"Fransanın siyasi dairələrinin, o cümlədən parlamentinin Yelisey Sarayından alınmış təlimatlar əsasında anti-Azərbaycan və islamofob fəaliyyəti davamlılığı ilə diqqətdədir. Bu dəfə həmin təlimatın icraçısı Fransada iqtidar koalisiyanın üzvü “Respublikaçılar” Partiyasıdır".

 Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib. 

Parlamentari bildirib ki,  Fransa mətbuatında ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası çərçivəsində səsləndirilən fikirlərin Milli Assambleyada irəli sürülmüş qətnamə layihəsində öz əksini tapması cızılan ssenarinin arxasında Makron administrasiyasının dayandığını bir daha təsdiqləyir.

Millət vəkili qeyd edib ki, qətnamə layihəsində Ermənistanın “sülhsevər tərəf” kimi göstərilməsi əslində təəccüb doğurmur. 30 illik işğal dövründə də eyni yanaşma nümayiş etdirən bəzi dünya dövlətləri, o cümlədən Fransa bununla ikili standartlara əsaslanan siyasətini bir daha nümayiş etdirir. Azərbaycanın 28 il dünyadan ədalət gözləməsi sülh siyasətinin təsdiqi idi. Hər zaman ədalətin, beynəlxalq hüququn yanında olan ölkəmiz artıq tarixin arxivinə atılmış keçmiş Qarabağ münaqişəsinin sülh danışıqları əsasında həllinə səy göstərdi. Ermənistanın havadarlarının dəstəyinə arxalanaraq danışıqlar prosesinə sadəcə imitasiya xatirinə qatılması keçmiş münaqişənin həlli prosesinin 30 ilə yaxın uzanmasına gətirib çıxardı. 44 günlük İkinci Qarabağ müharibəsi, bir sutkadan az davam edən lokal antiterror tədbirləri ədalətin, beynəlxalq hüququn kimin tərəfində olmasının, Azərbaycanın real imkanlarının təqdimatı oldu. 44 gündə 30 ilin ədalətsizliyinə son qoymaq, tarixi ədaləti bərpa etmək Ermənistana və ona dəstək verənlərə dərs oldu.

Vüqar Rəhimzadə vurğulayıb ki, qətnamə layihəsində Azərbaycan xalqına qarşı törədilən cinayətlərə göz yumulur. Halbuki, bu gün işğaldan azad edilmiş ərazilərimiz erməni vəhşiliyinin dünyaya təqdimatıdır.

Milli Məclisin deputatı onu da əlavə edib ki, Fransa bir tərəfdən Azərbaycanın ünvanına “demokratiya”, “insan haqları” kimi anlayışlardan sui-istifadə edir, digər tərəfdən isə öz daxilində Yeni Kaledoniya, Polineziya, Qvadelupa və digər müstəmləkə ərazilərində yerli xalqların azadlıq çağırışlarını amansızcasına boğur. Bu, Fransa dövlətinin neokolonial siyasətinin göstəricisidir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Prezident İlham Əliyev suverenliyimizin bərpasından sonra yeni dövrə qədəm qoyan Azərbaycanın qarşısında dayanan hədəflərdən bəhs edərkən bu çağırışı etdi ki, bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. 

Millət vəkili onu da vurğulayıb ki, qətnamədə mədəni irsin qorunmasından danışan Fransaya öz ərazisində ucaldılan və qadınların azadlığı rəmzini özündə əks etdirən Natəvanın heykəlinin Evian şəhərində təhqir olunmasının qarşısını almadığını xatırlatmaq kifayətdir. Reallıqları maraqlarından irəli gələn yalanlarla ört-basdır etmək, beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq mümkünsüzdür. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasətinin uğurlarını həzm edə bilməyən Fransa kimi dövlətlərin gündəmə gətirdikləri belə qərəzli, reallıqdan uzaq, özlərinə təsəllidən başqa bir şey olmayan kağız parçaları dövlətimizin siyasətinə təsir etmək imkanında deyil.