Şok! ABŞ, İngiltərə və Almaniya kəşfiyyatı Bəşər Əsədlə görüşür
11:53 17-01-2014
CƏMİYYƏT
Şok! ABŞ, İngiltərə və Almaniya kəşfiyyatı Bəşər Əsədlə görüşür
İki gün əvvəl Türkiyə prezidenti Abdulla Gül Ərdoğan hökumətini Suriya siyasətini yenidən gözdən keçirməyə çağırdı.
Yanvarın 14-də xarici işlər naziri Əhməd Davudoğlu və Türkiyənin xarici ölkələrdəki səfirləri ilə görüşən prezident bildirdi ki, Türkiyə siyasi reallıqlara uyğun olaraq diplomatiyasını və Suriya siyasətini yenidən gözdən keçirməyə məcburdur. Abdulla Gülün sözlərinə görə, Türkiyə "qarşılıqlı maraqlar çərçivəsində" Orta Şərqdə strateji xəttin axtarışı üçün səylərini artırmalı, "dözümlü, soyuqqanlı və inadlı" siyasət həyata keçirməli, ehtiyac olduğu halda, "susqun diplomatiya" metodlarından istifadə etməlidir.
Türkiyəli ekspertlər Türkiyənin Yaxın Şərq siyasətində "batdığı" qənaətindədir. Məsələn, politoloq Fehim Taştekin bildirir ki, Türkiyə Suriyaya qarşı Qərb ittifaqına daxil olmaqla özünü çətin vəziyyətdə qoydu. "Bəli, bu gün deyə bilərik ki, Türkiyə özünü çıxmaza aparıb. Halbuki, 2010-cu ilə qədər ölkə müvəffəqiyyətli xarici siyasət həyata keçirirdi. Türkiyə bütün qonşularla normal münasibətlər quraraq regionda təsirini gücləndirdi. Amma Suriya münaqişəsinə cəlb edilməsi və rəsmi Ankaranın Suriyanın daxili işlərinə müdaxiləsindən sonra pis vəziyyətə düşdü", - türkiyəli ekspert bildirib.
Əsəd rejiminin devirilməsinə ümid edən Qərbin məqsədinə nail olmaması ilə Türkiyənin regional bağlı xarici siyasəti daha mürəkkəbləşdi. F.Taştekin regionda təhlükəli vəziyyətin əvvəlki kimi qaldığını bildirir.
Beynəlxalq Strateji Tədqiqatlar Mərkəzinin eksperti Kamer Kasım isə bir qədər fərqli düşünür. O, qeyd edir ki, çıxılmaz vəziyyətdə olan yalnız Türkiyə deyil. Ekspert Türkiyəni münaqişəyə cəlb edən ölkələrin də çətin vəziyyətdə olduğunu bildirir. "Suriya yalnız Türkiyənin problemi deyil. Türkiyə ABŞ və digər Qərb ölkələri ilə birlikdə hərəkət edir. Suriyada xalq rejimi dəstəkləmir və Türkiyənin Suriya ilə bağlı siyasətinin dəyişiklikdən danışıla bilməz", - ekspert vurğuladı.
Ekspertlər həmçinin qeyd edirlər ki, Türkiyə dövlət başçısının ölkə hökumətinə son çağırışı heç də təsadüf deyil. Onlar Qərbin Əsəd rejimi ilə yaxınlaşma meyllərinin artmasından rəsmi Ankaranın narahat olduğunu bildirir.
Belə ki, srağagün ABŞ-ın "Wall Street Journal" qəzeti avropalı kəşfiyyat səlahiyyətliləri Suriya dövlət başçısı Bəşər Əsəd ilə gizli şəkildə görüşərək bu ölkədə vuruşan 1200 avropalı cihadçı haqqında informasiya verdiyini yazmışdı.
"Wall Street Journal"a danışan iki kəşfiyyat səlahiyyətlisinin sözlərinə görə, ingilis kəşfiyyat qurumu "MI6" əməkdaşı keçən il yazda Dəməşqə gedən ilk səlahiyyətli olub. Bundan başqa alman, fransız və ispan kəşfiyyat səlahiyyətlilərinin də Dəməşqlə görüşdüyü bildirilir.
BBC də ABŞ, İngiltərə və Almaniya kəşfiyyat səlahiyyətlilərinin Əsəd rejimi ilə görüşdüyünü xəbər verib. Qərb ölkələrinin Suriya rəhbərliyi ilə yenidən təmasa keçməsi barədə xəbərlər ilk dəfə ərəb mediasında çıxmışdı. Suriya xarici işlər nazirinin köməkçisi Faysal Mikdad da BBC-yə müsahibəsində Qərb kəşfiyyat xidmətlərinin radikal islamçı qruplarla mübarizə məsələsini müzakirə etmək üçün Dəməşqə səfər etdiklərini söyləyib.
Türkiyədən Suriyaya
gedən radikallarla
bağlı açıqlama
"Türkiyənin radikal ünsürlərə dəstək verməsi müzakirə mövzusu belə ola bilməz". Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Levent Gümrükçü açıqlama verib.
O, Twitter-dəki hesabında Türkiyənin Suriyaya çoxlu insan axının getməsində rolunun olmadığını qeyd edib. Onun sözlərinə görə Türkiyə radikal, terrorist güçlərinə qarşı heç vaxt dəstək verməyib və bu zaman xoş münasibətdən də söhbət açmaq olmaz.
Rəsmi Berlin Suriya münaqişəsinin həllinə nikbin yanaşmır
Bu arada Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Suriya müxalifətinin Cenevrədə keçiriləcək sülh konfransında iştirak edəcəyinin təsdiqlənmədiyini bildirib. Ona görə də nazirin fikrincə, hələlik heç bir sülhdən danışmağın mənası yoxdur. "Konfransın uğurlu olması üçün əvvəlcə tərəfləri danışıqlar masası arxasına keçməyə vadar etmək lazımdır. Əks halda, konfransın perspektivində heç bir uğur dayanmır" - deyə Ştaynmayer sözlərini ifadə edib.
Küveytin paytaxtında isə Amerika Birləşmiş Ştatları və donor ölkələrin iştirakı ilə keçirilən beynəlxalq konfransda Suriyaya humanitar yardım məqsədilə 1.2 milyard dollar məbləğində maliyyə vəsaiti vəd verilib. Birləşmiş Millətlər Təşkilatının baş katibi Ban Ki Mun qərarı alqışladığını bildirib. "Suriyada ehtiyacı olan insanlara kömək etmək istəyən heç bir ölkə çətinliklə qarşılaşmamalıdır. Bu region üçün həyati əhəmiyyət daşıyan bir addımdır. Gəlin bu cür təşəbbüsə can atan ölkələri həmrəyliklə mükafatlandıraq. Birləşmiş Millətlər Təşkilatı tərkibində olan və olmayan hər bir humanitar yardım agentliklərindən kütləvi humanitar yardım ehtiyaclarını qarşılamaqda bizə dəstək olmaları üçün müraciət edirəm".
Konfransda əldə olunan qərara əsasən, təkcə Amerika Birləşmiş Ştatları Suriyaya 380 milyon dollar məbləğində humanitar yardım göstərəcək. Ban Ki Mun bu il Suriyanın təxminən 6.5 milyard dollara ehtiyac duyduğunu qeyd edib.
Rusiyadan yeni
Suriya açıqlaması
Suriya və İranın Suriya münaqişəsinin tənzimlənməsinə dair hər hansı üçtərəfli planı yoxdur. Bunu isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Cavad Zəriflə birgə keçirdiyi mətbuat konfransında deyib.
"Bu gün (dünən - red.) biz İran xarici işlər naziri ilə danışıqlar aparırıq, sabah (bu gün - red.) isə Suriya xarici işlər naziri Valid Müallimlə danışıqlar olacaq. Bu o demək deyil ki, ortada hansısa üçtərəfli layihə var", - deyə Rusiya XİN başçısı bildirib.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49