Milli Şuranı qorumaq cəhdləri alınmadı
11:54 17-01-2014
CƏMİYYƏT
Milli Şuranı qorumaq cəhdləri alınmadı
Rusiyanın Rüstəm İbrahimbəyov variantı davam edəcəkmi?
Ötən gün Milli Şura Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qərərgahında özünün növbəti toplantısını keçirib. Qeyd edək ki, Müsavat partiyasının Milli Şuranı tərk etməsindən sonra bu qurumun birinci toplantısı idi. Bu baxımdan sözügedən toplantının çox böyük önəmi vardı. Hər kəsi bir sual maraqlandırırdı: Müsavat Partiyasının qurumu tərk etməsinin ardınca Milli Şura daxilindəki siyasi gərginliyin pik həddə çatması hansı perspektivi vəd edir? Bir vaxtlar müxalifətin az qala ideal birliyi sayılan Milli Şura bundan sonra mövcudiyyətini qoruyub saxlaya biləcəkmi?
Son ümid: Milli Şuranı
qorumaq mümkün olacaqmı?
Milli Şuranın dünənki toplantısında yaşananlar isə qurumun perspektivinin olmaması fikrini müdafiə edənlərin nə qədər haqlı olduğunu bir daha sübut etdi. Hər halda sübut olundu ki, Milli Şuranın saxlanmasına çalışanlar belə artıq bunun mümkünsüzlüyə ilə barışıb.
Maraqla gözlənilən sessiya Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlayıb. Həmçinin 20 yanvar şəhidləri bir dəqiqəlik sükutla yad edilib. Bundan sonra iclası açıq elan edən Milli Şuranın sədri Cəmil Həsənli bildirib ki, məlum istefalardan sonra qurum üzvlərinin sayı 91 nəfər qalıb. Onlardan da 59 nəfəri hazırda sessiyada iştirak edir. Toplantının açıq elan olunmasından sonra isə gözlənildiyi kimi müzakirələr gərgin atmosferdə keçib və bir sıra replika və qarşılıqlı ittihamlarla müşahidə olunub...
Sessiyada çıxış edən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı qeyd edib hazırda ölkə müxalifətinin yenidən dizayn olunması prosesi baş verir: ”Müsavat Partiyası Milli Şuradan qoparıldı. Gedənlərin artıq müxalifətçilik imici ilə iddia etmələri mümkün deyil”.
Sülhəddin Əkbər isə bildirib ki, Azərbaycanda təşkilatlanmış siyasi qüvvəyə ehtiyac var. S.Əkbər qeyd edib ki, MŞ-da struktur islahatları aparılmalıdır.
MŞ üzvü Eldəniz Quliyev təkliflə çıxış edərək bildirib ki, sessiyada Rüstəm İbrahimbəyovun liderliyi yaxud da fəxri sədrliyi məsələsinə münasibət bildirmək lazımdır: “Bunu gündəliyə salmaq lazımdır. Mən demişdim ki, Rüstəm İbrahimbəyova təzyiq var və bu, belədir. Rüstəm İbrahimbəyovun Milli Şuraya ünvanladığı müraciətə baxılmalıdır”.
Eldəniz Quliyevdən
Mehriban Vəzirə replika:
“Harada qalmışdıq ki...”
Mehriban Vəzir Eldəniz Quliyevin təklifinə cavab olaraq bildirib ki, bu məsələnin gündəliyə salınmasına etiraz edir: “Etiraz edirəm. Qaldığımız yerdən davam edək”.
Onun fikrinə Eldəniz
Quliyev replika atıb:
“Harada qalmışdıq ki?”.
Vəziyyətin dramatikləşəcəyini nəzərə alan Cəmil Həsənli müdaxilə edərərk bildirib ki, artıq Rüstəm İbrahimbəyov ötən sessiyadan sonra Milli Şuraya müraciət edib və bunu mütləq müzakirə etmək, qiymətləndirmək lazımdır”. O, həmçinin qeyd edib ki, R.İbrahimbəyovun liderliyi ilə bağlı müzakirə aparılmasına lüzum görmür: "Amma Milli Şura nə qərar verəcəksə, bununla razılaşacam".
“Onlarla bir yerdə oturmağı özümə yaraşdırmaram...”
Vidadi Mirkamal isə qurum üzvlərini və qarşılıqlı ittihamları və qarayaxmaları dayandırmağa çağırıb. Mehriban Vəzir isə yenidən söz alaraq Müsavat Partiyasının hökumətlə işbirliyinə getməsi barədə deyilən fikirlərə təəssüf edib: “Mən “Müsavat hakimiyyət tərəfindən buradan aparıldı” fikrini qəbul etmirəm, bu barədə danışılan yerdə oturmağı isə özümə yaraşdırmıram. Eləcə də AXCP haqqında eyni fikirlər desələr, razılaşmaram və orada oturmaram”.
Bundan sonar qurum üzvləri bir sıra məsələlər ətrafında fakir mübadiləsi apardılar. Sessiyada müzakirə olunanların ümumi təhlili isə onu deməyə əsas verir ki, Milli Şuranı qorumaq cəhdləri alınmadı. Hər halda Milli Şuranın qorunub saxlanmasına bəslənən son və zif ümidlər də elə bu iclasdaca “dəfn olundu”
Bunu da qeyd edək ki, tədbirin sonuna yaxın, elə bu müzakirələrin gedişində Mehdibəy Səfərov ilə Hacıbaba Əzimov arasında mübahisə düşdü. Mehdibəy Səfərov H.Əzimovun Koordinasiya Şurasına üzv seçilməsinə etiraz etdi və onu etnik münaqişələri qızışdıran çıxışlar etməkdə günahlandırdı. Bunun əvəzində H.Əzimov əsəbiləşdi və onun üstünə yeridi. Onun qabağını Əli Kərimli alaraq yerində əyləşdirdi. Bundan sonra tərəflər arasında "atışma" davam etdi. Uzun müzakirədən sonra Koordinasiya Şurasına üzvlər açıq səsvermə ilə seçildi. Burada da yenə mübahisə yarandı. H.Əzimov dedi ki, nə səbəbdən Mehriban Vəzir səsvermədən keçmədi? Ona qarşı çıxanlar isə M.Vəzirin KŞ-yə seçilmədiyini bildirdilər. H.Əzimov hirsləndi: "Bunu siz etdiniz, doğru səsvermə keçirilmədi. Nə var ki, Mehriban xanım bir dəfə nə isə deyib. O, hər zaman sözünü doğru deyən insandır. Elə etməyin ki, mən də gedim. Belə oyunlar olmaz".Bu isə onu göstərir ki, Milli Şurada ciddi itkilər davam edəcək və əslində Milli Şura özünü yox etdi.
Sərdar Cəlaloğlu: “Milli
Şura artıq yoxdur...”
“Unikal” qəzetinə açıqlamasında Milli Şuranın gələcək perspektivini şərh edən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da qurumun yaşayacağına inanmadığını ifadə edib: “Milli Şura yaranan gündən uğursuzluğa düçar olmuşdu, bunu onların özləri də çox gözəl anlayırdılar. Milli Şuranın heç bir sosial bazası olmayıb, qurum yarandığı gündən xalq içində quruma inamsızlıq görünməkdə idi. Mən xalqın bu quruma olan münasibətini dəfələrlə mətbuata verdiyim müsahibə və açıqlamalarımda bəyan etmişdim”.
Sərdar Cəlaloğlu eyni zamanda Milli Şuranın bundan sonrakı taleyi ilə bağlı sualımızı da cavablandırıb: “Bildiyimiz kimi Müsavat Partiyası artıq heç bir perspektiv vəd etməyən Milli Şuranın sıralarını tərk edib. Qurumun əsas partiyası Müsavat idi və bu partiya Milli Şuradan ayrıldıqdan sonra qurum demək olar ki, yox səviyyəsindədir. Müsavat 2003 seçkilərində təkbaşına Milli Şuradan qat-qat yaxşı nəticə göstərmişdi. Onların boş-boşuna toplaşması, iclas keçirməsi heç kimə lazım deyil. Hesab edirəm ki, Azərbaycan siyasətində artıq Milli Şura deyilən qurum yoxdur.”
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49