Milli və dini tolerantlıqda xarici siyasətin rolu
12:47 02-04-2014
SİYASƏT
Milli və dini tolerantlıqda xarici siyasətin rolu
Heydər Əliyevdən başlanan yol, İlham Əliyevlə davam edir
Fərqanə Nəcəfli: “Bu gün dünyaya azərbaycanlı kimliyini tanıtmaq, sevdirmək o deməkdir ki, ölkə daxilində də toplumun özünə inamı və birliyi artır. Çünki dünyanın ona diqqət ayırdığını görüb özünü cəmiyyətin aktiv üzvü hesab edir”
Hazırda Azərbaycan üçün prioritet məsələlərdən birincisi ölkədə siyasi stabillik, iqtisadi inkişafdırsa ,digər mühümü və birincini gücləndirən milli və dini tolerantlığın qorunmasıdır. Çünki əslində bir ölkədaxilində milli və dini tolerantlıqdan əlamət yoxdursa, qonşu dövlətlərlə millətlərarası münasibətlər pis durumdadırsa deməli hər hansı siyasi və iqtisadi stabillikdən danışmağa dəyməz. Deməli mədəniyyətlərin sintezindən, svilizasiyaların inteqrasiyasından danışmaq yersizdir.
Bu baxımdan Azərbaycandakı durum kifayət qədər qanedicidir və buna ciddi təsir edən amillərdən biridə mövcud hakimiyyətin həyata keçirtdiyi xarici siyasətdir. Hələ 1993-cü ildə Azərbaycanın qonşu dövlətlərlə münasibətlərinin gərgin olduğu, Azərbaycana ciddi basqıların olduğu bir zamanda Azərbaycan dövlətçiliyini mövcud parçalanmadan xilas edən Heydər Əliyev xarici siyasət kursunu bəyan etdi. Və məlum oldu ki, Azərbaycan istər Avropa, istər ABŞ,istər Rusiya, istərsə də İranla balanslaşdırılmış siyasət həyata keçirəcək. Yəni hər hansı tərəfin yedək oyunçusu olmayacaq. Əslində bu addım həm də Azərbaycanın daxili proseslərinə hesablanmışdı və bu yolla ölkədəki millətlərarası münasibətlərin inkişafı prosesinə start verilmişdi. Azərbaycandan fərqli olaraq Ermənistan konkret mövqe seçərək Rusiyanın vassalına çevrildi və bu gün Ermənistan bir tərəfdən təcrid olunmuş ölkəyə çevrilib, digər tərəfdən isə ermənistanda yaşayan ermənilərdən başqa bütün millətlər bu və ya digər səbəbdən ölkəni tərk ediblər.Heydər Əliyev isə gözəl bilirdi ki, güc dövlətlərinin Azərbaycanın müəyyən regionlarına təsir etmək imkanları var . Məsələn İran Əlikram Hümbətovun simasında cənub bölgəmizə, Rusiya “Sadval“ dilində şimal bölgəmizə ciddi zərbələr vurmağa çalışırdı. Amma Heydər Əliyevin həyata keçirtdiyi balanslaşdrılmış xarici siyasət nəticəsində bu dövlətlər tədrici şəkildə Azərbaycana təzyiqlərini azaltmağa başladılar. Heydər Əliyev isə bu siyasəti ilə ölkədə yaşayan milli azlıqları bir araya gətirə bildi və milli tolerantlığı bərpa etdi. Bu baxımdan Heydər Əliyevin uğurlu siyasi gedişlərindən biri də Bakı-Ceyhan neft kəmərinin fəaliyyətə başlaması oldu. Bu kəmərin iqtisadi səmərəsinin nə qədər olduğunu bilirik. Amma bu kəmər həm də svilizasiyaların qovşağı, Avropa ilə Asiyanın vəhdəti və bunun fonunda bir tərəfdən mədəniyyətlərin inteqrasiyası, digər tərəfdən isə millətlərarası münasibətlərin inkişafı oldu. Bunu da qeyd edək ki, Bakı-Ceyhan neft kəməri fəaliyyətə başlamayana qədər qərbdə erməni lobbisi Azərbaycan haqqında ağılasığmaz rəylər yaratmışdılar və demək olar ki, informasiya savaşında məğlub olmuşduq. Amma bu kəmərin fəaliyyətindən sonra Avropaya öncə neftimiz, daha sonra isə mədəniyyətimiz, kimliyimiz axmağa başladı. Məhz bundan sonra erməni uydurmaları ifşa olunmağa başladı. Bunu da qeyd edək ki, Azərbaycan İran və Rusiya ilə sərhəd ölkə olsada, qərbə və ABŞ-a bir başa çıxışı yox idi. Nəticədə elan olunan balanslaşdırılmış xarici siyasətdə çatlar əmələ gələ bilərdi. Amma Bakı-Ceyhan neft kəməri bu balansı tam bərpa etdi və nəticədə Azərbaycanın bütün toplumlara yanaşması və çıxışı eyni həddə oldu. Ekspertlər də etiraf edirlər ki, həmin illərdə Heydər Əliyev bu formalı xarici siyasət yürütməsəydi, ölkədaxili milli və dini tolerantlığı tamamı ilə itirməli olardıq. Çünki AXC hakimiyyəti zamanı təbii şəkildə bir millətçilik dalğası ortaya çıxmışdı və bundan da kənar qüvvələr istifadə edərək milli azlıqları qıcıqlandıra bilmişdilər. Zəruri bir qeydi də nəzərinizə çatdıraq ki, Heydər Əliyev xarici siyasət kursunda balanslaşdırılmış siyasətdən istifadə etdiyi kimi, ölkə daxilində milli münaqişələrin olmaması üçün vahid ideologiya ilə də çıxış etdi. Bu isə azərbaycançılıq idi. Deməli dünənə qədər hər kəs özünü azərbaycanlı hesab edirdisə, bundan sonra da bu ahəng bərpa edildi. Bununla da daxili siyasətlə, xarici siyasətdə bir hormoniya yarandı. Nəhayət hakimiyyətə İlham Əliyev gəldi. İlk gündən Heydər Əliyev siyasətinə sadiq qalacağını, balanslı siyasətdən istifadə edəcəyini bəyan edən İlham Əliyev millətlərarası münasibətlərin inkişafı üçün maraqlı tezislə çıxış etdi. Prezident bəyan etdi ki, O, Azərbaycanda yaşayan Azərbaycanlıların yox, dünyada yaşayan azərbaycanlıların prezidentidir. Bu isə artıq Azərbaycan prezidentinin dinindən, irqindən aslı olmayaraq özünü azərbaycanlı hesab edən hər kəsə bir mesajı idi və milli tolerantlığın həlledici sütunlarından birinə çevrildi. Bununla yanaşı İlham Əliyev xarici siyasətdə bir korrektə də etdi və bəyan olundu ki, xarici dövlətlərlə qurulacaq münasibətlər bərabərhüquqlu səviyyədə olacaq. Bunun isə bir sra ciddi səbəbləri var idi. İlk növbədə bunu qeyd edək ki, Azərbaycan mədəniyyəti, kültürü artıq dünya tərəfindən tanınmağa başlanmışdı və biz özümüzü müdafiədə yox hucum diplomatiyasında hiss etməliydik. Elə bunu da bəyan edən İlham Əliyev ikinci mərhələyə start verdi. Bu mərhələ isə dünyaya millətlərarası münasibətlərin inkişafının yeni nümunəsinin nümayişi idi. Yeri gəlmişkən bunu da xüsusi olaraq qeyd edək ki, Heydər Əliyev Fonduda 10 il ərzində millətlərarası münasibətlərin inkişafı, mili və dini tolerantlığın qorunması üçün nəinki Azərbaycanda, həm də dünyanın bir sıra ölkələrində ciddi işlər gördü. Əsas məqsəd isə svilizasiyaların qovuşmasına nail olmaq və azərbaycanlı mənini dünyaya tanıtmaq idi. Sosioloq Fərqanə Qasımlı bununla bağlı “Unikal”a maraqlı açıqlama da verdi:-“Bu gün dünyaya azərbaycanlı kimliyini tanıtmaq, sevdirmək o deməkdir ki, ölkə daxilində də toplumun özünə inamı və birliyi artır. Çünki dünyanın ona diqqət ayırdığını görüb həm özünü cəmiyyətin aktiv üzvü hesab edir, həm də özündə bir məsuliyyət hiss edir. Bu baxımdan Heydər Əliyev Fondunun məhz Avropa və ABŞ-da mədəniyyətimizin, incəsənətimizin təbliğinə yer ayırması ölkədaxilində millətlərarası münasibətlərin inkişafına bir başa müsət təsir göstərir. Diqqət yetirin, “Eurovision” Mahnı Yarışması zamanı hər bir azərbaycanlı sanki ev sahibi idi və gələn qonaqlar bir başa onun qonağı idi. Bu ona görə belə olmuşdu ki, hər bir kəsdə məsuliyyət hissi pik nöqtəyə yüksəlmişdi və bir xalqlaşma prosesi gedirdi. Xalqlaşma olan yerdə isə milli və dini tolerantlıq kifayət qədər kökləşə bilir”. Bundan başqa İlham Əliyevin həyata keçirtdiyi xarici siyasətdə ki, son proseslərə baxaq. Bir tərəfdən Avropa Birliyi, digər tərəfdən isə Avrasiya İttifaqı qapımızı döyüb əməkdaşlıq istədilər. İlham Əliyev isə açıq şəkildə bəyan etdi ki, Avrasiya İttifaqına üzv olmağa hazırlaşmır, amma Rusiya ilə müttəfiq olaraq qalacaq. Həmçinin bəyan etdi ki, Avropa Birliyinə və ya NATO-ya qoşulmaq niyyətində deyil, amma qərb dövlətləri ilə sıx əməkdaşlıq edəcək, söz verildiyi kimi qərbin enerji təhlükəsizliyinin qorunmasında əsas fiqur olacaq. Amma Ermənistan Avrasiya İttifaqına üzv oldu və bu gün demək olar ki, iqtisadiyyatı tamamı ilə Rusiyanın nəzarətindədir və bundan sonra daha da pis olacaq. Və yaxud Ukrayna Rusiyadan bir dəfəlik üz çevirərək qərbə yön aldı. Nəticədə bir dövlət kimi mövcudluğu şübhə altındadır, Krımı faktiki itirib, ölkədaxilində isə milli və dini tolerantlıqdan bir işarə belə qalmayıb. Azərbaycanda isə proseslər öz axarındadır və güman edilir ki, bundan da yaxşı durum olacaq.
Beləliklə gördüyünüz kimi həyata keçirilən xarici siyasət bilavasitə milli və dini tolerantlığa təsir göstərən faktordur. Bunu da qeyd edək ki, super güclər adətən bir ölkədə xaos yaratmaq istəyirlərsə mütləq həmin ölkənin daxilində milli münqişələrin yaranmasına, dini tolerantlığa zərbə vurmağa cəhdlər olur. Elə son prezident seçkilərində də bunun şahidi olduq. Müəyyən qüvvələr Azərbaycanda dini təriqətlərin toqquşmasını yaratmağa çalışdılar, müəyyən qüvvələr isə milli azlıqları hərəkətə gətirməyə çalışdılar. Hətta Avropa Parlamenti kimi nüfuzlu bir təşkilatın ofisində Azərbaycan vətəndaşı olmayan talışların toplantısı keçirildi və Azərbaycanla bağlı mənfi rəylər yaratmağa cəhdlər edildi. Buna görə ilk növbədə Azərbaycan toplumu bu cür hallara qarşı həssas yanaşmalı və baş verə biləcək xoşagəlməz halların qarşısını öncədən almalıdır. Necə ki, son prezident seçkilərində Azərbaycan xalqı Rusiyanın müəyyən qüvvələri tərəfindən yaradılan Milli Şuraya inam göstərmədilər və Azərbaycanın sabitliyinə səs verdilər.
Digər Xəbərlər
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 16:47:00
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53
2024-12-23 19:20:00
2024-12-23 17:04:32