Güneydəki soydaşlarımızın mühacirət parlamenti yaradılacaq
11:32 15-01-2014
CƏMİYYƏT
Güneydəki soydaşlarımızın mühacirət parlamenti yaradılacaq
Güney Azərbaycandakı soydaşlarımızın milli-mədəni-siyasi hüquqları barədə zaman-zaman həm beynəlxalq təşkilatların, həm də iri dövlətlərin müzakirə predmetinə çevrilir. Lakin görünən budur ki, bu müzakirələr İranda əzilməkdə olan soydaşlarımızın maraqları baxımından deyil, sözügedən qurum və dövlətlərin mənafeləri və İrana hansısa problemə görə təzyiq etmək niyyəti ilə gündəmə çıxardılır. Buna görə də bu kimi müzakirələr uzunömürlü olmadığı kimi həm də praktik nəticəsi olmadığından dərhal da yaddan çıxır. Necə deyərlər, özümüzün hərəkətə keçməyimiz lazımdır.
Dünya Azərbaycanlıları Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlı qurumun fəaliyyətini şərh edərkən bildirib ki, “Bizim fəaliyyətin nəticəsidir ki, Güney Azərbaycanın mühacirətdə parlamentinin təşkil olunması istiqamətində hazırlıq işləri gedir”.
Belə bir parlamentin qurulması praktik olaraq güneyli soydaşlarımıza nə verə bilər?
Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev “Unikal”a verdiyi açıqlamada bildirdi ki, “Yaxın və Orta Şərqin sürətlə dəyişməkdə olan geopolitik siyasi mənzərəsi baxımından güneydəki soydaşlarımızın mühacirət parlamentinin yaradılması istiqamətində aparılan işləri təqdir etməklə yanaşı hesab edirəm ki, yaradılacaq qurumda radikal qərarların qəbul edilməsi ümumi işimizə ziyan vura bilər. Mühacirət parlamentinin indiki mərhələdə əsas fəaliyyəti İrandakı soydaşlarımızın milli-mədəni hüquqlarının təsbit edilməsi baxımından beynəlxalq qurumlar qarşısında məsələlərin qaldırılması istiqamətində olmalıdır”.
Partiya sədrinin sözlərinə görə, “Birləşmiş Ştatların Suriyaya hərbi müdaxilə niyyətinin fiaskoya uğramasından sonra bölgədə durum dəyişilməyə doğru gedir. Yəni Qərb dövlətləri İranın nüvə proqramına görə illərlə davam edən kəskin qarşıdurmanı dialoq müstəvisinə transfer etdilər. Buna görə də hazırda İran bölgədə özünü nisbətən daha rahat hiss etməyə başlayıb. Bu reallığı nəzərə almaqla Güney Azərbaycanda radikal addımlar atmaqdan çəkinməli və İran konstitusiyasının imkan verdiyi dərəcədə konkret nəticələr uğrunda iş aparılmalıdır. Hazırda Güneydə milli-mədəni və siyasi intibah prosesi başlanıb və bu prosesin ağırlığını çiyinlərində daşıyan say-seçmə soydaşlarımızın taleyi ilə oynamaq olmaz. Azərbaycanda və elə dünyada da çoxları bilmir ki, İran konstitusiyasının 15-ci maddəsinə görə Azərbaycan türkcəsi bu ölkənin əsas dillərindən biri kimi təsbit edilib. Yadınıza salım ki, İraq parlamenti bu günlərdə kürd dilini bu ölkənin ikinci dövlət dili elan elədi. Eyni nailiyyətə İranda da nail olmaq mümkündür. İran dünya birliyi ilə inteqrasiya kursu götürdüyünü praktik şəkildə sübut etməyə cəhd edəcəksə (hazırda onun başqa yolu da yoxdur), o zaman insan hüquqlarının təminatı baxımından bir sıra beynəlxalq konvensiyalara da qoşulmağa məcbur olacaq. Mühacirət parlamenti bu məqamda xüsusilə çevik davranıb Güneydəki soydaşlarımızın dil, mədəniyyət, təhsil problemlərinin çözülməsi yönündə səmərəli təşəbbüslər göstərə bilər”.
“Şərq-Qərb” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış politoloq Ərəstun Oruclunun “Unikal”a verdiyi açıqlamaya görə, “Dünya praktikasında mühacirət parlamentlərinin yaradılması faktlarına çox rast gəlinib. Bu parlamentlər yalnız beynəlxalq dəstək ala bildiyi halda real qüvvəyə çevrilə bilib. Beynəlxalq güclər bu cür qurumlara qarşı maraq göstərməyəndə onlar adi təbliğat vasitəsindən başqa heç nəyə yaramayıb”.
Politoloqun sözlərinə görə, “Güney Azərbaycanın doğal hüquqlarının qorunması üçün nəzərdə tutulan mühacirət parlamenti də Qərbin dəstəyini ala bilsə, kifayət qədər effektli quruma çevrilə bilər. Lakin hazırda Qərb dövlətləri İranla əməkdaşlıq və dialoq yolunu seçdiyi üçün həmin qurumun istənilən səviyyədə fəaliyyət göstərməsi və real nəticələrə yetişməsi çox da inandırıcı görünmür”.
Savalan
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49