Milli Şuranı dirçəltmək mümkündürmü?
12:35 10-01-2014
CƏMİYYƏT
Milli Şuranı dirçəltmək mümkündürmü?
VHP Ali Məclisinin sədri, Milli Şuranın üzvü Rafiq Manaflı deyib ki, Müsavat Partiyasının Milli Şuranı tərk etməsi Azərbaycan müxalifətinə zərbə olub: "Müsavat Partiyası Milli Şuradan çıxdı. İndi yeni situasiya yaranıb. Hər halda, vəziyyətdən çıxmaq mümkündür.
Başqa istefalar olmayacaqsa, Cəmil Həsənli birləşdirici faktor kimi çıxış edə biləcəksə, Milli Şuranı yenidən dirçəltmək olar. Milli Şuranın dağıldığını iddia edənlər əvvəlcədən quruma qarşı olanlardır. Həmin qüvvələr həm də Müsavat daxilində partiyanın Milli Şuradan getməsini təmin ediblər".
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalının "Unikal"a söylədiyinə görə, "Faktiki olaraq, Milli Şuradakı siyasi qurumlar bəyanat partiyalarına, Bakıda yerləşən ofis partiyalarına çevrilmişdilər. Onların sosial bazaları tam tükənibdir. Azərbaycan xalqı göz önünə 1990-cı illərin əvvəllərini gətirir və həmin zaman baş verən hadisələrin məsuliyyət daşıyıcısı kimi İsa Qəmbəri, Azərbaycan Xalq Cəbhəsi hərəkatını bütövlükdə mənimsəyən Əli Kərimlini və digərlərini görür. Dərhal insanların təsəvvüründə yenidən xaos, vətəndaş müharibəsi, hər yerdə qarmaqarışıqlıq, böhran, insanların ümidsizliyi və sair canlanır. Başqa bir tərəfdə isə ulu öndərimiz Heydər Əliyevdən sonra Azərbaycanda baş vermiş hadisələr, o cümlədən müsbət tendensiyalar, Azərbaycan dövlətinin qurulması, güclənməsi, hərtərəfli islahatlar və bunların vermiş olduğu konkret nəticələr dayanır. Belə hadisələri müşahidə edən və müqayisələr aparan bəzi insanlar da radikal müxalifətin deyil, ölkəmizi inkişaf etdirən liderin yanında olmağa üstünlük verirlər. Təbii ki, bu da müxalifətin təxris olunmasında və zəifləməsində çox ciddi bir faktor kimi çıxış edir".
Millət vəkilinin sözlərinə görə, "Prezident İlham Əliyevin liderlik qabiliyyəti, xarizmatik keyfiyyətləri, real dəyərlərə söykənmiş olan islahatlara sədaqəti, dünya miqyasında Azərbaycanın nüfuzunun və qüdrətinin güclənməsi, Azərbaycan ordusunun ən müasir orduya çevrilməsi, eləcə də digər buna bənzər faktlar Azərbaycan xalqının diqqətini özünə cəlb edir. Bu da müxalifətin çox acınacaqlı vəziyyətə düşməsində, onun sosial bazasının tükənməsində mühüm rol oynayır".
Millət vəkili deyir ki, "Mən müxtəlif rayonlarda çoxsaylı insanlarla görüşürəm. Onlar deyirlər ki, insanlara sakitlik lazımdır. Bu gün artıq sülh problemi, qaz, su, işıqla bağlı çətinliklər həll olunub, yollar çəkilir, rayonlarda, regionlarda yeni-yeni müəssisələr tikilir. Hərtərəfli inkişaf göz qabağındadır. Hətta ucqar rayonların mərkəzləri belə Bakı səviyyəsinə yaxınlaşdırılır. Azərbaycanın regionları sözün həqiqi mənasında çox böyük sürətlə inkişaf edir. Bunlar faktdır. Belə olan halda hansı partiyanın üzvü olmasına baxmayaraq, sadə vətəndaşlar inkişafı kənara qoyub, onları xaosa sürükləyən, yenidən ölkədəki vəziyyəti 1990-cı illərin əvvəllərinə aparıb çıxaran, yalan vədlər verən insanların dalınca getməzlər. Bu, çox mühüm rol oynayır. Radikal müxalifətin, bütövlükdə müxalifətin sosial bazasının olmamasında, tükənməsində ölkədəki inkişaf, tərəqqi, yüksəliş və İlham Əliyev faktoru çox mühüm rol oynayır. Buna görə də Milli Şura deyilən qurumun dirçəldilməsi barədə xülyalar sadəcə, mifdir. Olmayan bir qurumun nəyi dirçələcək?".
Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə məsələyə münasibətini yumoristik tonda ifadə etməklə başladı: "Ölünün qıdığı gələrmi? Və yaxud o qalxıb yeriyə bilərmi? Axı mən vaxtında sizin qəzetə və digər KİV-ə verdiyim açıqlamalarımda da bildirmişdim ki, Milli Şura yarandığı gündən ölü doğulub. İndi mən neyləməliyəm ki, verdiyim proqnozlar kifayət qədər konkret şəkildə gerçəkliyə çevrilib?"
Partiya sədrinin sözlərinə görə, "Milli Şuraya toplaşmış insanlar və siyasi qurumlar sözün hər mənasında bir-birinə yad və ögey insanlar, qurumlar idilər. Buna görə də həmin qurumda indiki vəziyyətin yaranması qaçılmaz idi. Nə baş verə bilərdisə, o da baş verdi".
Natiq Oruclu
Digər Xəbərlər
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05
2024-11-22 16:24:00
2024-11-22 15:55:41
2024-11-22 15:54:59
2024-11-22 15:46:00