Yorulan atları güllələyirlər?
10:42 09-01-2014
CƏMİYYƏT
Yorulan atları güllələyirlər?
Müsavatçılarla cəbhəçilərin savaşı alovlanır
Müsavat Partiyasının Milli Şuranı tərk etməsi onun əsas rəqibi olan AXCP mənsubları tərəfindən kəskin qınaqla qarşılanıb. Müsavatın funksionerləri də bu qınaqları cavabsız qoymur və hesab edirlər ki, prezident seçkilərindən sonra bu qurumun görəcəyi bir iş qalmamışdı.
Müşahidəçilərin fikrincə, prezident seçkilərindən sonrakı bütün dövr ərzində Milli Şura, demək olar, yox dərəcəsində idi. Və elə seçkilərdən sonra da Milli Şura qeyri-müəyyən vəziyyətdə idi.
Ekspertlər hesab edirlər ki, Milli Şura yaranandan az sonra qurumda Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyinin qeydiyyata alınması məsələsindəki problemlə əlaqədar böhran başlanmışdı.
Müsavat tərəfdarlarının fikrincə, Müsavat AXCP ilə münasibəti pozmamaq, müttəfiq kimi qalmaq üçün bu addımı atdı.
Müsavat Məclisinin üzvü, tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu Müsavatın Milli Şuradan getməsinə münasibətini bildirərkən "Unikal"a söylədi ki, "Hər zaman Müsavatla AXCP-nin birləşib bir partiya olmasını istəyirdim. Çox istəyərdim ki, Müsavatla AXCP birləşib bir partiya olsun. Amma AXCP-nin Müsavata qarşı Facebook-da təhqirlərinə baxın. Bu, hər bir müsavatçıya pis təsir edir. AXCP ilə partiyamızın müttəfiqliyi qalır, sadəcə olaraq, Milli Şuradan çıxırıq. Sosial şəbəkələrə baxın, mənim haqqımda da AXCP-dən təhqirlər yağdırırlar. Bir ideyaya xidmət edib, bir yolu gedən insanlar bir-birinə belə sözləri necə deyə bilər?Biz belə təhqirlərlə bir çatı altında qala bilmərik".
Vəhdət Partiyasının sədri Tahir Kərimli "Unikal"a verdiyi açıqlamada bildirdi ki, "İstənilən partiyanın hansısa qərar qəbul etmək səlahiyyəti onun özünündür və buna kimsə söz deyə bilməz. Lakin özlərini müxalifətin aparıcı gücləri hesab edən Müsavatla AXCP-nin cəmiyyət qarşısında sərgilədiyi mövqe qətiyyən qəbuledilməzdir. Demokratiyadan, siyasi mədəniyyətdən dəm vuranlar mətbuat vasitəsilə təhqir, şantaj və qarayaxma ilə məşğuldurlar. Görünən budur ki, onlar hakimiyyət uğrunda deyil, müxalifət daxilində birincilik uğrunda mübarizə aparırlar. Bu tendensiya da radikal müxalifətin son iyirmi ildə yoluxduğu "məğlubiyyət sindromu"ndan irəli gəlir".
Politoloq Ərəstun Oruclu mövzu ilə bağlı "Unikal"a verdiyi açıqlamada bildirdi ki, "Milli Şurada kifayət qədər problemlər var idi və onları həll etmək mümkünsüz görünürdü. Bu da ondan irəli gəlir ki, bu qurumda təmsil edilmiş qüvvələr keyfiyyət əsasında, yəni dəyərlər və prinsiplərə görə deyil, kəmiyyət zəminində, yəni çoxluq yaransın deyə birləşmişdilər. Tarixi təcrübə də göstərir ki, belə birliklərin ömrü uzun olmur".
Politoloqun sözlərinə görə, "Həmin qurumda əsas qüvvə rolunda AXCP və Müsavat partiyaları çıxış edirdi. Amma son iyirmi ilin birləşmə və ayrılma proseslərini yada salsaq görərik ki, bu partiyaların sıx əməkdaşlığı heç vaxt səmərəli şəkildə baş tutmayıb. Lap əvvəldə Demkonqres var idi, sonralar isə birlik formatı kimi SİDSU, "Azadlıq" seçki bloku və nəhayət, İctimai Palatanı yaratmışdılar. Amma bu qurumlar da istənilən nəticəni vermədi. Əgər birlik formasında əməkdaşlıq baş tutmursa, buna cəhd etməyin mənası yoxdur. Bu iki partiya sadəcə müəyyən saziş bağlayıb bir-birinə qarşı mübarizə aparmayacaqları barədə öhdəlik götürüb hərəsi öz yolu ilə gedə bilər".
Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli isə hesab edir ki, müttəfiqləri yarıyolda buraxmazlar. Onun "Unkal"a bildirdiyinə görə, "Hazırda ilk baxışdan ölkədə hər şey sakit görünsə də, hesab edirəm ki, Azərbaycan ciddi hadisələri yaşamaq ərəfəsindədir. Belə bir məqamda AXCP ilə Müsavatın yollarının ayrılmasını düzgün qərar hesab etmirəm. Mənə elə gəlir ki, bu qərar hələ xeyli müddət müzakirə ediləcək və onun yanlışlığının meydana çıxması üçün müəyyən bir zaman gələcək".
Nurlan Gündüzlü
Digər Xəbərlər
2024-12-26 09:40:57
2024-12-26 09:34:25
2024-12-26 09:26:59
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22