Kərəm Həsənov xeyli ziyana düşdü
11:52 18-09-2013
CƏMİYYƏT
Kərəm Həsənov xeyli ziyana düşdü
Komitə sədri özünə qarşı planı necə zərərsizləşdirib?
Azərbaycanda bəzi məmurların ən çox qorxduqları məqamlardan biri rəhbərlik etdikləri qurumlarda ardıcıl həbslərin həyata keçirilməsidir. Hansısa korrupsiya və rüşvətxorluq faktına görə bu cür həbslər həmin məmurlarda artıq onların "qələmlərinin" iqtidar daxilində qırıldığı fikrini formalaşdırır.
Bu da təsadüfi deyil. Məsələ burasındadır ki, hər hansı iri məmurun rəhbərlik etdiyi nazirlik və ya komitədə korrupsiya, rüşvətxorluq kimi hallarla bağlı həbslər üst səviyyələrdə razılıq verilmədən həyata keçirilmir. Bu cür həbslər həmin məmurlara hakimiyyət daxilində dəyişən münasibəti - qəzəbi, etimadsızlığı nümayiş etdirir.
Bu ilin əvvəllərində belə bir xoşagəlməz durumla Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov qarşılaşdı. Belə ki, Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşını rüşvət alarkən həbs etdi. O vaxtki məlumata görə, Komitənin Şamaxıdakı regional nümayəndəliyinin əməkdaşı vətəndaşın şikayəti əsasında cinayət başında, iş otağında yaxalanıb.
Bundan sonra ayrı-ayrı KİV-lər yazırdılar ki, seçkilər ərəfəsində Kərəm Həsənovun komitəsinin bölgələrdəki işçilərinin həbsləri davam edəcək və genişlənəcək.
Xatırladaq ki, korrupsiya cinayətlərinə görə, indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kifayət qədər çox sayda vəzifəli şəxsləri məsuliyyətə cəlb edilib. Mətbuatda bu qurumdakı davamlı həbslərin nazir Füzuli Ələkbərovun "vurulmasına" yönəlik addım kimi şərh olunur.
Mətbuat isə sual edirdi ki, Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşının və ya əməkdaşlarının həbsi də Kərəm Həsənovun vəzifədən götürülməsinə hesablanan addım ola bilərmi? Bu suala cavab olaraq bəzi KİV-lərdə belə iddialar irəli sürülürdü ki, dövlət əmlakının özəlləşdirilməsi sahəsində rüşvətxorluq və korrupsiya hallarının geniş yayıldığını və cinayətlərdə əli olan xeyli sayda məmurların həbs olunacağı istisna edilir. "Amma həbslərin sonucda Kərəm Həsənovun özünün "vurulması" ilə nəticələnəcəyi məlum deyil. Bu siyasi qərarla həll olunan məsələdir"-deyə həmin vaxt müxtəlif mətbuat orqanları vurğulayırdılar.
Maraqlıdır ki, Kərəm Həsənovun komitəsində proqnozlaşdırılan həbslər, korrupsiya və rüşvətxorluq təftişi sonradan səngidi, gündəmdən çıxdı. Bəzi qaynaqlar belə iddia edirlər ki, buna komitə sədri çox çətinliklə nail olub. Hətta Kərəm Həsənovun özünə qarşı bu "vurulma" planını zərərsizləşdirmək üçün xeyli "tərlədiyini" iddia edənlər də az deyil.
Bununla belə, o da diqqət çəkir ki, KİV davamlı olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin adını əsas tənqid hədəflərindən biri olaraq qoruyub saxlayır. Bundan başqa, əksər mətbuat orqanları, müstəqil ekspertlər seçkidən sonraya proqnozlaşdırılan mümkün kadr islahatları dalğasının "qurbanlar"ının adlarını sadalayarkən istisnasız şəkildə Kərəm Həsənovun da onların arasında olacağı qənaətində birləşirlər. Bu da komitə sədrinin başı üzərindəki "qara buludlar"ın tamamilə çəkilmədiyini, onun hələ də görəvini itirməyin bir addımlığında olan yüksək çinli məmurlar arasında ilk sıralarda dayandığını söyləmək üçün ciddi əsaslar yaradır.
Bu arada komitə sədrinin maraqlı bir özünümüdafiə taktikası seçdiyi də gələn bilgilər arasındadır. Belə ki, bu ilin əvvəlindən bəri bir neçə səhmdar cəmiyyətin ərazisi müxtəlif oliqarxlara məxsus şirkətlərə satılıb. Bu vaxt hüquqi prosedurlar gözlənilməyib və əməliyyat tam qanunsuz yolla həyata keçirilib. Buna misal olaraq "Azərsənayetikinti" ASC-nin ərazisinin qanunsuz satılması göstərilir.
Görünür, müxtəlif iri məmurlara qarşı belə xoşməramlı jestlərlə Komitə sədri hökumət içində öz himayədarlarının və ya müttəfiqlərinin sırasını genişləndirmək, son nəticədə isə özünəqarşı mümkün təhlükələri zərərsizləşdirməkdə ciddi avantajlar qazanmağı hədəfləyir. Amma belə özünümüdafiə taktikalarının prezident seçkilərindən sonra yeni hökumət kabineti formalaşdırılarkən Kərəm Həsənova kömək edib-etməyəcəyini indidən birmənalı demək mümkün deyil.
Odur ki, oktyabrı gözləmək lazım gəlir.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06