Nə qədər qarımız var?
12:32 06-03-2014
CƏMİYYƏT
Nə qədər qarımız var?
Qarölçmə aparılmaqla ölkənin su ehtiyatları da öyrəniləcək
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində toplanan qar ehtiyatının sıxlığını, hündürlüyünü və sululuğunu müəyyən etmək üçün qar ölçmə işlərinə başlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Departamentinin Hidrometroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin sözlərinə görə, qar ölçmə işləri Azərbaycanda Kicik Qafqazın Daşkəsən, Gədəbəy, Göygöl rayonları, Böyük Qafqazın Quba, Qusar, Balakən, Şəki, Qax, Oğuz, Qəbələ rayonları, eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Şahbuz və Ordubad rayonları ərazisində aparılacaq.
Ümumilikdə builki qar ehtiyatlarını öyrənmək üçün respublikanın dağlıq ərazilərində 28 marşrut üzrə qar ölçmə işləri aparılacaq. İşlər martın 14-də tamamlanacaq. Qar ölçmə aparılmaqla ölkənin su ehtiyatları da öyrəniləcək və aprel-may-iyun aylarında gözlənilən gursululuqla bağlı proqnoz tərtib ediləcək.
A.Verdiyev deyib ki, ümumilikdə ölkə üzrə builki qar ehtiyatları ötən illə müqayisədə aşağı olub.
Məlumatdan da göründüyü kimi, ölkənin şirin su ehtiyatları yetərincə deyil. Bu qıtlıq yaxın perspektivdə bizim üçün hansı problemləri yarada bilər?
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov "Unikal"a açıqlamasında qeyd etdi ki, əvvəllər qış sərt keçən zaman yay fəsli isti keçirdi: "Amma hazırda təbiətdə iqlim dəyişiklikləri ilə əlaqədar olaraq soyuma prosesi gedir. Soyuma prosesi getdikcə yay sərinləşəcək, qış sərtləşəcək. Bu iqlim dəyişiklikləri Azərbaycan iqtisadiyyatına da müxtəlif mənfi təsirlər göstərəcək. Ola bilər ki, yağıntıların miqdarı azalsın, quraqlıq ərazilər çoxalsın, kənd təsərrüfatı məhsulları minimuma ensin və məhsulların qiyməti qalxsın. Bunlara hazır olmaq üçün Azərbaycan dövləti də ərzaq tədarükünü əvvəlcədən görməlidir".
Ekoloqun sözlərinə görə, "Qar ölçmə işlərinin aparılması strateji resurs hesab edilən şirin su ehtiyatlarının dəqiqləşdirilməsi baxımından olduqca vacibdir. Bununla belə, dağlarda qar yığınının azalması ölkədəki şirin su ehtiyatlarının azalmasına və yaxud tükənməsinə təsir etməyəcək. Çünki Azərbaycanda yerin təkində kifayət qədər şirin su ehtiyatları var. Bu sulardan rasional və səmərəli şəkildə istifadə edilsə, ölkənin gələcəkdə içməli su problemi olmayacaq".
Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyevin "Unikal"a söylədiyinə görə, "Azərbaycandakı qar ehtiyatlarının müəyyən edilməsi və bu əsasda şirin su potensialının təyini olduqca vacib bir məsələdir. Çünki hazırda planetdə baş verməkdə olan istiləşmə nəticəsində şirin su ehtiyatları tükənməyə başlayır. Bu tükənmə isə dünya siyasətində içməli su motivinin ön plana çıxmasına səbəb olacaq. Artıq Cənubi-Şərqi Asiya dövlətlərində bu krizis yaşanmaqdadır. Yaxın və Orta Şərqə gəlincə isə, bu bölgədəki dövlətlərdə şirin su ehtiyatları çox zəifdır. Yalnız İran və Gürcüstan nisbətən daxili təlabatı təmin etmək gücündədir. İsraillə Türkiyə arasında yaranmış böhranın səbəblərindən biri də içməli su problemidir".
Partiya sədrinin sözlərinə görə, "Azərbaycanın şirin su ehtiyatları əhalinin və kənd təsərrüfatının tələbatını az-çox ödəyə bilir. Lakin qlobal istiləşmə planetdə hərarətin bir dərəcə yüksəlməsinə səbəb olarsa, biz ciddi problemlərlə üzləşə bilərik. Qar ehtiyatlarının həcmini müəyyən etməkdənsə Azərbaycan meşələrinin durumu ilə ciddi şəkildə məşğul olmağımız lazımdır. İçməli suyun əsas mənbəyi meşələrdir. Ölkədəki meşələr bir neçə illər əvvəl ümumi ərazinin on faizini tuturdu. Bu böyük sərvətə cinayətkar münasibət üzündən hazırda bu rəqəm yeddi faizə enib ki, bu da heç də xoşagələn vəziyyət deyil. Meşə massivlərinin qorunması və sahəsinin genişləndirilməsi dövlətin bir nömrəli qayğısı olmalıdır. Biz meşələri məhv etməklə Azərbaycanın gələcəyinə ağır zərbələr endiririk".
Nurlan Gündüzlü
Digər Xəbərlər
2024-12-27 00:40:16
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44