məmmədov isə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznesin təşkili və idarəedilməsi” ixtisası üzrə bakalavriat, Bakı Mühəndislik Universitetində “İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi” ixtisası üzrə magistratura təhsili alıb. “Tabaterra Leaf” MMC-də maliyyə və mühasibatlıq şöbəsinin müdiri vəzifəsində çalışır. Eyni zamanda, ACCA (Association of Chartered Certified Accountants) təşkilatının üzvüdür.

İstedadlı və yüksək potensiala malik gəncləri müəyyənləşdirmək, onların inkişafına dəstək vermək məqsədilə təşkil olunan “Yüksəliş” müsabiqəsinin beş mərhələsini uğurla keçən BMU məzunları öz intellektual bacarıqları, analitik düşünmə qabiliyyətləri və idarəçilik potensialları ilə seçilərək qalib adını qazanıblar. Bu uğur, eyni zamanda BMU-da tətbiq edilən müasir təhsil yanaşmaları, praktik bilik və bacarıqlara əsaslanan tədris proqramları, eləcə də tələbələrin liderlik və şəxsi inkişafına yönəlmiş mühitin nəticəsidir. Universitetdə formalaşdırılan innovativ və analitik düşüncə tərzi, interaktiv dərslər və layihə əsaslı öyrənmə metodu məzunların real həyatda, karyeralarında yüksək nəticələr əldə etməsinə mühüm töhfə verir.