Milli Şura ölüm-dirim ayağındadır
11:47 16-01-2014
CƏMİYYƏT
Milli Şura ölüm-dirim ayağındadır
Politoloq Qabil Hüseynli Müsavat partiyasının Milli Şuradan çıxmasını əsaslandırmaq barədə irəli sürdüyü arqumentlər barədə danışarkən bildirib ki, "Gətirilən bəhanələrin heç biri reallığı əks etdirmir. Yəni Milli Şuranın bir seçki dövrü, yaxud demokratiyaya keçid üçün yaranması və s. barədə söylənilənlər əsaslı deyil. İstənilən halda müxalifətin siyasi inteqrasiyası daha çox onların özlərinə lazımdır. Çünki ayrı-ayrılıqda onlar çox zəif qüvvədirlər, heç bir şeyə təsir edə bilmirlər.
Birləşdikdə, bəlkə də, ictimai rəyə hansısa formada təsir imkanları yarana bilər, ölkədə müxalifətin olduğunu hiss etdirərlər və sair. Milli Şuranın yenidən dirçəlməsini isə güman etmirəm. Çünki Milli Şuranı dirçəltmək üçün oraya yeni-yeni siyasi partiyaları qəbul etmək, xalqın inamını bərpa eləmək lazımdır".
Politoloqun şərhindən də göründüyü kimi, Müsavat Partiyası davranışında səmimi deyil, radikal müxalifətin yeganə birlik formatı olan Milli Şura isə ciddi böhranla üz-üzədir.
Milli Şurada təmsil edilmiş güclər bu durumdan çıxa biləcəklərmi?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı "Unikal"a açıqlamasında bildirdi ki, "Müsavatçılar belə gözləmirdilər. İş üstündə yaxalanıblar. Düşünürdülər ki, biz sadəcə iqtidarın Müsavatı Milli Şuradan qoparması olayına öz təəssüfümüzü bildirəcəyik, siyasi etika xətrinə də hələ bir yaxşı yol arzulayacağıq. Ancaq bu dəfə belə olmadı. 2005-ci ildə "Azadlıq" blokundan çıxıb gedəndə və bunun qarşılığında parlamentdə 4-5 yerlə mükafatlandırılan zamanlarda biz belə davranmışdıq. Dişləri şirəyə batmışdı, ancaq bu dəfə belə olmadı. Biz bu olaya münasibət soruşulan ilk andan bütün planları açıb tökdük, bunun bir iqtidar ssenarisi olduğunu, Milli Şuranı parçalamaqla indidən 2015 seçkilərinə hazırlaşıldığını, Müsavat rəhbərliyinə 4-5 mandat vəd olunaraq onların ətrafında "konstruktivlərdən" ibarət iqtidar bağlantılı Milli Şuraya alternativ müxalifət bloku qurmaq planlarının olduğunu dedik".
Sədr müavininin sözlərinə görə, "Dediklərimiz çox böyük rezonans verdi, ziyalılar, demokratik düşərgənin tanınmış isimləri bu xəyanətə görə onları qınadılar. İndi ünvanımıza-AXCP rəhbərliyinə "Yeni Azərbaycanın" "Səs"in leksikonu ilə təhqirlər yağdırırlar, bizi "radikal","dağıdıcı" qüvvə adlandırırlar. Bu yetmirmiş kimi, aləmi toz-dumana bulaşdırmaq istəyirlər ki, öz natəmizliklərini gizlətsinlər, insanlar təhqirdən bezib nə baş verdiyi, kimin haqlı olması ilə maraqlanmasınlar. Ancaq alınmyacaq. Çünki xalq hər şeyi görür. Bu proses başlayandan Müsavat başqanı İsa Qəmbər susur, baş verənlərə münasibət bildirməməyə çalışır. Çünki ortalıqda çirkin bir siyasi alver məsələsinin söz konusu olduğunu görüb özünü, reputasiyasını təmiz saxlamağa çalışır. Axı biz bu işlərin əvvəlindən bir çox şeyləri bilirik".
Azərbaycan Demokrat Partiyasının funksioneri Nurəddin İsmayılovun "Unikal"a söylədiyinə görə, "Milli Şura hazırda taktiki və təşkilati böhran yaşayır və qurumda proseslər bu tempdə davam edərsə, yaxın gələcəkdə onun tam şəkildə iflasının şahidi olacağıq. Hələ ki, qurumda aparılan müzakirələr və bu barədə mətbuata çıxardılan məlumatlar nikbin düşünməyə əsas vermir".
Partiya funksionerinin sözlərinə görə, "Digər xoşagəlməz məqam bu qurumdan qopmaların sivil siyasi normalardan uzaq olması ilə bağlıdır. Gedənlərə yaxşı yol arzulayıb fəaliyyəti davam etdirmək lazım idi. Gedənlərlə qalanlar arasındakı mətbu dartışmalar radikal müxalifətin olub-qalan imicinə çox böyük bir zərbə vurdu. Hətta iqtidar da onlara belə bir zərbə vura bilməzdi ki, özləri özlərinə etdilər. Milli Şuranı bir qurum kimi xilas etməyin yeganə yolu əlavə güclərin cəlb edilməsi və formatın dəyişdirilməsidir. Ötən müddət göstərdi ki, Milli Şura indiyə qdər davam etdiyi formatda mövcud ola bilməyəcək".
Nurlan Gündüzlü
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33