Azərbaycanda bitmək bilməyən dəm qazı faciələri
09:53 11-01-2014
CƏMİYYƏT
Azərbaycanda bitmək bilməyən dəm qazı faciələri
Görəsən, gənc ananın gerçək qatili kimdir?
Zümrüd Hüseynovanın 27 yaşı var idi. Yaxınları deyir ki, nənəsinin himayəsində böyüyən Zümrüdün bəxti əvvəldən gətirməyib. Hələ o, uşaq olarkən valideynləri avtomobil qəzasında ölüb. Çətinliklərlə dolu uşaqlıq keçirən Zümrüd heç vaxt gələcək xoşbəxt günlərinə inamını itirməyib. Valideynlərinin yoxluğu onu yarım qoysa da, bu yarımçıqlığı heç kimə hiss etdirmir, heç vaxt ətrafdakılara qarşı aqressiv olmur. Mülayim xasiyyəti ilə qısa zamanda hər kəsin sevgisini qazana bilir.
Tibb texnikumunu bitirməsi, işə başlaması sanki hər zaman gözlədiyi xoşbəxt günlərin başlanğıcı olur. Onu çox sevən bir oğlanla tanış olur. Oğlanın ailəsi etiraz etsə də, o, sözündən dönmür, Zümrüdlə ailə qurur. Ailə əvvəl gəlini qəbul etməsə də, sonradan sevir. Zümrüd artıq çətin günlərin geridə qaldığını düşünür. Qızının dünyaya gəlişi isə bu xoşbəxtliyi daha da artırır. 2014-cü il yanvarın 7-nə qədər hər şey bu cür davam edir.
O gecə ailənin bütün üzvləri heç adətləri olmasa da, tez yatırlar. Zümrüd isə hamama girir. Yoldaşına isə gedib yatmasını söyləyir. Yalnız gecə saat 05:00-da qaynatası hamamda hələ də işığın yanmasından şübhələndikdən sonra hər şey məlum olur. Zümrüd dəm qazından zəhərlənib. Çağırılan təcili yardım həkimləri onun artıq dünyasını dəyişdiyini bildirir.
İndi ailədə heç kim Zümrüdün ölümünə inanmır. Yoldaşı şokdadır, qaynatasının ayaqları tutulub, balaca qızı isə nə olduğunu bilmədən anasını axtarır.
Evdə hər kəsin dilində isə “kaşki”lər var - Kaş yatmasa idim, bir az gözləsəydim. Amma bu ifadələr Zümrüdü geri qaytarmır. Hadisə ilə bağlı cinayət işi də açılıb. Ailə üzvləri Zümrüdün ölümünə qaz xətlərindəki nasazlığın səbəb olduğunu deyir. Dəfələrlə “Azəriqaz” a müraciət etsələr də, dəyişdirilməməsindən şikayətlənirlər.
Əlbəttə, əsas səbəb araşdırmadan sonra bilinəcək.
Hər gün dəm qazından zəhərlənmə ilə bağlı xəbərlər eşidirik. Bu xəbərlərin sayı o qədər çoxdur ki, artıq dəm qazından zəhərlənmək sanki adiləşib. Amma bu dəfə məsələyə fərqli aspketdən yaxınlaşacağıq.
Əslində girişdə Zümrüd barədə yazmağımızın da səbəbi var.
Ötən ilin oktyabr ayında dəm qazından boğulma ilə bağlı təcili yardıma 65 müraciət olub, onların 50-si xəstəxanaya yerləşdirilib. Noyabrda 127 müraciət olub ki, onların da 93-ü xəstəxanaya yerləşdirilib. Dekabr ayında isə müraciətlər 300-dən çox olub. Ötən ay 14 nəfər dəm qazından zəhərlənərək ölüb.
Bayram günlərində dəm qazından zəhərlənmə ilə əlaqədar 88 nəfər təcili tibbi yardıma müraciət edib. Onlardan 58-nin vəziyyəti nisbətən ağır olduğundan xəstəxanalara yerləşdirilib, iki nəfər isə dünyasını dəyişib.
Zəhərlənmələr daha çox Binəqədi, Yasamal rayonu Alatava massivi, Sabunçu və Suraxanıda baş verir. Hadisələr daha çox həyət evlərində müşahidə edilir.
Bu rəqəmləri sadəcə sadalayırıq. Əslində isə hər ölümün arxasında bir həyat hekayəsi var. Girişdə yazdığımız Zümrüd kimi.
Ağlamaq, heyfslənmək əvəzinə bu vaxtsız ölümlərin səbəbini tapıb, problemi həll etməliyik. Hər il qış mövsümü başalayanda qazdan zəhərlənmələrin də sayı artır. Rəsmilər araşdırma apardıqlarını, insanları maarifləndirdiklərini desələr də, rəqəmlər azalmır, əksinə daha da artır.
Zəhərlənmələrə səbəb kimi, qazın tərkibi, tüstü bacaların təmizlənməməsi, keyfiyyətsiz sobalar, qazdan qeyri-qanuni istifadə göstərilir. Bəs bu səbəblərin hansı daha realdır? Bu səbəblər varsa, rəsmilər hara baxır? Problemi kim həll etməlidir?
"Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev təmsil etdiyi qurumun tüstü baca təmizləmək kimi bir vəzifəsinin olmadığını dedi: “Hər bir abonent istifadə etdiyi qaz sobalarının fəaliyyətinə nəzarət etməlidir. Biz yalnız qaz xətləri, sobaların vəziyyəti ilə bağlı monitorinq aparırıq. Ötən ilin noyabr ayında təbii qazdan təhlükəsiz istifadə ilə bağlı yoxlama keçirmişdik. Maarifləndirmə ilə yanaşı, bir çox mənzillərdə qazdan qeyri-qanuni istifadə ilə bağlı aktlar tərtib edilib. Noyabr ayı ərzində 8654 qeyri-standart cihaz istismardan çıxarılıb, 2950 mənzildə rezin birləşmə ləğv edilib”.
Qazın tərkibinə gəldikdə isə, A.Ağayev “Azəriqaz”ın bu barədə yoxlama aparmaq səlahiyyətinin olmadığını bildirsə də, qazın standartlara uyğun olduğunu dedi: “Ölkə əhalisinə 55-42-87 standartına uyğun qaz verilir. Digər ölkələrə də eyni qaz satılır, amma oxşar problem yaşanmır, o ölkələrdən keyfiyyətlə bağlı müraciət edilməyib. Bu da qazın keyfiyyətində hər hansı problemin olmadığını göstərir. Bundan başqa, hər gün qazın fiziki, kimyəvi göstəriciləri analiz edilir”.
Azad istehlakçılar Birliyinin eksperti Nüsrət Qasımov baş verən hər bir hadisə araşdırıldıqdan sonra konkret səbəb barədə danışmağın mümkün olduğunu dedi. O həmçinin hansı halda qazın ölümə səbəb ola biləcəyindən də danışdı: “Tüstü bacaların təmizlənməsinə 30 ildir heç kim nəzarət etmir. Düz axımlı qızdırıcılarda (pitiminutka) tüstü bacalar rübdə bir dəfə, digər qızdırıcı cihazlar isə ildə bir dəfə, qış mövsümü başlayanda yoxlanmalıdır. Bunu yoxlamaq üçün xüsusi qurum yaradılmalıdır. Əvvəllər “Könüllü yanğından mühafizə cəmiyyəti” vardı, amma indi belə bir qurum ya yoxdur, ya da fəaliyyəti görünmür. Vətəndaşların özləri heç vaxt təmizləyə bilməz, bunun üçün xüsusi avadanlıqlar lazımdır.
Qazın tərkibi müxtəlif yerlərdə gündə bir neçə dəfə nümunələr götürülərək standartlara uyğun olub-olmaması yoxlanmalıdır. Amma onun yoxlanıb, yoxlanmaması barədə heç bir məlumat verilmir. Müstəqil laboratoriyalar olmadığına görə, istehlakçılar özləri də yoxlada bilmirlər.
Təzyiq aşağı olanda gündüz ev isinmədiyinə görə, cihazları gecə söndürmürlər. Bu zaman da külək tüstü bacasından içəri qaz doldura bilər ki, bu da boğulmaya səbəb olar”.
N.Qasımov bildirdi ki, qaz xətlərinin qeyri-peşəkar ustalar tərəfindən çəkilməsi, rezin borulardan istifadə edilməsi, pasportunda Azərbaycan dilində yazı olmayan cihazlardan istifadə də zəhərlənməyə səbəb olur: “İrandan gələn peçlərin işçi təzyiqi 178 mm-dir, digər ölkələrdən gələnlər 250-350 mm-ə qədər çatır. “Azəriqaz”ın verdiyi qazın optimal təzyiqi evlərə girişində 130 mm-dir. Xaricdən gətirilən cihazlar “Azəriqaz”ın iştirakı ilə satışa verilməli və quraşdırılmalıdır”.
Ekspertin sözlərinə görə, tüstü bacası olmayan peçlərin istifadəsinə “Azəriqaz” nəzarət etməlidir. Bundan başqa “Azəriqaz” tüstü bacasının təmiz olması ilə bağlı arayış gətirməyən abonentlərə qaz verməyə bilər. Hazırkı durumda bu, təxminən 1.5 milyon abonentin qazsız qalması deməkdir. Məhz bu səbəbdən də bu tələb gözardı edilir.
“Azəriqaz”dan da bildirdilər ki, abonentlərdən belə bir sənəd tələb edilmir.
Bir sözlə, ölümlərə özümüz qədər, rəsmilər də cavabdehdir. Amma reallıq göstərir ki, həyatımızı rəsmilərin ümidinə buraxmaq yersizdir. Belə davam etsə, dəm qazı can almaqda, uşaqları valideynsiz qoymaqda davam edəcək.
Sizi bilmirəm, amma mən hər dəfə qazdan zəhərlənmə ilə bağlı xəbər eşidəndə Zümrüdün hekayəsini xatırlayacam. Onun anasının ölümündən xəbərsiz qızını da
Gülxar Şərif
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33