AXCP Rüstəm İbrahimbəyovla məxfi danışıqlara başladı
10:42 09-01-2014
CƏMİYYƏT
AXCP Rüstəm İbrahimbəyovla məxfi danışıqlara başladı
Kinorejissor fəxri sədrliyə qayıdacaqmı; Milli Şurada yeni ssenari işə düşdü
Məlum olduğu kimi, Milli Şura özünün olduqca gərgin bir dövrünü yaşayır. Seçkilərdən dərhal sonra qarşılıqlı ittiham və tənələrin intensivləşdiyi qurum indi sözün əsl mənasında dağılmaq təhlükəsiylə üz-üzə qalıb. Bir zamanlar müxalifətin ideal siyasi birliyi kimi təqdim olunan Milli Şura Müsavat partiyasının gedişindən sonra varlığını davam etdirmək kimi çətin bir vəzifə qarşısında qalıb.
Görünən odur ki, Müsavatın qurumu tərk etməsindən sonra Milli Şuranı qorumaq kifayət qədər çətin olacaq. Etiraf edək ki, hətta Müsavat qurumu tərk etməsəydi də belə bu birliyin hansısa uğura imza atacağına bəslənən ümidlər çox zəif idi. Müxtəlif siyasi görüşlərə malik və ən əsası bir-birilə ziddiyyətdə olan qüvvələrin uzun müddət bir arada olması zatən mümkün deyildi. Bununla belə, müxalifət ideoloqları Milli Şuranı qorumaq və qarşıdan gələn parlament seçkilərinə də məhz bu formatda qatılmaq iddiasında idi. Müsavatın "batan gəmini" tərk etməsindən sonra isə sitiuasiya gözlənilməz şəkil alıb. İndi qurum təmsilçiləri 2 mümkün yoldan birini seçməlidir: Ya Milli Şuranın öz funksiyasını başa vurduğunu bəyan edərək, qurumun fəaliyyətinə xitam verilməli, yaxud batmaqda olan "gəmi"nin "zədələnmiş hissələrinə" əl gəzdirməklə yenidən işlək vəziyyətə gətirilməlidir. "Unikal" qəzetinə daxil olan informasiyalarda MŞ rəhbərliyinin məhz ikinci yola müraciət etdikləri iddia olunur. Elə ötən gün yayılmış məlumatlar da proseslərin məhz bu məcrada inkişaf etdiyini təsdiqləyir.
Belə ki, dünən Milli Şurada təmsil olunan vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə yarımməxfi toplantı keçirilib. Toplantıda Milli Şura sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli də iştirak ediblər. Bu haqda mətbuata açıqlama verən hüquqşünas Namizəd Səfərovun sözlərinə görə, Milli Şurada təmsil olunan 20-dən artıq vətəndaş cəmiyyəti təmsilçisindən 4 nəfəri xaricdə səfərdə, 2 nəfəri isə həbsdə olduğu üçün toplantıya qatıla bilməyib. Amma buna baxmayaraq nəzərdə tutulan toplantı baş tutub və burada vəziyyətdən çıxış yolları müzakirə olunub: "Onlar da daxil olmaqla hamı MŞ-nin fəaliyyət göstərməsində israrlıdır və işləmək əzmindədirlər".
Namizəd Səfərov eyni zamanda Milli Şuranın bu həftə keçiriləcək sessiyasında Rüstəm İbrahimbəyovun fəxri sədr postunda qalması məsələsinin də müzakirə ediləcəyini bildirib: "Cəmil Həsənli Rüstəm İbrahimbəyovla əlaqə saxlayır. Ola bilsin ki, Rüstəm İbrahimbəyovun fəxri sədr qalmaq məsələsinə yenidən baxılsın".
Əldə etdiyimiz özəl məlumatlarda isə bildirilir ki, artıq Rüstəm İbrahimbəyovla bu yöndə konkret danışıqlar başlayıb. Mənbəmiz bu danışıqların AXCP sədrinin təşəbbüsüylə aparıldığını iddia edir: "Müsavatın məlum qərarından sonra Milli Şuranın qorunmasında xüsusi canfəşanlıq edən AXCP-çilər dərhal preventiv tədbirlərə əl atıblar. Həmin tədbirlərdən biri isə bu yaxınlarda məhz Müsavat başqanı İsa Qəmbərin diqtəsi altında qurumun fəxri sədrliyindən istefa verən Rüstəm İbrahimbəyovu yenidən bu posta qaytarmaqdır. Bununla onlar həm müsavat itkisini bir növ "unutdurmağa" çalışırlar, digər tərəfdən isə Milli Şuranın yenidən əvvəlki formata qayıtdığını ətrafa təlqin edəcəklərini düşünürlər. İndi hər şey Rüstəm İbrahimbəyovun bu təkliflərə reaksiyasından asılı olacaq".
Seymur Quliyev
Digər Xəbərlər
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05
2024-11-22 16:24:00
2024-11-22 15:55:41
2024-11-22 15:54:59
2024-11-22 15:46:00