Azərbaycanın bələdiyyə problemlərınə yeni bir baxış
11:35 15-01-2014
CƏMİYYƏT
Azərbaycanın bələdiyyə
problemlərınə yeni bir baxış
Evlərin sənədləşdirilməməsi ucbatından bələdiyyələr maliyyə vəsaitlərini yığmağda çətinlik çəkirlər
Bələdiyyələr Azərbaycanda keçən əsrin axırında yaranıb. Onların formalaşmasına 1999-ci ildə başlanılıb, lakin ötən vaxt ərzində onların fəaliyyətlərindən gözlənilən nəticələr alındığı hələ hiss olunmur. Avropa Şurasının müraciətini nəzərə alaraq bələdiyyələrin fəaliyyətlərinin koordinasiyasını yaxşılaşdırmaq məqsədilə 2006-ci ilin sonunda, 2007-ci ilin əvvəlində Azərbaycanın şəhər, qəsəbə və kəndlərində bələdiyyə Assosiyasiyaları yaradıldı, lakin onların hansı səbəbdən üç ayrı müstəqil qurumlara bölünməsi yenə də aydın deyil.
Hətta, sırf iqtisadi baxımdan vahid bələdiyyə Assosiyasiyanın saxlanılması daha səmərəli olardı. Əhəmiyyətli məsələlərin müzakirəsində belə hal birliyin yaranmasına kömək etmir. Çox böyük ehtimalla, İqtisadi Təşəbbüslər Birliyinin idarə heyətinin sədr müavini Rovşən Ağayevin Kütləvi İnformasiya Vasitələrində dediyi "Azərbaycan məmurları bələdiyyə assosiyasiyalarının vahid güvvədə birləşməməsi üçün onların ayrılıqda yaradılmasına qərar veriblər" fikri təsdiqlənmiş olur.
Həyat üçün əhəmiyyətli olan məsələlərin sərbəst həll edilməsi üçün yerli özünü idarəetmə orqanları vətəndaşlara qanun çərçivəsində şərait yaradır. Bir-birindən fərqli olan sosial müdafiə və iqtisadi inkişaf üçün yerli proqramları həyata keçirir. Yerli proqramların məqsədi - dövlət tərəfindən həyata keçirilən proqramlarda nəzərdə tutulmamış məsələlərin həlli, ya da onlara əlavələrin edilməsidir.
Yaranmış assosiyasiyaların effektivliyinə və maliyyə vəziyyətinin yaxşılaşdırmasına təkən verən məsələlərin işıqlandırılması məqsədi ilə bələdiyyə fəaliyyəti ilə məşğul olan insanlarla söhbət etdik. Onların qeydlərini oxucularımızla tanış edirik.
Yaradılmış assosiyasiyaların effektivliyi barəsində danışanlar qeyd etdilər ki, Azərbaycanın şəhər, qəsəbə və kənd bələdiyyə assosiyasıyaları Avropa yerli idarəetmə xartiyanın əsasında yaranıb. Fəaliyyət göstərdiyi müddətdə onlar bələdiyyələrə kömək etmək işində müəyyən inkişaf yolunu keçiblər. Assosiyasiyalar bələdiyyələrin inkişafına yönəldilmiş köməklikləri göstərməyə çalışırlar.
Bələdiyyələrin həll edə bilmədiyi məsələlərə kömək göstərilməsi üçün daim lazımı tədbirlər görülür. Əsasən bələdiyyələrin maliyyələşmə mənbələrinin kifayət gədər olmamasına və vəsaitlərin vaxtinda daxil edilməməsinə xususi diqqət verilir. Bələdiyyələrin əsas sabit maliyyə mənbələrini torpaq, əmlak və mədən vergiləri təşkil edir. Əmlak və torpaq vergilərinin maliyyələşmə işində müəyyən çətinliklər var. Bu çətinliklər ondan ibarətdir ki, hal-hazırda bütün vətəndaşları maraqlandıran bir məsələ var. O da evlərin sənədləşdirilməsidir. Çünki evlərin sənədləşməməsi ucbatından bələdiyyələr maliyyə vəsaitlərini yığmağda çətinlik çəkirlər. Vətəndaşlar hamısı bələdiyyə işçilərinin qarşısında evlərin sənədləşmə məsələsini qoyur. Bu məsələ bu vaxta gədər bir neçə dəfə qaldırilsa da həllini indiyədək tapmayıb. Bəzi məlumatlara görə bu məsələ yaxın vaxtlarda həllini tapmalıdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən kadastr xəritəsi hazırlanır. Bu xəritə hazırlandıqdan sonra evlərin sənədləşdirilməsi öz həllini tapacaq. Bu, ən vacib məsələlərdən biridir. Evlərin sənədləşdirilməsi aparılmasa, bu, bələdiyyələrin maliyyələşməsinə böyuk zərbə olacaq. Vətəndaşların ərazilərdə yerləşən evlərin təxminən 60%-i sənədsizdir. Vətəndaşların bəziləri deyir ki, mənim evimi sənədləşdirin, dövlət qeydiyyətindən keçirin, ondan sonra vergiləri ödəyim.
Maliyyələşmənin yaxşılaşmasına mane olan digər səbəblərdən biri də çoxmərtəbəli binalarda yaşayan sakinlərin onlardan bələdiyyə tərəfindən vergilərin yığılmasını düzgün hesab etməməsidir. Onlar evlərin özəl olduğunu və Mənzil İstismar Sahələrinə (MİS) verdiyi odənişləri buna bir səbəb kimi göstərirlər. Lakin bu vətəndaşlar MİS-ə yalnız binanın istismar və saxlanma xərclərini ödəyir. Özəlləşdirilmiş mənzil əmlak olduğu üçün onların sahibləri ildə bir dəfə qanunla nəzərdə tutulan əmlak vergisini bələdiyyələrə ödəməlidirlər. Çoxları yanlış hesab edir ki, MİS-ə vəsait keçirdiyindən bələdiyyələrə heç nə ödəməməlidirlər. Onlarda bu cür fikir yaranıb. Yaxşı olar ki, televiziya vasitəsilə elə maariflənmə işi aparılsın ki, vətəndaşlar əmlak vergisini bələdiyyələrə ödəsinlər. Onlar bilməlidir ki, əmlak və torpaq vergiləri qanuni ödənişlərdir.
Aparılan söhbətlər zamanı MİS-lərin ləğv edilməsi məsələsinə də toxunuldu. Onların huquqlarının kimə keçməsi və vəzifələrinin hansı qurumlara həvalə edilməsi suallarına da diqqət yetirildi. Həqiqətən də belə söhbətlər dəfələrlə qaldırılıb və onun həlli yolları müxtəlif variantlar səsləndirilib. İlk dəfə onların ləğv edilərək səlahiyyətlərinin bələdiyyəyə veriləcəyi gözlənilirdi. Sonra digər variantlar da ortaya çıxdı. Məsələn, müəyyən təsərrüfat hesablı yerlər yaranaraq binalara xidmət edəcəklər. Bu üsul özünü çox ölkələrdə doğruldub. Bələdiyyəyə verilsə, maliyyə məsələlərini kim həl edəcək? Nəticə etibarı ilə hər şey maliyyə ilə bağlıdır. Bir məsələ də öz həllini gözləyir. O da Neft Şirkətinin torpaqlarında qanunsuz tikilən evlərin aqibətidir. Bu torpaqlar bələdiyyələrə qanunla ötürülməlidir, çunki Neft Şirkətinin bütün ərazisində qeyri-qanuni çoxlu evlər tikilib. Onları da vergiyə cəlb eləmək üçün o torpaqlar bələdiyyə torpaqlarına daxıl edilməlidir.
Ona görə ki, onların sökülməsi mümkün deyil, çünki orada çoxlu insanlar yaşayır. Bu baxımdan sökmək çox çətindir. Məlumata görə, Baki şəhərində bu qəbildən olan 450-500 min ev var.
Babək Göyüşov
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49