UEFA Konfrans Liqasında çıxış edən “Zirə” və “Neftçi” komandalarının II təsnifat mərhələsində cavab oyunlarına hakim təyinatları açıqlanıb.

"Unikal" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “qartallar”ın Estoniya təmsilçisi “Payde” ilə Sumqayıtda keçiriləcək matçını Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

Referi Dario Bel olacaq. Ona yan xətt hakimləri İvan Yaniç və Dino Knez köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Patrik Pavlesiç yerinə yetirəcək.

“Neftçi”nin Belarusun “Dinamo” (Minsk) ilə səfər görüşü isə Şimali İrlandiyadan olan hakimlərə tapşırılıb.

Bolqarıstanın Stara Zaqora şəhərində təşkil olunacaq matçda baş hakim Tim Marşalla Georgios Argiropulos ilə Rayan Kelsi kömək edəcəklər. Dördüncü hakim Şeyn Makqoniql olacaq.

Qeyd edək ki, hər iki qarşılaşma iyulun 30-da keçiriləcək. Oyunlar müvafiq olaraq, Bakı vaxtı ilə saat 20:00 və 21:00-da başlayacaq. İlk qarşılaşmalarda “Zirə” səfərdə 0:1, “Neftçi” isə evdə 2:4 hesabı ilə uduzub.