"Anar Rzayevin əlində sanki Xudayar bəy şallağı var"
11:21 05-03-2014
CƏMİYYƏT
"Anar Rzayevin əlində sanki Xudayar bəy şallağı var"
Şərif Ağayar: "Bu şallağın köməyi ilə o, ədəbiyyatı öz istədiyi istiqamətə yönəltməyə çalışır"
Azərbaycanda xeyli sayda yazıçı ədəbiyyatdan kənar peşələrdə çalışır. Bəs yazıçı məmur olarsa, yenə də ədəbiyyatda uğurlar qazana bilərmi? Məmurluq yaradıcılığa mane olur, yoxsa yazıçıya həyat materialı verir?
Məmurun vəzifəsi artdıqda kitablarını oxutdurmaq, özünü təbliğ etmək imkanları artırmı? Rəsmiyyətlə bədiiliyin sərhədi harada bitir?
Məmur keçmişi olan yazıçı Şərif Ağayar bu suallara aydınlıq gətirir.
- Mən beş il nazirliklərin birinin mərkəzi aparatında işləmişəm, ora test üsulu ilə imtahan verib qəbul olunmuşam. Baxmayaraq ki, mən işlədiyim nazirlik daha yaradıcı bir qurum idi, ancaq bu təcrübədən çıxış edərək deyə bilərəm ki, bu, yaradıcı adam üçün müəyyən problemləri də özü ilə gətirir. Vaxt və nizam-intizam mənasında. Onu deyim ki, mənim Mədəniyyət Nazirliyindən istefa verməyimin əsas səbəblərindən biri istədiyim qədər mütaliə ilə, yaradıcılıqla məşğul ola bilməməyim idi. Bundan əlavə vəzifədən irəli gələn məsuliyyətlər, etik qaydalar var ki, bunlar bir yaradıcı insanın həyat və fəaliyyəti ilə mütənasib deyil.
- Dediniz ki, işlədiyiniz yerdə yaradıcılığa imkan yoxdur. İşlədiyiniz yerin rəhbərliyi sizə işləmək üçün vaxt ayırmağa məcburdurmu?
- Dövlət qulluğu haqqında qanuna görə, gündə 8 saatlıq iş rejimi var, heç kimin, heç kimə vaxt vermək borcu yoxdur. Dövlət orqanlarında iş heç vaxt qurtarmır. Orda ciddi mütaliə etmək, ciddi bir yazı yazmaq mümkün deyil. Orda vaxt uçub gedir. Dəfələrlə şahid olmuşam ki, vəzifəli insanlar işləmək üçün sənədləri yığıb evə aparırlar. Məsəlçün, Elçin Əfəndiyevin adını çəkə bilərəm, o deyir ki, hər səhər saat 5-də yuxudan oyanıram, iş vaxtına qədər işləyirəm və işdən sonra yenə də işləyirəm. Ya da, İsa Hüseynov deyirdi ki, mən işdən sonra saatlarla işdə qalıb, 8-9 saat işləyirəm. Mən şəxsən belə edə bilmirəm. Belə bir "kəsin kural" qoymaq olmaz ki, yazıçı məmur ola bilməz. İnsan çox ciddi məmur da ola bilər, dövlət başçısı da ola bilər, eyni zamanda yazıçı da ola bilər.
- Sizcə məmur-yazıçı daha çox azaddır, yoxsa hansısa vəzifə səlahiyyəti olmayan yazıçı?
- Bilirsiniz, Azərbaycan reallığında ədəbiyyatın xüsusi çinovnikləri var, onlar məmur kimi işləməsələr də ədəbiyyatın çinovnikləridir. Təəssüf ki, bu adamlar dövlət strukturlarında işləyən və yaradıcılıqla məşğul olan adamlarla çox ciddi müttəfiqdirlər və ədəbiyyatın idarə olunması istiqamətində bunların düşüncələri üst-üstə düşür. Bir də Azərbaycanda müstəqil düşüncəli gənclər var ki, bu ədəbi çinovniklər və onlara dəstək olan məmurlarla mübarizədədirlər. Hesab edirəm ki, bu vəziyyətdə Azərbaycanda yazıçının məmur işləməsi çox ciddi problemlər ortaya çıxara bilər. Azərbaycanda azad söz, azad ədəbiyyat yüksək postda məmur işləməklə tərs mütənasibdir, Azərbaycan reallığı bundan ibarətdir. Ölkədə baş verən hər hansı bir ədalətsizliyə adi post tutmuş məmur belə münasibət bildirmir və bu azmış kimi onun ciddi ədəbiyyat iddiaları da var. Düzdür, o susmağına bir səbəb deyə bilər, amma biz çox gözəl bilirik o niyə susur. İnsan susmaqla gizlənə bilmir. Buna görə də Azərbaycanda yazıçının böhranı karyera başlayan yerdə başlayır. Hesab edirəm ki, Anarın, Elçinin 60-cı illərdə gördükləri işlər indikindən daha dəyərliydi. Bu gün o məmurlardan, xüsusilə Anardan ədəbiyyat gözləməkdən çox, ədəbiyyatın inkişafına mane olmamasını ummaq lazımdır. Ədəbiyyatın inkişafına mane olmaq üçün AYB sədrliyi Anarın əlində bir məmur postudur. Onun əlində sanki bir Xudayar bəy şallağı var, o şallağın köməyi ilə ədəbiyyatı öz istədiyi istiqamətə yönəltməyə çalışır.
- Məmurun vəzifəsi artdıqca, kitabları oxutmaq, özünü təbliğ etmək imkanları da artırmı?
- Təəssüf ki, Azərbaycan xalqı kreslo, qalstuk sevən xalqdır, vəzifəli adama yaltaqlıq edən çoxdur. Azad düşüncəni, fərqli düşüncəni həzm etmək bizim millətə xas deyil. Öz maddi imkanlarından, məmur postundan istifadə edib avtoritetə çevrilmək, yeni nəslin qarşısında problemlər yaratmaq cəhdində bulunanlar var. Ancaq ədəbiyyat elə sahədir ki, öz işini görür. Bayaq Kafkadan söhbət getdi. Kafka xırda məmurluqdan bezmiş bir insan idi. Həmin zülm və zillətlər onu böyük bir pessimizmə, absurda çatdırmışdı. O absurd onu dünya şöhrətli şedevrləri olan "Çevrilmə", "Qəsr" kimi əsərləri ortaya çıxartmağa vadar etdi. Bunlar göstərdi ki, Kafka heç vaxt səmimi şəkildə məmur olmayıb. Amma Azərbaycanda öz kreslosuna səkkiz əllə bağlanan insanlar var, onlar ədəbiyyatda da bu cür iddialarla irəli atılırlar. Bircə şeyi dəqiq bilmək lazımdır, ədəbiyyat həqiqətin, doğrunun, məzlumun, əzilənin yanında olmalıdır. Həm əzən olub, həm ədəbiyyatda avtoritet kimi qalmaq mümkün deyil. Dünyada belə təcrübə yoxdur. On görə səmimi şəkildə bu yollardan birini seçmək lazımdır.
Jurnalistlərin dostu Tağı Əhmədov vəzifədən azad olundu. Mənə elə gəlir o indən belə şeirə böyük güc verəcək.Tağı Əhmədov yüksək çinli məmur idi, həm də özü üçün şeir yazırdı, ədəbiyyatda iddialı deyildi. Burda ədəbiyyat daha çox Tağı Əhmədovun yanındadır, nəinki Fikrət Qocanın. 3-4 dənə mənasız balvankaynan Azərbaycan ədəbiyyatına hökm eləmək, gəncliyin qabağına kötük yomalamaq, kahinlik iddialarında bulunmaq olmaz. Adamlar var ki, həm məmurdular, həm də ədbiyyat iddiaları var, üstəlik ümumiyyətlə yeni düşüncəyə, azad düşüncəyə qarşı aqressivdirlər.
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49