Tolerantlığın qorunması üçün qanunun imkanlarından yararlanmağa start verilir
12:34 06-03-2014
SİYASƏT
Tolerantlığın qorunması üçün qanunun imkanlarından yararlanmağa start verilir
Suriyaya döyüşçü aparan şəxsləri 12 illik cəza gözləyir
Azərbaycanda milli-dini tolerantlığın qorunub saxlanılması, kənar təsirləri sıradan çıxartmaq üçün mühüm addımlar atılmaqdadır. Belə ki, qeyri-ənənəvi təriqətlərin, radikal qruplaşmaların fəaliyyəti get-gedə nəzarətə götürülür və lazımi addımlar atılır. Bu baxımdan prezident İlham Əliyevin sərəncamı ilə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri postu təyin etməsi xüsusilə qeyd olunmalıdır.
DQİDK sədri Elşad İskəndərov Prezidentin bu sərəncamını Azərbaycanın milli və dini mültikulturalizm və tolerantlıq modelinin gücləndirilməsi sahəsində fəaliyyətin daha yüksək səviyyəyə qaldırmaq istiqamətində mühüm qərar kimi qiymətləndirib: "Bu eyni zamanda, cənab Prezidentin milli-mənəvi dəyərlərimizə, dövlət-din münasibətlərinin tənzimlənməsinə diqqət və qayğısının bariz nümunəsidir. Kamal müəllim görkəmli ziyalıdır, ölkədə o cümlədən xaricdə istər ictimai, istərsə də ədəbi fəaliyyəti ilə tanınan xadimdir. Dövlət Komitəsi xətti ilə Kamal müəllimlə bundan əvvəl də bir sıra beynəlxalq əhəmiyyətli tədbirlər çərçivəsində əməkdaşlıq etmişik. Şübhə etmirəm ki, onunla yeni vəzifəsində də uğurlu əməkdaşlığımız bu sahədə bütün məsələlərin müsbət həllinə xidmət edəcəkdir".
Maraqlıdır, bu sahəyə diqqətin həddindən artıq artırılmasının başlıca səbəbləri nədir?
Ekspertlər düşünür ki, illərboyu Azərbaycan milli-dini tolerantlıq mühiti ilə əhatələnsə də, son zamanlar müəyyən qüvvələr tolerantlığa zərbə vurmaq üçün cəhdlər edirlər. Bunu da qeyd edək ki, Azərbaycan çoxmillətli bir dövlətdir və bu zənginliyini uğurla qoruyub saxlayır. Təkcə bunu demək kifayətdir ki, Azərbaycanda azərbaycanlılar - 8 milyon 172 min 800 nəfər, ləzgilər - 180 min 300 nəfər, ermənilər - 120 min 300 nəfər, ruslar - 19 min 300 nəfər, talışlar- 112 min nəfər, avarlar - 49 800 nəfər, türklər - 38 min nəfər, tatarlar- 25 900 nəfər, tatlar- 25200 nəfər, ukraynalılar - 21500 nəfər, saxurlar-12 300 nəfər, gürcülər- 9 900 nəfər, yəhudilər - 9100 nəfər, kürdlər - 6100 nəfər, qrızlar - 4400 nəfər, udinlər - 3 800 nəfər, xınalıqlar - 2 200 nəfər, digər millətlər - 9500 nəfərdir. Yəqin ki, bunun nə demək olduğunu təsəvvür edirsiniz. Bundan başqa açıq etiraf etmək lazımdır ki, Azərbaycanla qonşu olan bir sıra dövlətlərdəki müəyyən qüvvələr bu zəngin toplumu üz-üzə qoymaq üçün sistemli addımlar atmaqdadır. Bu baxımdan Ermənistan, İran və Rusiya xüsusi olaraq fərqlənir. Elə bir müddət öncə Ermənistanda talışlarla bağlı Əlikram Hümbətovun verdiyi bəyanat da buna sübutdur. Düzdür, Azərbaycanda yaşayan milli azlıqlar Əlikram Hümbətov kimi separatçıların bu çağırışlarını qəbul etmirlər. Amma istənilən halda beynəlxalq təşkilatlarda bu tip şəxslər və qüvvələr mənfi rəy yarada bilirlər.
Həmçinin qeyd etmək lazımdır ki, Azərbaycanda son illər şəhərətrafı qəsəbələrdə yerləşən və əhali tərəfindən az istifadə olunan, eləcə də rəsmi din xadimi təyin edilməmiş məscidlərə xeyli radikal dini qruplar nüfuz edib.
Hökumətin 2013-cü il üzrə hesabatında qeyd olunur ki, belə radikal dini qrupların üzvləri Bakı, Lənkəran, Xaçmaz, Gəncə, Sumqayıt və Zaqatalada bir sıra məscidlərə nüfuz etməyə cəhd göstəriblər.
Bunu da qeyd edək ki, ən radikal xəvaric qruplaşması da məhz Sumqayıtda yerləşir və gənclərin Suriyaya döyüşə aparılması bu qrup tərəfindən təşkil edilir. Elə buna görə də hazırda Suriyada döyüşə gedənlərlə bağlı ciddi tədbirlər planı hazırlanır və ekspertlər hesab edirlər ki, bu tədbirləri həyata keçirtmək üçün lazımi qanuni baza da var. Belə ki, Cinayət Məcəlləsinin 17-ci fəslinin (müharibə cinayətləri) 114-cü maddəsində bu cür qruplaşmalara qarşı mübarizə aparma bəndləri var və bunlar aşağıdakılardır:
114.1. Muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və ya hərbi əməliyyatlarda istifadə etmə 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
114.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya yetkinlik yaşına çatmayan barəsində törədildikdə 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Bunu da qeyd edək ki, 1989-cu il dekabrın 4-də BMT muzdlulardan istifadə edilməsi, maliyyələşdirilməsi və təliminə qarşı mübarizə barədə Konvensiya qəbul edib. Lakin Konvensiya yalnız 12 ildən sonra qüvvəyə minib, 2006-cı ildə isə BMT-yə üzv olan 200-dən artıq dövlətdən yalnız 24-ü bu sənədi imzalayıb. Amma Azərbaycan 30 sentyabr 1997-ci ildə Konvensiyaya qoşulub, 1999-cu ildə isə sözügedən məsələ Cinayət Məcəlləsində əksini tapıb.
Həm muzdlu kimi döyüşə gedənlər, həm də onları bu işə sövq edənləri 4 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Bununla bağlı millət vəkili Rəbiyyət Aslanova da açıqlama verərək Suriyaya gənclərin təşkil olunaraq aparılmasının qarşısını almağı tövsiyə edib: “Onlar internet vasitəsilə müvafiq təşkilatlarla, şəxslərlə əlaqə saxlayırlar. Və bütövlükdə proses qəflətən olmur. Həmin adamların ailələri, yaxınları məsələdən mütləq agah olurlar. Gərək övladının belə bir niyyətdə olduğunu hiss edən valideynlər məlumat versinlər. Məsələni gizli saxlayırlar, uşaqları gedəndən sonra əl-ayağa düşməyə başlayırlar və bu azmış kimi, özgələrini qınayırlar. Belə bir yola düşən və onu gizlədən hər kəs bilməlidir ki, bu, milli təhlükəsizliyə təhdiddir. Mənən ac olan gənc ona görə də, çox asan şəkildə radikal təriqətin təbliğ olunduğu düşüncəni qəbul edir. Mətbuat da öz işini görməlidir və Suriyaya, yaxud başqa ölkəyə yollananları nələr gözlədiyini, onların aqibətinin necə olacağını yazmalı, ictimailəşdirməlidir. Onda həmin şəxslər həm öz ölkəsi, həm də beynəlxalq birlik qarşısında məsuliyyət daşıdığını anlayar, Azərbaycan qanunvericiliyindən xəbərdar olarlar. Hüquq-mühafizə orqanları qanunamüvafiq surətdə işini görəcək. Amma əvvəlcə cəmiyyət qüvvələrini səfərbər etməlidir. Gənclərin beynini zəhərləyən radikal dini qurumlarla, xüsusilə dini təriqətlərlə ciddi məşğul olmaq lazımdır. Gəncləri maarifləndirmək çox vacibdir. Bu bir həqiqətdir ki, gənclər arasında radikal təriqətlərə meyil var. Ancaq universitet bitirmiş Azərbaycan gənci öz milli- mənəvi sərvəti olan İslam dinini, onun prinsiplərini, cəmiyyətdəki rolunu yaxşı bilmir”.
Bunu da qeyd edək ki, bir müddət öncə Azərbaycana səfər edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da bəyan etmişdi ki, azərbaycanlı gənclər əsasən Türkiyə vasitəsi ilə Suriyaya gedirlər. Buna görə də bildirmişdi ki, Azərbaycan hüquq-mühafizə orqanları şübhəli şəxslərin siyahısını Türkiyəyə verməlidir ki, onlar Türkiyəyə buraxılmasın.
Amma ekspertlərin qənaətinə görə, bu, ciddi arqument deyil. İlk növbədə ona görə ki, hüquq-mühafizə orqanları öncədən kimlərin Suriyaya getmək istədiyini bilə bilməz. Digər tərəfdən, bu şəxslər Türkiyədə bir neçə ay hərbi hazırlıq keçəndən sonra Suriyaya yola düşürlər. Deməli, əslində, bu problemi Türkiyə tərəfi daha rahatlıqla həll edə bilər. Buna görə də mütəxəssislər başqa təkliflər də səsləndirirlər. Məsələn, hesab edilir ki, Suriyaya gedən gənclərin valideynləri, yaxınları istintaqa cəlb olunmalıdırlar. Çünki bu şəxslər qanunsuz qruplaşma yaratmağa görə məsuliyyət daşıyırlarsa, ailə üzvləri də bu cinayəti bilərək gizlətməyə görə məsuliyyətə cəlb olunmalıdırlar.
Hesab edilir ki, bu yolla valideynlərin məsuliyyətini daha çox artırmaq olar.
Bunu da qeyd edək ki, son zamanlar Azərbaycanda nurçu təriqətinin də kifayət qədər gücləndiyi söylənilir. Düzdür, onların fəaliyyətində hələ ki, elə bir təhlükə yoxdur və onlar dinlərarası dialoq tərəfdarları kimi tanınırlar. Buna baxmayaraq, ekspertlər hesab edirlər ki, ümumiyyətlə, Azərbaycana kənardan gələn qeyri-ənənəvi təriqətlərlə məsafə saxlamaq vacibdir. Çünki bu təriqətlərin hansısa ölkələrin xüsusi xidmət orqanları ilə bağlılıqları artıq sirr deyil. Buna görə də hesab olunur ki, qısa zaman ərzində Azərbaycandakı ənənəvi dinlərin birgə məsləhətləşmələri həyata keçirilməlidir.
Bunu da vurğulayaq ki, belə ənənə Azərbaycanda olub və tətbiqinə yenə də ehtiyac var.
Ekspertlər bunu da bildirirlər ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətlərinin artırılmasına da ciddi ehtiyac var. Ən azından, komitənin yerli şöbələrinin imkanları artırılmalı, işçilərin sayı tələbata uyğun olaraq müəyyənləşdirilməlidir. Hazırda komitənin işçi potensilanın real ehtiyacdan bir neçə dəfə aşağı olduğu qeyd olunur.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə əsasında. Səhifəni hazırladı Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35