Rəbiyyət Aslanova: "Hər bir ziyalı prezidentin çağırışına cavab verməlidir"
11:55 18-09-2013
CƏMİYYƏT
Rəbiyyət Aslanova: "Hər bir ziyalı prezidentin çağırışına cavab verməlidir"
"Adətən dövləti qarşısında böyük xidmətləri olan insanlar haqda danışanda ən yüksək xüsusiyyət kimi "vətəndaş" sözünü vurğulayır, işlədirik. Yəni, xalqına xidmət edən görkəmli insanlardan söz açanda "həm ziyalı, həm də vətəndaş, alim-vətəndaş, siyasi xadim-vətəndaş" deyimlərinə rast gəlirik ki, bu da hər birimizi düşündürməlidir".
Bu fikirləri jurnalistlərə açıqlamasında Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri, professor Rəbiyyət Aslanova bildirib. Onun sözlərinə görə, alim, ziyalı, tədqiqatçı, siyasətçi olmaqla yanaşı, əvvəl dövlətinin təəssübünü çəkən vətəndaş olmaq hər kəsə nəsib olan xoşbəxtlik deyil.
Komitə sədri bildirib ki, vətəndaş, vətəndaşlıq, vətənpərvərlik - ilk növbədə mədəniyyətdir. R.Aslanovanın dediyinə görə, ancaq heç bir qanun da özlüyündə cəmiyyətə hazır vətəndaş bəxş edə bilməz, bu, gərəkli şərtlərdən yalnız biridir. Millət vəkili onu da qeyd edib ki, dünyada elə dəyərlər var ki, onları seçmirlər:
"Bu dəyərlərin sayı çox az olduğu üçün onları sadalamaq olar. Bu, doğulduğun vətən, vətəndaşı olduğun dövlət, mənsub olduğun millət, mənəvi prinsiplərindir! Yəni onları seçim etmək mümkün deyil. İnsanları vətən amili birləşdirir! Başqa çox şeylərin ayırdığı cəmiyyəti də dövlət kimi özünü təsdiq edən vətən sarsılmaz edir! Lakin təbii ki, bu, həmin mənəvi birlik formasını - dövlətin dəyərini anlayanlar üçündür".
Komitə sədrinin bildirdiyinə görə, postmodern, qloballaşan cəmiyyətdə bəzən vətən, vətənpərvərlik anlayışlarını dəbdən düşmüş mövzu hesab edənlər də var: "Xüsusilə də, bu insanlar kateqoriyasına mənsub olanların istinad etdiyi, daha doğrusu, təzim etdikləri Qərb məkanında. Qərbə təzim edənlər üçün burada "vətən" və "dövlət" anlamlarına verilən dəyərə də bələd olmaq pis olmazdı. Həmin dövlətlərin vətəndaşları öz vətəninə xidməti hər şeydən öndə qoyur. Lakin seçimi mümkün olmayan dövlətçilik dəyərlərini seçmək istəyənlər mövcuddur. Belə yaşayanlar üçün bəlkə də ən böyük cəza elə onların "vətənsiz və bayraqsız", dövlətini və kimliyini bilmədən yaşamalarıdır. Belələri vətəndaşları olduqları dövlət haqqında yalnız uydurma və mənfi informasiyanın toplanmasını, milli mənəviyyata və qanuna zidd olaraq tirajlanmasını özlərinə "missiya" seçirlər. Onlar özlərinin xəyal etdiyi kimi, nə demokratik düşüncə, nə də peşəkarlığına görə deyil, yalnız Azərbaycan əleyhinə olduqları üçün maliyyə mənbələri tapırlar. Demokratiya barədə anlayışları isə belədir ki, hansı ölkədə "dövlətçilik dəyərlərinin inkarı" yoxdursa, deməli, orada demokratiya, azadlıq yoxdur, yəni bu qədər bəsit düşünənlər var. Onlar Azərbaycanın suveren, beynəlxalq münasibətlərin bərabərhüquqlu subyekti, regionda bütün sahələrdə lider ölkə kimi özünü tanıdan müstəqil dövlət olduğunu dərk etmək səviyyəsində deyillər. "Dünyanın paytaxtı" kimi etalon hesab etdikləri xarici dairələrin buyuruqlarını yerinə yetirmək üçün bu "əyalət düşüncəsi"nin sahibləri dəridən-qabıqdan çıxırlar. Müstəqil dövlətinə deyil, təzim etdikləri, maliyyə bosları ilə təmasda olmaqla "demokratik" hesab edənlərin əslində "əyalət düşüncəsi" ilə yaşadıqlarına yalnız acımaq qalır. Xarici dəstəkçilər öz işini görür, öz dövlətlərinə xidmət edirlər…"
Millət vəkili eyni zamanda qeyd edib ki, anti-Azərbaycan mövqeli insanların sayı xoşbəxtlikdən az olsa da, bu, cəmiyyəti və ziyalıları düşündürməlidir: " Bu gün demokratik dövlətdə yaşayırıq və şəxsiyyət vəsiqəsi alan hər kəs ən azı de-yure olaraq Azərbaycan vətəndaşı hesab olunur. Bununla yanaşı, vətəndaş olmaq missiyasının dərk edilməsi barədə düşünülmür. Yuxarıda da qeyd etdiyim kimi, adətən dövləti qarşısında böyük xidmətləri olan insanlar haqda danışanda ən yüksək xüsusiyyət kimi "vətəndaş" sözünü vurğulayır, işlədirik. Məsələn, xalqına xidmət edən görkəmli insanlardan söz açanda "həm ziyalı, həm də vətəndaş, alim-vətəndaş, siyasi xadim-vətəndaş" deyimlərinə rast gəlirik. Bu, hər birimizi düşündürməlidir. Yəni alim, ziyalı, tədqiqatçı, siyasətçi olmaqla yanaşı, əvvəl dövlətinin təəssübünü çəkən vətəndaş olmaq hər kəsə nəsib olan xoşbəxtlik deyil. Vətəndaşlıq - yalnız şəxsiyyət vəsiqəsində müvafiq qeydiyyat demək deyil. Bu, bütöv bir anlayışdır və sözün kökündəki "vətən" kimi mənəvi anlayışla bağlıdır. Torpağını, tarixini, mədəniyyətini, dilini, dinini, mənəvi dəyərlərini və ənənələrini sevməyən vətəndaş sayıla bilməz! Vətəndaş - mənəviyyat kateqoriyasıdır və onu yalnız hüquqi başa düşənlər mənəvi haqqını itirmiş olur…"
R.Aslanova sözlərinə əlavə edib ki, hər zaman ziyalılığıa və Azərbaycan ziyalısına böyük hörmət və ehtiramla yanaşan dövlət başçısı İlham Əliyevin xalq artisti, böyük sənətkar Arif Məlikovun "Heydər Əliyev ordeni" ilə təltif olunması zamanı səsləndirdiyi fikirlər bir çağırış hesab edilməlidir:
"Ölkə prezidentinin oradakı çıxışı, ziyalılar bağlı səsləndirdiyi fikirləri əslində bir çağırışdır və hər mənada təqdir olunmalıdır. Bu gün Azərbaycan ziyalısı, ziyalı missiyasını çiynində daşıyan hər bir kəs bu çağırışa cavab verməli, dövlətinin, xalqının taleyindən kənarda dayanmamalıdır. Ziyalı hər zaman öndə, xalqının, dövlətinin yanında olmalıdır".
Komitə sədrinin daha sonra qeyd etdiyinə görə, çünki bu gün cəmiyyətdə vaxtilə yaxşı ziyalı hesab edilmiş insanların siyasi səbatsızlığına təəccüblənən insanlar bir anlıq fikirləşirlər ki, axı nə oldu bu insanlara belə səbatsız duruma düşdülər: "Axı, onlar bir vaxtlar özlərini ziyalı adlandırırdılar. Bu gün nə baş verdi ki, vaxtilə yaxşı ziyalı olan insanlar bu gün dövlətimizin bu həssaslığına kifayət qədər qarşılıqlı cavab verə bilmirlər? Nəinki verə bilmirlər, hətta öz fəaliyyətləri ilə bir qırıcılığa, xaosa, dövlətin apardığı o böyük siyasətin təhrifinə xidmət edirlər. Bütün bunlar bu gün cəmiyyəti çox düşündürür, həmin mövqeyini itirmiş insanlara qarşı narazılıq hissi yaşanır. Mən konkret olaraq bu insanları adları ilə də göstərə bilərəm. Məsələn, Rüstəm İbrahimbəyovun fəaliyyəti, ona silahdaş olan digərlərinin fəaliyyəti və sair dediklərimə misaldır. İndi o müxalifət nümayəndələrinin adlarını çəkmək istəmirəm, çünki onlar, ümumiyyətlə, ziyalı obrazına cavab verən insanlar olmayıblar. Onlar bir vaxtlar özlərini xalqa, dövlətçiliyə xidmət edən insanlar kimi göstərirdilər, amma zaman gəldi və məlum oldu ki, bu belə deyil. Zaman göstərdi ki, bu insanlar üçün ziyalı sözü acı bir ifadə imiş".
Fuad
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22