Xorvatiyanın paytaxtı Zaqreb şəhərinə Avropa Şurasının təşkilatçılığı ilə Azərbaycanda Media Peşəkarlığı və İnformasiya Azadlığının Təşviqi (PRO-M-FEX) layihəsi çərçivəsində “Məlumatların mühafizəsi təcrübələri” adlı tədris səfəri təşkil edilib.
"Unikal" xəbər verir ki, tədris səfərində Rəqəmsal İnkişaf və Nəqliyyat, Ədliyyə və Xarici İşlər nazirliklərinin, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri təmsil olunub.
Səfər zamanı ölkəmizdə “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı və “Azərbaycan Respublikasının 2025 – 2028-ci illər üçün süni intellekt Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlər, habelə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik, fərdi məlumatların işlənməsi və mühafizəsi, süni intellekt üzrə prioritet istiqamətlər barədə məlumat verilib.
Xorvatiya Respublikasının Fərdi Məlumatların Mühafizəsi Agentliyinin (AZOP) ekspertləri tərəfindən həm nəzəri, həm də praktiki məruzələr olub. AZOP-un fəaliyyəti, səlahiyyətləri və real tətbiq edilən sanksiyalar barədə məlumat verilib. Avropa İttifaqının “Mәlumatların Mühafizәsinә dair Ümumi Qaydaları” (GDPR) və 108+ Konvensiyasının tətbiqi təcrübəsi üzrə müzakirələr aparılıb.
Tədbir çərçivəsində nümayəndə heyəti Xorvatiyanın Ədliyyə, Dövlət İdarəçiliyi və Rəqəmsal Transformasiya Nazirliyində də olub.