"Sənaye ili" Azərbaycana nə qazandıracaq?
11:34 15-01-2014
CƏMİYYƏT
"Sənaye ili" Azərbaycana nə qazandıracaq?
Ekspertlər hesab edirlər ki, sənayenin inkişaf
etdirilməsi üçün ölkəmizin böyük potensialı var
"2014-cü ilin "Sənaye ili" elan edilməsi ilk növbədə yeni iş yerlərini açılmasına rəvac verəcək. Digər tərəfdən neft hasilatının getdikcə aşağı düşdüyünü nəzərə alsaq, bunun yerinin doldurulmasının yeganə düzgün yolu Azərbaycanda sənayeni inkişaf etdirməkdir". Bu sözləri bizimlə söhbətində millət vəkili Vahid Əhmədov bildirdi (azadinform.az).
Xatırladaq ki, Prezidenti İlham Əliyev 2014-cü ilin "Sənaye ili" elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, ötən əsrin 70-80-ci illərindən başlayaraq Azərbaycanda sənayeləşmə siyasəti geniş miqyasda həyata keçirilib, yüzlərlə sənaye müəssisəsi inşa edilib, bu sahədə güclü potensial yaradılıb. Prezident sərəncamda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkə iqtisadiyyatının sənayeləşməsini sürətləndirmək, Azərbaycanın güclü sənaye mərkəzinə çevrilməsi üçün mövcud potensialdan daha səmərəli istifadə etmək məqsədi ilə qərara alıb ki, 2014-cü il Azərbaycan Respublikasında "Sənaye ili" elan edilsin.
Sənayenin hansı sahələri inkişaf etdirilməli?
Vahid Əhmədov dövlət başçısı tərəfindən sənayenin inkişafına çox böyük diqqət yetirildiyini bildirdi. Qeyd etdi ki, ötən illər ərzində sözügedən sahədə bir sıra uğurlar əldə olunduğunu bildirdi: "Sumqayıtda böyük texnopark açılıb istifadəyə verilib. Balaxanıda texnoparkın müəyyən hissəsi tikilib istifadəyə verilib və müəyyən hissəsi tikilməkdə davam edir. Gəncədə Alüminium zavodu açılıb". Millət vəkili hesab edir ki, ölkəmizdə sənaye şəhərciklərinin tikintisinə çox böyük ehtiyac var: "Biz parlamentdə dövlət büdcəsini müzakirə edəndə həmişə büdcənin neftdən asılılığına toxunmuşuq, bu məsələləri həmişə ön plana çəkmişik və bildirmişik ki, qeyri-neft sektorunun inkişafına böyük diqqət yetirmək lazımdır. Qeyri-neft sektoru dedikdə əsas dörd istiqamət nəzərdə tutulur - sənaye, kənd təsərrüfatı, turizm və insan kapitalı".
V.Əhmədovun fikrincə, sənayenin inkişaf etdirilməsi yönündə bir sıra məsələlərə diqqət yetirmək lazımdır: "İlk növbədə sənayenin hansı sahələrinin inkişaf etdirməsinə fikir vermək önəmlidir. Birincisi, effektiv sahələri inkişaf etdirmək lazımdır. İkincisi, idxalın tərkibinə nəzər salmaq lazımdır ki, Azərbaycanda idxal olunan sənaye avadanlıqları, məhsulları hansılardır, eyni zamanda, bu məhsulların hansını Azərbaycan bazarına, həmçinin xarici bazara çıxarmaq mümkündür. Üçüncüsü, yeyinti sənayesi məhsullarının emalına diqqət artırılmalıdır. Ərzaq təhlükəsizliyini təmin etmək üçün regionlarda emal sənayesini artırmaq lazımdır. Sənayenin lazım olan sahələr üzrə inkişaf etdirilməsi üçün böyük araşdırmalar aparıb tədbirlər planı təsdiq etməyə ehtiyac var. Daha çox regionlara diqqət yetirmək lazımdır ki, insanlar iş üçün regionlardan paytaxta gəlməsinlər.
İstehsal edilən sənaye məhsullarının ixracına da nəzarət etməyə ehtiyac var ki, onun sənaye üsulu ilə emalından tutmuş, qablaşdırılmasında və s. problemlər olmasın və ixracı mümkün olsun. Hesab edirəm ki, bu yöndə daha çox kənd təsərrüfatı məhsullarına diqqət ayırmaq əlverişli olardı".
Ya keyfiyyət, ya qiymət
İqtisadçı Samir Əliyev hesab edir ki, rəqabət olarsa, Azərbaycan sənayesini inkişaf etdirmək, bu sahədə uğur əldə etmək mümkündür. İqtisadçının fikrincə, ilk növbədə kənd təsərrüfatının inkişafına önəm verilməlidir: "Ümumiyətlə, Azərbaycanın istər yüngül sənaye, istər ağır sənaye, istərsə də emal sənayesi baxımından təcrübəsi var. Çox yaxşı olardı ki, kənd təsərrüfatının inkişaf etdirilməsi baxımından emal sənayesinin inkişafı diqqət mərkəzində olsun. Düzdür, regionlarda sənaye müəssisələri tikilir, amma burada əsas məsələ məhsulun rəqabətqabiliyyətli olmasıdır. Hesab edirəm ki, ixracyönümlü siyasət həyata keçirilməlidir. Çünki Azərbaycan bazarı kiçikdir. Yalnız Azərbaycan bazarına yönəlik addımlar heç də gəlir gətirmək baxımından səmərə verməz". S.Əliyevin fikrincə, sənaye müəssisələri tikilən zaman nəzərə alınmalıdır ki, bu məhsullar rəqabət aparmalı və rəqabətə davamlı olmalıdır: "Ya keyfiyyət, ya da qiymət baxımından rəqabət aparmalıdır. Bir qayda olaraq hər ikisi bir yerdə çətin alınır. Buna görə də ya Çində, Türkiyədə, İranda olduğu kimi qiymət rəqabəti aparılmalı, ya da Avropa ölkələrindəki ikimi keyfiyyət rəqabətinə davamlı olmaq lazımdır".
İqtisadçı emal sənayesi, toxuculuqdan tutmuş digər yüngül sənaye sahəsində Azərbaycanın təcrübəsi olduğunu xatırlatdı və bildirdi ki, pambıq, kətan istehsalı, ipəkçiliyik istiqamətində inkişafa zəmin yaradılmalı, bu sahələrə investisiya qoyulmalıdır. Bunun üçün mütəxəssislərin hazırlanmasından tutmuş, zəruri avadanlıqların alınmasına qədər məsələlər öz əksini tapmalıdır.
Makro səviyyədə
tədbirlər görülməlidir
İqtisadçı Vüqar Bayramovun fikrincə, bu ilin sənaye ili adlandırılması iqtisadiyyatın sənayeləşdirilməsi baxımdan vacib idi. İqtisadçı hesab edir ki, sənaye ilində ölkəmizdə sənayenin inkişaf etdirilməsi üçün makro səviyyədə bir sıra tədbirlərin görülməsinə ehtiyac var: "İlk növbədə hökumət xüsusi iqtisadi zonaların yaradılması prosesini başa çatdırmalı və xüsusən də regionlara güzəştli şərtlər ilə xarici investisiyaların cəlb edilməsinə çalışmalıdır. Xeyli müddət öncə qanunverici orqana təqdim edilən "Rəqabət Məcəlləsinin" qəbulu sürətləndirilməli və sənəd təsdiq edilməlidir. Sənaye sektoruna investisiyaların cəlb edilməsi üçün rəqabətin hüquqi müdafiəsi olduqca vacibdir. Texnoparkların və eləcə də klasterlərin regionlarda formalaşdırılması prosesi başa çatdırılmalıdır. "2015-2020-ci illər üzrə sənayenin inkişafı üzrə" dövlət proqramı ekspert icmasının iştirakı təmin olunmaqla makro-iqtisadi model nəticələr, müqayisəli təhlili və nəticələri ölçülən bilən bençmarklar nəzərə alınmaqla hazırlanmalıdır. Neft sektorunda sənayenin inkişafına nail olunması üçün Azərbaycan hökuməti ilə ABƏŞ arasında bağlanmış əsrin müqaviləsinin başa çatma tarixinə yenidən baxılmalı və BP başda olmaqla digər xarici şirkətlərin daha genişmiqyaslı sərmayələrinin cəlb edilməsi üçün 2024-cü ildə başa çatmalı olan müddət 2040-cı ilədək uzadılmalıdır. İnvestisiya mühitinin yaxınlaşdırılması üçün dövlət qurumlarının xidmətlərinin elektronlaşdırılması prosesi başa çatdırılmalıdır. Ixrac olunan yerli sənaye məhsullarının istehsalına xüsusi vergi güzəştləri və ixrac kompensasiyaları təqdim edilməlidir. Sənayedə differensial vergi sistemi tətbiq olunmaqla sadələşdirilmiş vergi dövriyyəsinə yenidən baxılmalıdır".
Onu da deyək ki, ölkə Prezidentin sərəncamına əsasən, İqtisadiyyat və Sənaye Nazirliyi 2014-cü ilin "Sənaye ili" elan edilməsinə dair tədbirlər planını bir ay müddətində, Nazirlər Kabineti "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın layihəsini 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Lalə
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10
2024-12-23 13:01:36
2024-12-23 12:49:46