Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) Kanadanın Vaterloo Universitetinin Riyaziyyat fakültəsinin Riyaziyyat və biznes proqramlarının direktoru, professor İlham Axundov ilə görüş keçirilib.

"Unikal" xəbər verir ki, görüşdə çıxış edən prof. İlham Axundov gələcək əməkdaşlıq perspektivləri, AƏSMA-da təlim və tədris proqramlarının məzmununun təkmilləşdirilməsi, süni zəka, statistika, data analizi və.s sahələrinin inkişafı istiqamətində əməkdaşlığ imkanları və hər iki ali təhsil müəssisəsi arasında birgə tədris proqramlarının hazırlanması, ikili diplom və sertifikatların verilməsi və digər istiqamətlərdə fikirlərini bildirib.

 

AƏSMA-nın rektor vəzifəsini müvəqqəti icra edən dosent Yusif Ağayev Akademiyanın tədris, ixtisasartırma və elmi-tədqiqat fəaliyyəti, həyata keçirilən əməkdaşlıq təşəbbüsləri barədə təqdimatla çıxış edib. AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev çıxış edərək beynəlxalq təcrübənin öyrənilməsini və elmi nailiyyətlərinin paylaşılmasının Akademiyanın inkişafına töhfə verəcəyini bildirib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və görüş interaktiv şəkildə davam etdirilib.