Azərbaycanın xarici işlər naziri İtaliyanın aparıcı kütləvi informasiya vasitələrinə müsahibələr verib
12:20 14-01-2014
CƏMİYYƏT
Azərbaycanın xarici işlər naziri İtaliyanın aparıcı kütləvi informasiya vasitələrinə müsahibələr verib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın aparıcı kütləvi informasiya vasitələri olan “Globalist”, “TM News”, “La stampa”, “Internazionale”, “AGİ”, “Unita” və “Newsit24”-ə müsahibələr verib.
XİN mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın xarici siyasət fəaliyyətindən danışan nazir xarici siyasət və diplomatik fəaliyyətin daha çox uzunmüddətli hədəflərə doğru istiqamətləndiyini, xarici siyasətin daxili siyasətin məntiqi davamı olduğunu və bu fəaliyyət sahələrinin bir-birini qarşılıqlı şəkildə tamamladıqlarını qeyd edərək, xarici siyasət sahəsindəki nailiyyətlərin dövlətin ümumi inkişafı kontekstində nəzərdən keçirilməli olduğunu vurğulayıb.
Ölkəmizin BMT Təhlükəsizlik Şurasına seçilməsi, “Eurovision” musiqi müsabiqəsi, Mədəniyyətlərarası dialoq forumu və Bakı Beynəlxalq humanitar forumu kimi mötəbər tədbirlərə və 2015-ci ildə Avropa oyunlarına ev sahibliyi etməsinin Azərbaycanın dünya miqyasında nüfuzunun daha da artmasına xidmət etdiyini deyən E.Məmmədyarov Azərbaycanın dünyada sivilizasiyalar və mədəniyyətlərarası dialoqun gücləndirilməsi istiqamətində bir sıra əhəmiyyətli təşəbbüslərin də müəllifi olduğunu bildirib.
TANAP və TAP layihələrinin əhəmiyyəti barəsində sualı cavablandıran nazir “Şahdəniz-II” layihəsi üzrə yekun investisiya qərarının imzalanması üzrə 17 dekabr 2013-cü il tarixində Bakıda keçirilmiş mərasimdə prezident İlham Əliyevin vurğuladığı kimi, bu layihənin regionun və Avropanın enerji xəritəsini dəyişəcəyini bildirib. O, iştirakçı dövlətlər, eləcə də Avropa Birliyi və digər tərəfdaş dövlətlərdən olan yüksək səviyyəli nümayəndələrin “Şahdəniz-II” yekun investisiya qərarının imzalanması mərasiminə qatılmasının layihənin həyata keçirilməsi üçün nümayiş etdirilən əzm və niyyətin təzahürü olduğunu qeyd edib.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi ilə əlaqədar suala münasibətdə nazir Azərbaycanın münaqişənin həlli ilə əlaqədar mövqeyinin aydın olduğunu və bunun beynəlxalq hüququn fundamental prinsipləri, BMT TŞ-nın dörd qətnaməsi, Helsinki yekun aktının rəhbər prinsipləri və digər beynəlxalq təşkilatların qətnamə və sənədlərinə əsaslandığını qeyd edib: “Davamlı həllə nail olmağın və qonşu dövlətlər arasında sivil münasibətlərin yaradılmasının yeganə yolu Azərbaycanın ərazilərinin işğaldan azad olunması, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi, öz doğma yurd-yuvalarına qayıtmaları üçün bir milyondan artıq qaçqın və məcburi köçkünün ayrılmaz hüquqlarının təmin edilməsidir. Əminliklə deyə bilərik ki, regionda sülh, təhlükəsizlik və davamlı inkişafa ən böyük hədə Azərbaycanın 20 faiz işğal olunmuş ərazilərində Ermənistanın hərbi qüvvələrinin mövcudluğudur. Qəti şəkildə inanırıq ki, Ermənistanın işğalının nəticələrinin aradan qaldırılması ilə etimad quruculuğu tədbirlərinin başlanması münaqişənin sülh yolu ilə həlli üçün ən münasib variantdır. Ermənistan rəhbərliyi başa düşməlidir ki, konstruktiv yanaşmanın nümayiş etdirilməsi və qonşu dövlətə münasibətdə ilhaqçı siyasətdən imtina edilməsi regiondakı təhlükəsizlik qavrayışlarını dəyişəcək və sülh danışıqları prosesinə müsbət mənada təsir edəcək”.
Sivilizasiyalar və mədəniyyətlərarası dialoq prosesinə Azərbaycanın töhfələri barəsində sualı cavablandıran E.Məmmədyarov Avropa və Asiyanın kəsişməsində yerləşən coğrafi mövqeyinə görə Azərbaycanın əsrlər boyu sivilizasiyalar arasında körpü rolunu oynadığını, sülh şəraitində birgə yanaşı yaşamanın və dözümlülüyün Azərbaycan xalqının ənənəvi həyat tərzi olduğunu diqqətə çatdırıb. Buna görə də heç də təsadüfi olmayaraq, Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqun inkişaf etdirilməsində mühüm rol oynadığını və bu ali məqsədlərin həyata keçirilməsi üçün çoxsaylı mötəbər tədbirlərin keçirildiyi məkana çevrildiyini qeyd edib.
Nazir Elmar Məmmədyarov sivilizasiyalararası dialoqun təşviqi məqsədilə ölkəmizin ev sahibliyi və təşkil etdiyi Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumu, Beynəlxalq Humanitar Forumu, həmçinin UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə hökumətlərarası komitəsinin 8-ci sessiyası sözügedən missiyanın bariz nümunələri olduğunu deyib.
Azərbaycan-İtaliya münasibətləri və Azərbaycanın Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramında iştirakı barəsində sualları cavablandıran nazir Elmar Məmmədyarov Azərbaycanla İtaliya arasında uzun bir tarixi dövr ərzində formalaşmış dostluq əlaqələrinin olduğunu qeyd edərək, bu sırada qədim Roma imperiyası ilə təmaslar, italyan səyyahlarının Azərbaycana səfərləri, orta əsr italyan dövlətləri ilə Azərbaycan dövlətlərinin diplomatik və ticarət əlaqələri, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının İtaliya ilə diplomatik əlaqələri və İtaliyanın həmin dövrdə Azərbaycanda Baş konsulluğunun fəaliyyət göstərməsi kimi mühüm tarixi məqamları diqqətə çatdırıb.
Nazir Elmar Məmmədyarov İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olaraq, ölkələrimiz arasında ticarət dövriyyəsinin 5 mlrd. avro həcmində olduğunu və Azərbaycanın İtaliyanın ən böyük neft təchizatçılarından olduğunu qeyd edərək, qarşıdan gələn illərdə Azərbaycanın İtaliyanın əsas qaz təminatçılarından biri olacağını deyib.
Bu gün İtaliya şirkətlərinin Azərbaycanda tikinti, mebel, maşınqayırma, qida sənayesi, kənd-təsərrüfatı, turizm, keramika sahələrində uğurla fəaliyyət göstərdiklərini deyən nazir əməkdaşlığın daha da inkişafı üçün böyük potensialın olduğunu bildirib. O, keçən ilin noyabrında 130 italiyalı iş adamının iştirakı ilə baş tutmuş Azərbaycan-İtaliya biznes forumu və dekabrda keçirilmiş hökumətlərarası birgə komissiyanın iclasına toxunaraq, hər iki tədbirin tərəfdaşlığı daha da gücləndirmək üçün İtaliya və Azərbaycan sahibkarlarının qarşılıqlı əzmini və Azərbaycan hökuməti tərəfindən təqdim olunan böyük biznes və investisiya layihələrinə İtaliya şirkətlərinin ciddi marağını ortaya çıxardığını qeyd edib.
Sürətli iqtisadi inkişaf göstəricilərinə malik olan Azərbaycanın xarici investisiya layihələrinin ciddi iştirakçısına çevrildiyini deyən E.Məmmədyarov 2003-2011-ci illər ərzində Azərbaycanın xarici ölkələrə 6 milyard ABŞ dollarından artıq sərmayə qoyduğunu və investisiya ixracatçısına çevrildiyini qeyd edərək, qarşıdan gələn illərdə ölkələrimiz arasında qarşılıqlı sərmayələrin də həcminin artacağına da ümidvarlığını ifadə edib.
Azərbaycan və İtaliya xalqlarının mədəniyyət, incəsənət, musiqi və ədəbiyyata olan sevgi və rəğbətinə görə mədəni və humanitar sahələrin əlaqələrimizin daha bir başlıca istiqaməti olduğunu deyən nazir əminliyini ifadə edib ki, qarşılıqlı anlaşma, faydalı əməkdaşlıq və dostluq əsasında Azərbaycan-İtaliya əlaqələri daha da inkişaf edəcək.
Avropa İttifaqı ilə əlaqələr məsələsinə gəlincə, Elmar Məmmədyarov əlavə edib ki, Avro-Atlantik strukturlara inteqrasiya Azərbaycan tərəfindən ardıcıl surətdə yürüdülən strateji xətdir və bu xüsusda Aİ ilə siyasi, iqtisadi və humanitar sahələrdə tərəfdaşlığın qurulması Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir: “Biz bir çox məsələlər üzrə Aİ-nin dəyərlərini və baxışlarını bölüşürük və əməkdaşlığımızı daha da gücləndirmək üçün əzmliyik. Bu xüsusda İtaliyanın Azərbaycanın Aİ ilə əlaqələrinin inkişafına verdiyi dəstək yüksək qiymətləndirilir”.
Nazir bütün sahələrdə Azərbaycanda modernləşmənin həyata keçirildiyini qeyd edərək, ölkəmizin əsas tərəfdaşlarından biri kimi, Aİ-nin bu prosesdə iştirakının vacib olduğunu vurğulayıb və əlavə edib ki, Azərbaycan qanunvericiliyinin Avropa standartlarına yaxınlaşdırılması, demokratiya və qanunun aliliyinin gücləndirilməsi, ticarət və iqtisadi əlaqələrin inkişafı və ümum Avropa təhsil sisteminə inteqrasiya ölkəmizin prioritetləri sırasındadır.
Azərbaycanın Aİ-nin “Yeni Qonşuluq Siyasəti” və “Şərq Tərəfdaşlığı” proqramlarında fəal şəkildə iştirakı barəsində danışan E.Məmmədyarov ölkəmizin “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq etdiyini söyləyib.
“Şərq Tərəfdaşlığı” üzrə Vilnüs sammitində Aİ ilə Azərbaycan arasında viza sadələşdirilməsinə dair imzalanmış sazişi Aİ ilə əməkdaşlığın inkişafında mühüm addım kimi qiymətləndirən nazir bu sənədin Aİ ilə Azərbaycan arasında insanlararası təmasları və səyyarlığı artıracağını və ölkəmizin qanunvericiliyinin və inzibati mexanizmlərinin Aİ-nin bu sahədə olan təcrübəsinə yaxınlaşmasını sürətləndirəcəyini bildirib.
Azərbaycan və Aİ-nin enerji sahəsində strateji tərəfdaşlar olduqlarını deyən E.Məmmədyarov Azərbaycanın bu strateji tərəfdaşlığı digər sahələrə doğru genişləndirmək niyyətində olduğunu vurğulayıb.
Digər Xəbərlər
2024-11-28 23:48:19
2024-11-28 23:35:57
2024-11-28 22:50:25
2024-11-28 19:35:48
2024-11-28 19:18:51
2024-11-28 18:56:47
2024-11-28 18:40:42
2024-11-28 18:40:02
2024-11-28 18:29:22
2024-11-28 18:16:48
2024-11-28 17:40:00
2024-11-28 17:18:55
2024-11-28 17:16:28
2024-11-28 16:54:59
2024-11-28 16:46:00
2024-11-28 16:42:40
2024-11-28 16:34:09
2024-11-28 16:25:26
2024-11-28 16:07:58
2024-11-28 15:56:05