Mikayıl Cabbarovdan narazılıq başladı
10:43 09-01-2014
CƏMİYYƏT
Mikayıl Cabbarovdan narazılıq başladı
Təhsil nazirinin yeni əmri jurnalistlərlə münasibətləri pozacaq
Təhsil Nazirliyi vahid informasiya siyasətinin təmin olunması istiqamətində yeni qaydalara keçir. Təhsil naziri Mikayıl Cabbarov “Təhsil Nazirliyinin vahid informasiya siyasətinin təmin olunması barədə” yeni əmr imzalayıb.
Bir çox media ekspertləri və jurnalistlər isə yeni əmrdən narazıdırlar. “Media açarı” həmtəsisçisi, Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev hafta.az-a verdiyi açıqlamada yeni yaranan bu sistemin effektsiz olacağını bildirib: “Təhsil Nazirliyində mətbuat xidmətini mərkəzləşdirmək istəyirlər. Əlbəttə ki, bu yanlış fikirdir. Təhsil Nazirliyi belə hesab edir ki, bununla nazirlik haqqında mediadakı informasiyanı daha uğurla idarə edə bilər. Amma bu, operativliyə ziyan vuracaq. Bundan başqa, hər hansı bir mətbuat xidməti müxtəlif sahələr üzrə mütəxəssis ola bilməz. Hər bir sualı mətbuat xidməti qəbul edəcək, sonra mövzuya uyğun mütəxəssisləri axtaracaq, ondan cavabı alacaq və ötürəcək. Əminəm ki, həmin o ötürmə mərhələsində mətbuat xidmətinin özü də müəyyən səhvlərə yol verəcək, çünki bütün sahələrdə bunu operativ yerinə yetirmək mümkün deyil”.
Arif Əliyevin sözlərinə görə, bu formada olan əmrlər daha əvvəl də verilib, amma onu reallaşdırmaq o qədər də asan deyil: “Mətbuat xidmətinin funksiyaları başqadır. Bu əmr də məhz Təhsil Nazirliyinin mətbuat xidmətinin funksiyasını düzgün qiymətləndirməməsindən irəli gəlir. Bu cür əmrlər vermək cəhdləri müxtəlif nazirliklərdə çox olub, amma bu, mümkün deyil. Gec-tez nazirlik özü də başa düşəcək ki, informasiyanın bu formada idarəsi mümkün deyil. Əmr nazirliyin özünə ziyan verəcək və jurnalistlə münasibətlərinə xələl gətirəcək”.
Media eksperti deyir ki, “Təhsil Nazirliyinin vahid informasiya siyasətinin təmin olunması barədə” verilmiş əmr “İnformasiya əldə etmək haqqında” olan qanuna zidd olmasa da, qanunda yer alan mətbuat xidmətlərinin işinə dair əsas maddələr yerli jurnalistikada həmişə pozulur: “Azərbaycanda bu qanuna riayət edilməyən əsas müddəalardan biri də informasiya registorlarının yaradılmamasıdır. Bu, heç mətbuat xidmətlərinin də səlahiyyətlərində deyil. Bunun üçün nazirliklərdə xüsusi bölmələr yaradılmalı və onlar informasiyanın idarəolunmasını təşkil etməlidirlər”.
Məlumat üçün deyək ki, verilmiş əmr təhsil naziri tərəfindən belə şərh edilir: “Təhsil Nazirliyinin KİV-lə əməkdaşlığının mərkəzləşdirilmiş qaydada və müəyyənləşdirilmiş istiqamətlərdə qurulması ilə yanaşı, ictimaiyyətə dolğun və məzmunlu məlumatlar çatdırılmalı, ictimaiyyətlə əlaqələr “KİV haqqında”, “İnformasiya əldə etmək haqqında” qanunlara uyğun həyata keçirilməli, fəaliyyətin təşkilində təkrarçılıq və paralellik aradan qaldırılmalıdır”.
Nazirin yeni əmrindəki ziddiyyətli məqam isə əmrin məhz birinci bəndində qeyd olunub: “Təhsil Nazirliyinin bütün struktur bölmələri və tabeliyindəki qurumlar tərəfindən kütləvi informasiya vasitələri ilə əlaqələr və ictimaiyyətə məlumatların verilməsi yalnız nazirliyin informasiya şöbəsinin QHT və KİV-lə iş sektoru vasitəsi və ya razılığı ilə həyata keçirilsin”.
Mikayıl Cabbarovun əmrinə əsasən, daxili informasiya mübadiləsinin yaradılması məqsədi ilə hər həftənin cümə günü təşkil olunan iclasda nazirliyin hər bir struktur bölməsi üzrə müəyyənləşdirilmiş şəxslərin iştirakı təmin olunmalıdır.
Əmrin icrası üçün Təhsil Nazirliyinin tabeliyindəki bütün universitetlərin rektorlarına məktub göndərilib.
Nərminə Vəliyeva
Digər Xəbərlər
2024-11-25 13:03:15
2024-11-25 12:58:27
2024-11-25 12:23:11
2024-11-25 12:20:49
2024-11-25 12:19:00
2024-11-25 11:51:38
2024-11-25 11:50:15
2024-11-25 11:11:00
2024-11-25 11:03:32
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34