Təkfirçilik nədir?
11:08 18-02-2014
CƏMİYYƏT
Təkfirçilik nədir?
Bəzi sələfilərin təkfirçilikdən uzaqlaşması müsəlman birliyinə, dünyada sülh və əmin-amanlığa doğru bir addım sayıla bilər
Təkfir sözü dini termin kimi birisini kafir və ya müşrik saymağa, elan etməyə deyilir. Adətən bir dinin ardıcılları, ruhani və alimləri əvvəlcə onlarla eyni dində olub, sonradan həmin dindən çıxanları təkfir edir və mürtəd adlandırırlar. Bu qaydanı ənənə seçən, dini baxışlarında ona geniş yer verən şəxs, qrup və firqələrə isə təkfirçi deyilir.
Təkfir prinsipi əksər dinlərdə mövcuddur və ya mövcud olub. Məhəmməd peyğəmbər və onun ilk tərəfdarları islam dinini təbliğ edəndə Qüreyş əyanları Məkkə əhalisi kimi bütpərəst olmadıqlarına görə onları təkfir edir, işgəncələrə məruz qoyurdular. İbrahim, Musa, İsa kimi peyğəmbərlər də oxşar təqiblərə məruz qalıblar.
Təkfirçi düşüncə tarix boyu elmi inkişafa böyük maneələrdən biri olub. Bu düşüncənin elmə vurduğu ziyan ölçüyə gəlməz, qurban aldığı alimlərin də sayı-hesabı itib. Nümunə üçün yəhudilər tərəfindən təkfir olunan Spinozanı, xristianlar tərəfindən təkfir olunan Qalileyi, müsəlmanlar tərəfindən təkfir olunan Sədranı göstərmək yetər.
İslamda təkfirçilik
Bütün ilahi dinlər kimi islamda da küfr anlayışı var. Bu dinə görə, insanlar müsəlman və qeyri-müsəlman qisimlərinə bölünürlər. Qeyri-müsəlmanlardan islamın haqlılığını bilə-bilə ona boyun əyməyənlər kafir, bunu başa düşməyənlər və ya ümumiyyətlə islamdan xəbəri olmayanlar isə düşüncə sarıdan müstəzəf, məhrum sayılırlar. Kafirlər də bir baxımdan hərbi və qeyri-hərbi kafir qisimlərinə bölünürlər. İslamın və "Quran"ın cihada çağırdığı kafirlər məhz hərbi kafirlər - yəni müsəlmanlara hücum edən, onların təhlükəsizliyini pozan, torpaqlarını işğal edənlərdir.
Təkfirçiliyə gəldikdə isə islam bunu qəbul etmir. Peyğəmbərimizin qurduğu cəmiyyətdə insanlar etiqadlarına görə təqib olunmayıb, hər hansı inama məcbur edilməyiblər. Bəlkə heç buna ehtiyac da olmayıb. Çünki onlar bu məsələlərdə Allah rəsulunun sözlərini qəbul edib, məntiq və dəlillərinə tabe olublar. O zaman mövcud olmuş irtidad - dindənçıxma amili və buna dair çıxarılan ölüm hökmü də müsəlmanların müharibə vəziyyətində olması ilə əlaqədardır. Belə ki, o zaman dindən çıxan bir adam təkcə dindən çıxmır, həm də Məkkəyə dönərək düşmən qüvvəsinə çevrilir və müsəlmanlara qarşı vuruşurdu. Göründüyü kimi, bu, etiqadla bağlı deyil, hərbi vəziyyətdə fərarilik və satqınlıqla bağlı bir hökmdür.
Təkfirçi firqələr
İslamda ilk təkfirçi qrup sonradan firqəyə çevrilmiş xəvaric qruplaşmasıdır. Xəvaric - qiyamçılar, separatçılar deməkdir. Bu qruplaşma İmam Əlinin Müaviyə ilə vuruşduğu Siffeyn döyüşündə meydana çıxdı. Müaviyə məğlubiyyət ərəfəsində olduğu zaman Əmr Asın təklifi ilə "Quran" vərəqlərinin nizələrə taxılmasını əmr etdi. Onlar bununla müharibənin dayandırılmasını və "Quran"ın tərəflər arasında hökm çıxarmasını təklif edirdilər. İmam Əli bunun hiylə olduğunu bildirsə də, qoşununun mühüm bir hissəsi onu döyüşü dayandırmağa məcbur etdi. Həmin qrupun nadanlığı nəticəsində sülh danışıqları da iflasa uğrayandan sonra onlar Əlini ittiham etməyə başladılar, böyük günaha yol verdiyini söyləyib tövbə etməsini tələb etdilər. Edilməyən günaha görə tövbə imkansız olduğundan onlar imamı (həmçinin Müaviyəni) kafir sayıb qətlinə hökm çıxardılar. Onlar Kufədən kənarda, Nəhrəvan adlı yerdə düşərgə salıb Əlinin tərəfdarlarını qətlə yetirməyə başlayanda isə o, qoşun toplayıb onları darmadağın etdi. Sözügedən qruplaşma sonralar xəvaric adlandırıldı və böyük günah edənin kafir olmasına etiqad onların əsas səciyyələrindən biri sayıldı.
Bundan sonra ara-sıra müəyyən firqələri, yaxud onların bəzi ardıcıllarını kafir sayan din alimləri olsa da, uzun müddət mühüm bir təkfirçi qruplaşma və firqə mövcud olmayıb. Təəssüf ki, qədimdən bəzi alimlər arasında dini və etiqadi dözümlülük, tolerantlıq zəif olub, fikir ayrılıqları zamanı təkfirdən də istifadə edilib. Belə fikir ayrılıqlarına nümunə kimi "Quran"ın xaliq, yoxsa məxluq olmasını, Allahın qiyamətdə görünüb-görünməməsini, "Quran"ın hansısa hissələrinin çıxarılıb-çıxarılmamasını göstərmək olar. Filosof, sufi və ariflər də bəzi fəqih və müctəhidlərin uyğun ittihamlarına məruz qalıblar.
Nəhayət, 18-ci əsrdə vəhhabi, yaxud sələfi adlı firqənin meydana çıxması ilə təkfir məsələsi yenidən gündəmə gəldi. Bu firqənin bir çox məsələləri ilk dəfə İbn Teymiyyə tərəfindən sistemli şəkildə irəli sürülsə də, təkfir amilini onun adına bağlamaq düzgün deyil. İbn Teymiyyənin əsərlərində müəyyən ittihamlar yer alıb, lakin təkfir yükü baxımından dövrünün etiqad mövzusunda yazılmış digər sünni və şiə kitablarından çox da fərqlənmirlər. Onun kafir saydığı əsas firqələr cəhmiyyə, əliallahlıq, sufilik, nüseyriyyə və ismailiyyədir ki, bu gün ya ümumiyyətlə tükəniblər, ya da etiqadlarında ciddi dəyişikliklər baş verib. Əslində bu baxımdan əsas stimul sözügedən firqənin banisi olan Məhəmməd ibn Əbdülvəhhabın fətvaları və apardığı müharibələrdir. 1744-cü ildə Diriyyə hakimi Məhəmməd ibn Səudla əməkdaşlığa başlayandan sonra onun fətvası və bəzən bilavasitə iştirakı ilə digər bölgələrin əksəri sünni olan əhalisinə qarşı "cihad" elan edildi, minlərlə müsəlmanın qanı töküldü.
Bu gün sələfiliyin rəsmi məzhəb olduğu Səudiyyə Ərəbistanında müftilər arasında təkfir məsələsinə dair fikir ayrılığı var. Bəzi müftilər Məhəmməd ibn Əbdülvəhhabı müqəddəsləşdirib fikirlərinin toxunulmaz olduğunu düşünür, bəziləri isə onun məsum peyğəmbər deyil, yalnız bir alim olduğunu söyləyib düşüncələrinin tənqidini mümkün sayırlar. Lakin bundan asılı olmayaraq sələfilər arasında təkfirçi və qeyri-təkfirçilər var və onlar bir-birlərini sələfilikdən çıxmaqda günahlandırırlar. Təkfirçi olmayanlar olanları xəvaric adlandırır, onlar da öz növbəsində birinciləri hökumətlərlə işbirliyində ittiham edirlər.
Yuxarıdakılara əsasən, günümüzdə islam firqələri arasında təkfirçiliyi ilə tanınan və bəzi firqələrin qanını halal bilən yeganə firqə və ya qrup sələfiliyin təkfirçi qolundan ibarətdir. Onlar bunu gizlətmir, açıqca söyləyirlər. Digər sələfilərin onları nə adlandırmasından asılı olmayaraq, uyğun sahədə və bu gün konkret olaraq Suriyada cihad fətvası verən Məhəmməd Ərifi, Səd Bərik, Salman Oudə, Nasir Ömər, Möhsün Əvaci məhz vəhhabi və sələfi firqəsinin müftiləri sayılırlar.
P.S. Bəzi sələfilərin təkfirçilikdən uzaqlaşması gerçək olduğu təqdirdə müsəlman birliyinə, dünyada sülh və əmin-amanlığa doğru bir addım sayıla bilər. Bu şərtlə ki, yalnız müsəlman hakimə qarşı deyil, həm də digər firqələrə qarşı təkfirçiliyə son verilsin, hamının etiqad azadlığı tanınsın və "Quran"ın "Bütün müsəlmanlar qardaşdırlar" prinsipinə əməl olunsun.
Vüsal Hüseynzadə
Digər Xəbərlər
2024-12-25 15:50:33
2024-12-25 15:30:00
2024-12-25 15:29:00
2024-12-25 15:21:27
2024-12-25 15:21:06
2024-12-25 15:10:55
2024-12-25 14:55:04
2024-12-25 14:52:45
2024-12-25 14:52:00
2024-12-25 14:43:22
2024-12-25 14:22:23
2024-12-25 14:22:00
2024-12-25 14:20:39
2024-12-25 13:52:53
2024-12-25 13:47:48
2024-12-25 13:37:39
2024-12-25 13:18:58
2024-12-25 13:17:41