Keçmiş “Sobez” müdiri Telekommunikasiya Qovşağına necə rəhbər oldu?
11:10 05-03-2014
CƏMİYYƏT
Keçmiş “Sobez” müdiri Telekommunikasiya Qovşağına necə rəhbər oldu?
Elmar Vəliyevin kadrı sayılan Əbülfəz Orucovun müəmmalı karyera yüksəlişi haqda zəruri qeydlər....
Bu gün ölkənin strateji məsələlərindən biri də telekommunikasiya xidmətlərinin keyfiyyətli işinin təşkilinə nail olmaqdır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bu yöndə həyata keçirdiyi uğurlu islahatlar isə həm bu sahədə, həm də bütövlükdə rabitə sektorunda keyfiyyətli xidmətə nail olmaqla bağlı ümidləri artırır. Amma təəssüf hissiylə qeyd etmək lazımdır ki, həyata keçirilən bu uğurlu islahatlar bütün yerlərdə özünü göstərə bilmir.
Bu baxımdan problemlərin müşahidə olunduğu şəhərlərdən biri də Gəncə şəhəridir. Qeyd edək ki, Gəncə Şəhər Telekommunikasiya Qovşağının əvvəlki rəhbərinin işində yol verdiyi nöqsanlar bu postda dəyişiklik edilməsini zəruri edirdi. Elə Əbülfəz Orucovun Gəncə Şəhər Telekommunikasiya Qovşağına rəhbər təyin olunması da bu baxımdan müəyyən ümidlər yaratmışdı. Amma sözügedən təyinatdan keçən müddət ərzində işin keyfiyyətində hansısa müsbət dəyişikliyin müşahidə olunmaması həmin təyinatın uğursuzluğundan xəbər verməkdədir.
Bununla bağlı “Unikal” qəzetinin apardığı kiçik araşdırma zamanı ortaya çıxan faktlar da Əbülfəz Orucovun rəhbərlik etdiyi sahədə təsadüfi şəxs olduğunu üzə çıxarıb. Belə ki, o sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun dövründə Gəncə “Sobez”-nə rəhbərlik edib. Maraqlıdır, görəsən rabitə işiylə yaxından-uzaqdan heç bir əlaqəsi olmayan bir şəxsin Gəncə Telekommunikasiya Qovşağına rəhbər gətirilməsi nə dərəcədə düzgündür? Ümumiyyətlə belə bir şəxs rəhbərlik etdiyi sahədə hansısa müsbət dəyişikliklərə və uğurlara imza ata bilərmi? Bu və digər sualların cavabını tapmaq məqsədilə əməkdaşımız Gəncə Telekommunikasiya Qovşağının rəisi Əbülfəz müəllimlə əlaqə saxladı. O, əməkdaşımızın suallarına maraqlı və çox qısa cavab verməklə kifayətlənib: “Məni bu vəzifəyə rəhbərlik təyin edib. Təyinatı mən vermirəm ki, sizin də sualınızı mən cavablandırım”.
Maraqlıdır, görəsən Əbülfəz Orucov “rəhbərlik” deyəndə kimi və ya kimləri nəzərdə tutur. Araşdırmalarımız zamanı aydınlaşan məqamlardan biri də bundan ibarət oldu ki, Əbülfəz Orucov Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin kadrı kimi tanınır. Onun bu vəzifəyə təyinat almasında da icra başçısının böyük əməyinin olduğunu iddia edən mənbəmizin sözlərinə görə, elə bu səbəbdən də təsadüfi adam olmasına baxmayaraq Əbülfəz Orucova Gəncədə “gözün üstə qaşın var” deyən yoxdur.
Keçmiş “Sobez” müdirinin hazırda Gəncə Telekommunikasiya Qovşağını hansı metodlarla idarə etməsi haqda isə qəzetimizin növbəti saylarında oxuya biləcəksiniz. Bununla bağlı əməkdaşlarımız özündə çoxsaylı faktları cəmləşdirən şikayətləri araşdırır və araşdırmalarımızın yekunu olan geniş məqaləni yaxın günlərdə oxucularımızın diqqətinə təqdim edəcəyik.
Orxan Həsənli
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49