Əkbər Əlizadə: "Qənimət kimi tanınmaqdan qorxmuram"
11:21 13-03-2014
ŞOU
Əkbər Əlizadə: "Qənimət kimi tanınmaqdan qorxmuram"
Əkbər Əlizadənin kaspi.az-a müsahibəsini təqdim edir.
Teatrımızın öz
tamaşaçıları var
- Martın 10-da Musiqili Komediya Teatrının açılışı oldu. Teatr prosesinin yaxından iştirakçısı kimi deyə bilərsinizmi, orada hansı yeniliklər olacaq?
- Bundan əvvəl teatrın rəsmi açılışı olub. Adı dəyişilərək Musiqili Teatr kimi fəaliyyət göstərəcəyi qeyd olundu. Teatrın repertuarında müxtəlif janrlı tamaşalar - həm dram, həm faciə, həm tragikomediya, həm də müzikl olacaq. Musiqili Teatrın adı müxtəlif janrlarda olan tamaşaları nümayiş etdirməyə imkan yaradacaq.
- Bir neçə ildir ki, teatra marağın azaldığını söyləyirlər. Nəticələr də belə göstərir, amma nədənsə aktyorlar bunu danırlar...
- Teatrın hazırda problemləri çoxdur, burada problem təkcə tamaşaçı qıtlığı deyil. İndi insanlar əylənmək üçün teatra getməyə üstünlük vermirlər. Çünki texnologiya o qədər inkişaf edib ki, artıq bu sahəyə tələbat da azalıb. İndi sosial şəbəkələrin mövcudluğu, müxtəlif ölkələrin saysız-hesabsız telekanalları və bu kimi inkişafda olan sahələr artdıqca teatra üz tutanların da sayı azalır. Elə bir zamanda yaşayırıq ki, verilişlərə vaxtında deyil, istədiyimiz zamanda baxa bilirik. İndi arxivləşdirilmiş verilişlər var. Yəni tamaşaçılar mənim saat 8-də efirə gedən verilişimə həmin saatda deyil, başqa vaxt baxmaq imkanına malikdirlər.
Ola bilər ki, texnologiyanın belə inkişafına görə tamaşaçılar teatra axın etmirlər. Bizim telekanallar da tamaşaları lentə alıb efirdə göstərirlər. Əgər izləyici tamaşanı efir vasitəsi ilə izləyə bilirsə, niyə teatra gəlsin ki? Ümumiyyətlə, teatr elə bir məkandır ki, ora hamı üçün deyil. Yəni teatr bütün kütlə üçün nəzərdə tutulmayıb. Orada müxtəlif təbəqələr var. Əsasən teatra yaşlı nəsil gedir. Ancaq Musiqili Teatrda biz bu kasadlığı görmürük. Teatrımızın öz tamaşaçıları var. Teatrda çalışan aktyorlar da tamaşaçılar tərəfindən sevilir. Təvazökarlıqdan uzaq olsa da, elə tamaşaçılarımız var ki, tamaşalara baxmağa məxsusi olaraq mənim üçün gəlirlər.
Qənimət kimi
tanınmaqdan
qorxmuram
- Bəs, çəkildiyiniz “Üç bacı” serialına da tamaşaçılar sizə görə baxırlar?
- Orada böyük və mehriban bir kollektiv işləyir. Hər şey çox maraqlıdır.
- Serialdakı obrazınız insanların müzakirəsinə səbəb olur. Qorxmursunuzmu, tamaşaçıların yaddaşında elə serialdakı Qənimət kimi qalasınız?
- Xeyr. Təəssüflər olsun ki, bu gün tamaşaçı bizə hər zaman o mövqedən yanaşır. Onlar aktyoru səhnədə hansı obrazda görürlərsə, həmin obrazı da elə onun xarakteri ilə əlaqələndirirlər. Mənim isə bəxtim orda gətirib ki, teatrda fərqli obrazlar yaratmışam və tamaşaçıların yaddaşında fərqli obrazlar yaradan Əkbər kimi qalmışam. Tamaşaçı məni aparıcı kimi də qəbul edib. Seyrçi artıq bilir ki, Əkbər kimdir. Bu gün ekran arxasında əyləşən tamaşaçılar Əkbəri ovcunun içi kimi, onun mənfi və müsbət xüsusiyyətləri ilə bərabər tanıyırlar. Ona görə də tamaşaçıların məni Qənimət kimi tanımasından qorxmuram.
- Deyirlər ki, sizin xasiyyətiniz “Üç bacı”dakı Qənimətə uyğundur deyə, obrazınız gözəl alınır. Bu fikirlər doğrudurmu?
- (gülür) Deyirlər ki, aktyor hansı obrazı cani-dildən oynayırsa, demək ki, o obrazda həmin aktyordan hansısa bir xüsusiyyət var. Bəlkə də məndə o obrazın hansısa xüsusiyyəti var, deyə yaxşı alınır. Mən çox şeyə qarışıram, onu beynimdə müzakirə edirəm. Çəkiliş zamanı mütləq surətdə obrazıma müdaxilə edirəm. Deyirəm ki, elə yox, belə olsun. Bu xüsusiyyət Qənimətdə də var. Bu gün kişilərin yemək bişirməyinə, ev işləri görməsinə pis baxırlar. Ancaq belə baxanda, kişilərin elə ən yaxşısı dərzi və aşbaz olur. Bu baxımdan, müdaxilə etməyi yeri gələndə xoşlayıram.
Özümü dondurmuşam
- Sizin səhər verilişindən ayrılmağınız çox söz-söhbətə səbəb oldu. “Space”-i tərk etdiyiniz üçün peşman deyilsiniz ki?
- Səhər verilişindən getməyimə görə peşman deyiləm. Haradasa tamaşaçımı azdırdığıma görə heyfsilənirəm. Mənə baxmaq istəyən tamaşaçı hansı kanalda oluramsa-olum, məni axtarıb tapacaq. Qoy eşitsinlər ki, peşmançılığı mən yox, başqaları çəkir. Həyatda heç vaxt “heç vaxt” demək olmaz.
- Sizi yenidən “Space” telekanalına çağırsalar, gedərsinizmi?
- Əslində, o kanaldan məni verilişlərin birində işləmək üçün dəvət ediblər. Vaqif Mustafayev mənə deyib ki, biz səni gözləyirik. O kanaldan gedəndə də saytlarda açıqlama vermişdim ki, mənim kanalın rəhbərliyi ilə heç bir incikliyim yoxdur. Sadəcə olaraq, razılığa gələ bilmədik. İlk mərhələlərdə bir çox verilişlər var idi. Onlar mənim maraq dairəmdə idi. Səhnədə olan hər bir aktyor özünü bir verilişdə görür. Bir şeyi də nəzərinizə çatdırım ki, əvvəllər “Space” kanalında “Göz dəyməsin” verilişi var idi. Özümü orda gördüyümə görə verilişin aparıcısı Nüşabə Ələsgərlini tapdım.
Xahiş etdim, məni verilişə çağırdı və mənə dəstək oldu. Biz orda Nüşabə xanımla bir səhnəcik də göstərdik. Onun əli çox yüngül oldu və uğurlarımın davamı gəldi. Deyirlər, bir əldə iki qarpız tutmaq olmaz. Ancaq o baxır qarpızların ölçüsünə. Aktyor orqanik olmalıdır. Rejissorun ona verdiyi quruluşları tez bir zamanda mənimsəməyi bacarmalıdır. Rejissorlar mənə obraz təklif edəndə, mən onlardan heç bir təpki gözləmirəm. Hiss edirəm ki, içimdə rejissorluğa aid keyfiyyətlər də var. Ona görə özüm bu rolu həyata keçirirəm.
- Yeni layihələriniz varmı?
- İndi beynimdə çox ideyalarım var. Ancaq hazırda özümü dondurmuşam. Misal üçün, əgər müəllif proqramı açmaq istəyirəmsə, ərinirəm ki, gedim kiməsə ağız açım, sponsor tapım. İstəyirəm, mənə desinlər ki, bu tipdə veriliş var, hər şey hazırdır, sən mikrofonu tax, verilişin mövzusunu dəqiqləşdir, verilişini apar.
- Heç tənqidə tuş gəlmisiniz?
- Səhnədə çıxışımı tamamlayıb səhnə arxasına keçəndə məni kim tərifləyirsə, onun yalan olub-olmadığını o dəqiqə hiss edirəm. Əgər kimsə məni yalandan tərifləyirsə, eləcə başımı bulayıb keçirəm. Həyatda mənim üçün ən gözəl tərif tənqiddir. Amma əgər o, doğru tənqiddirsə. Tənqiddən nəticə çıxarıram.
Digər Xəbərlər
2024-12-25 11:01:00
2024-12-25 00:10:59
2024-12-24 21:20:55
2024-12-24 20:31:08
2024-12-24 19:39:46
2024-12-24 15:39:20
2024-12-24 14:50:27
2024-12-24 12:31:51
2024-12-24 00:09:55
2024-12-23 23:34:42
2024-12-23 20:08:25
2024-12-23 19:06:15
2024-12-23 18:45:44
2024-12-23 18:17:30
2024-12-23 15:54:27
2024-12-23 12:05:00
2024-12-22 17:41:07
2024-12-22 16:39:35
2024-12-22 10:10:52
2024-12-22 09:20:38