İstanbulun keçmiş baş prokuroru Ərdoğanı ittiham etdi
10:03 11-01-2014
CƏMİYYƏT
İstanbulun keçmiş baş prokuroru Ərdoğanı ittiham etdi
Zekeriyyə Özün jurnalistlərə verdiyi açıqlama Türkiyənin gündəmini yenidən çalxalayıb: "Baş nazir məni hədələdi"
17 dekabrda Türkiyədə həyata keçirilən və şərti adı "Böyük rüşvət işi" olan korrupsiya və rüşvət əməliyyatının əsas simalarından olan və buna görə də iki gün əvvəl vəzifəsindən uzaqlaşdırılan baş prokuror Zekeriyyə Özün jurnalistlərə verdiyi açıqlama qardaş ölkə gündəmini yenidən çalxalayıb.
Keçmiş prokuror açıqlamasında deyib: "Baş nazir Rəcəb Tayyib Ərdoğan iki nəfəri onun yanına göndərərək "Hökümətə qarşı olan əməliyyatı dərhal saxlamağı tələb edib. Əks təqdirdə zərər görəcəyi və bunun cəzasının ağır olacağı ilə hədələyib".
Müxalifət lideri Kamal Kılıçdaroğlu da Ərdoğana qarşı bu ittihamın doğru olduğunu deyib: "Baş nazir bizi qane edən bir açıqlama etmədiyi müddətdə Özün açıqlamalarına etibar edəcəyik. Çünki göndərdiyi şəxslərdən biri Türkiyədə ombudsman kimi qəbul edilən biridir və o bu məsələdə jurnalistlərin suallarına israrla cavab vermir. Bu həqiqəti də hər kəsin bilməsi gərəkdir".
Xaricdə səfərdə olan baş nazir Ərdoğan isə söylənilənlərin yalan olduğunu deməklə kifayətlənib. Baş nazir tərəfindən daha geniş açıqlamanın Türkiyəyə dönəcəyində ediləcəyi gözlənilir.
Zəkəriyyə Özün Türkiyədə 2012-ci ilə qədər generallara qarşı həyata keçirilən Ergenekon və Balyoz məhkəmə işlərini aparan şəxs kimi yadda qalıb. 17 dekabr əməliyyatlarından sonra isə o da dövlətə xəyanət etməkdə günahlandırılır.
Hakan Şükür ABŞ-a niyə gedib?
Türkiyənin tanınmış keçmiş futbolçusu, hakim Ədalət və İnkişaf Partiyasından istefa verən Hakan Şükür Türkiyə Hava Yollarına Aid təyyarə ilə Nyu-Yorka gedib.
"Habertürk"-ün "JEK" hava limanında jurnalistlərin "Fətullah Güləni ziyarət edəcəkmi" sualını Hakan Şükür belə cavablandırıb: "Fürsət olsa gedəcəyəm".
O, ABŞ-a səfərini qızı üçün bir dil məktəbi axtarmaq olduğunu söyləyib: "Dil bilmək, ingiliscə bilmək çox önəmlidir. Ona görə məktəbə baxmağa gəldim. Mən italiyanca bilirəm. Ancaq ingiliscə zəif olduğumu hiss edirəm. Uşaqlarımın bu dili öyrənməsini istəyirəm".
O, gələn həftənin ya birinci , ya da ikinci günü Türkiyəyə qayıdacağını bildirib.
Qeyd edək ki, H.Şükür Fətullah Gülən icmasının üzvlərindən biri kimi təqdim olunur. Onun AKP-dən istefa verməsinə də AKP-Fətullah Gülən davasının səbəb olduğu bildirilir.
ABŞ nəşrindən
Ərdoğana sensasion tövsiyələr
ABŞ-ın dünyaca məşhur "Ekonomist (The Economist)" jurnalı son sayındakı bir yazısında Türkiyədə dekabr ayının 17-də başlayan "vəzifədən sui-istifadə və rüşvət əməliyyatları"nın "Türkiyədə işlərin nəzarətdən çıxmağa başladığı" qənaətini yaratdığını bildirib. "Türkiyənin iqtisadiyyatı: Maska düşdü" başlıqlı yazıda Türkiyə iqtisadiyyatının son illərdə sənaye sərmayəsi ilə deyil, borca söykənən istehlak və əmlak sərmayələri ilə böyüdüyü qeyd olunub.
"Sui-istifadə və rüşvət əməliyyatları" ətrafında baş verən hadisələrin yerli və xarici sərmayəçiləri qorxutduğunu yazan jurnal məhkəmə müstəqilliyi və hüququn tətbiq olunması ilə bağlı da narahatlıqların olduğunu bildirir. İnflyasiyanın 7 faizdən yüksək olduğunu qeyd edən " Ekonomist" həm xarici sərmayənin, həm də ixracatın azaldığının vurğulayır.
Jurnal Türkiyə Mərkəz Bankının (Mərkəzi Bankının) bir hesaba görə 11 faizdən yüksək olması lazım olan faiz nisbətini 8 faiz səviyyəsində saxladığını qeyd edir. Mütəxəssislərin baş nazir Rəcəb Təyyib Ərdoğanın israrı səbəbi ilə 30 Mart 2014-cü il tarixində keçiriləcək bələdiyyə seçkilərdən əvvəl faiz nisbətinin artımını gözləmədiyini vurğulayan " Ekonomist" bazarın etibarının təmin edilməyəcəyi halda xarici valyutanı alaraq türk lirəsinin dəyərini sabit saxlamağa çalışan Mərkəzi Bankının "nəfəsinin tükənə biləcəyi" xəbərdarlığı edir.
Jurnala görə, sənayeyə sərmayə qoyulmayan bu dövrdə ABŞ-ın qlobal böhrandan çıxış üçün tətbiq etdiyi canlandırma proqramı sayəsində Türkiyəyə daxil olan pul da infrastruktur və əmlak sektorlarına axıb. "Ekonomist" iqtisadiyyatı yenidən relsə oturdulması üçün Ərdoğanın keçmiş müttəfiqi Fəthullah Gülən camaatı ilə barışmasını, faiz nisbətinin artımına icazə verməsini və məhkəmənin işinə maneə olmamasını tövsiyə edir.
"Ekonomist" hesab edir ki, hazırkı gedişatda İstanbul kanalı və üçüncü hava lımanı kimi on milyardlarla dollar tələb edən layihələr də risklə qarşılaşa bilər.
Güldən Gülənə üstüörtülü mesajlar
AKP ilə Fətullah Gülən camaatı arasında gərginlik dövlətin əhəmiyyətli strukturlarında kadr yerdəyişmələrinə səbəb olduğu bir vaxtda adətən səssiz qalmağa çalışan prezident Abdulla Gülün mövqeyi də əhəmiyyət qazanmağa başlayıb.
Türkiyənin "Milliyet" qəzeti "Böyük rüşvət işi" başlayandan bu yana A.Gülün həm açıqlamaları, həm də proqramları ilə dolayı şəkildə mesajlar verdiyini yazıb. "A.Gül "Balyoz" və "Ergenekon" ittihamnamələrinin istintaqı çərçivəsində azadlıqdan məhrum edilənlərin yenidən mühakimə olunması iddiaların ortaya çıxdığı bir vaxtda Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə baş çəkdi. Burada ordu rəhbərliyini tərifləyən Gül ordu rəhbərliyinə inamını və dəstəyini örtülü şəkildə ifadə etmiş oldu. Prezident bu gün isə Çankaya Köşkündə Ənsar Vəqfinin Ankara şöbəsinin rəhbərliyini qəbul edəcək"- qəzet yazıb.
"Milliyet" xatırladır ki, iqtidar ilə Gülən camaatı arasında gərginliyin əhəmiyyətli səbəblərindən olan hazırlıq kurslarının bağlanması mübahisələri gündəmə gələn zaman Ənsar Vəqfi iqtidarın yanında yer almışdı. Ümumilikdə isə Gülən camaatına qarşı iqtidarın yanında olan dini camaat, vəqf və dərnəklərin sayı 97 idi. Ənsar Vəqfi yaydığı açıqlamasında "Milləti üçün uğurla haqq mübarizəsi verənlərə qarşı haqsızlıq edilməməli, şəxsi mənfəətlər demokratiya mübarizəsinin qarşısına keçməməlidir" sozləri qeyd olunmuşdu.
"Milliyet"ə görə, A.Gül tərəfindən Ənsar Vəqfinin Ankara şöbəsinin rəhbərliyinin qəbulu əslində F.Gülənə verilmiş üstüörtülü bir mesajdır.
Murad İbrahimli
Digər Xəbərlər
2024-12-26 20:54:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55
2024-12-26 13:41:15
2024-12-26 13:40:12