Azərbaycandan ATƏT-in Minsk Qrupuna tərs sillə
Azərbaycandan ATƏT-in Minsk Qrupuna tərs sillə

ATƏT-in Minsk qrupunun həmsədrləri Varşavada görüş keçirəcəklər. Bu barədə amerikalı həmsədr Ceyms Uorlik "Twitter" səhifəsində yazıb.
Diplomat bildirib ki, Varşava görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bundan sonra atılacaq addımlar müzakirə olunacaq. "Varşava görüşünü səbirsizliklə gözləyirəm", - deyə həmsədr qeyd edib. Lakin o, görüşün vaxtı və formatı barədə məlumat verməyib.
Məsələylə bağlı fikirlərini «Unikal"la bölüşən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bu tipli görüşlərin əhəmiyyətsiz olduğunu bildirib: «Bu görüşlərdən heç nə gözləmirəm. Beynəlxalq təşkilatlar tamamilə qeyri-obyektiv yanaşırlar. Minsk Qrupunun amerikalı həmsədri özünü qeyri-ciddi adam kimi aparır. Vaxtaşırı məntiqsiz açıqlamalar verir. Bu adam elə davaranır ki, elə bilirsən ki, mətbuat xidmətinin rəhbəridir. Mandatına aid olmayan məsələlərdən danışaraq, gülüş obyektinə çevrilir. İndi də Varşava ilə bağlı qeyri-ciddi açıqlamalar verir. Guya hansısa məsələ həll olunucaq. Yanlış bir mövqedir, Azərbaycan ictimaiyyətini aldatmağa yönəlik addımlardır. Bundan bir müddət əvvəl də Amerikanın Azərbaycandakı səfiri Riçard Morniqstar da bəyanat verdi ki, Qarabağ məsələsinin həllinin vaxtı çatıb. Amma bunlar həll deyəndə nəyi nəzərdə tuturlar? Bunların fikrincə, məsələnin həlli prezidentlərin tez-tez görüşməsidir, yaxud xalq diplomatiyası adı altında müəyyən təmasların həyata keçirilməsidir. Onlar istəyirlər ki, məsələ həll olunsun, amma düzgün prinsiplər seçmirlər".
QAT sədri onu da bildirib ki, Azərbaycanla Ermənistanın münaqişənin həlli ilə bağlı mövqelərində heç bir yaxınlıq yoxdur. Onun sözlərinə görə, İlham Əliyevin və Sarkisyanın birgə iştirak etdikləri tədbirdə bunun bir daha şahidi olduq: «Praqada keçirilən sammitdə gördük ki, Ermənistanla Azərbaycanın mövqeləri bir-birindən nə qədər uzaqdır. Sarkisyan çıxışda deyir ki, Dağlıq Qarabağ artıq özünü müstəqil dövlət kimi göstərir. Eyni zamanda, onun mənasız və əsassız çıxışlarına Azərbaycan prezidenti cavab verdi. İlham Əliyev bir daha elan elədi ki, Azərbaycan torpaqları işğal altındadır. Əslində, Azərbaycan prezidenti ortaya düzgün mövqe qoydu və reallığı nəzərə çatdırdı. Amma məsələ ondadır ki, Ermənistan tərəfi yalan danışa-danışa fərqli mövqe sərgiləyir. Ona görə də vasitəçilər də, digərləri də heç bir iş görmürlər. Azərbaycan tərəfi də onlardan nəsə gözləməməlidir. Nə qədər görüş olur-olsun, məsələni həll etmək mümkün olmayacaq".
ADP sədrinin müavini Taliyyət Əliyev "Unikal"a açıqlamasında Qarabağ münaqişəsinin diplomatik yolla həlli istiqamətində atılan addımları yetərsiz sayır: "Ümumiyyətlə, ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsi missiyası bu günə qədər problemin həll olunması istiqamətində heç bir irəliləyişə nail olmayıb, əksinə problemin konservləşdirilməsinə xidmət edib. Ona görə də bundan sonra da ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ problemini sülh yolu ilə nizamlayacağına ümid azdır. Aparılan danışıqlar, verilən bəyanatlar da imitasiya xarakteri daşıyır".
Müsahibimiz həmsədrlərin budəfəki görüşündən də hər hansı bir nəticə gözləmir. Onun sözlərinə görə, Varşavada ənənəvi görüşlərdən biri olacaq: "Varşava görüşü də bu qəbildən olan növbəti bir görüşdür, ona görə də müsbət bir nəticə gözləmək olmaz. Bunun da əsas səbəbi ondan ibarətdir ki, Minsk Qrupunda təmsil olunan dövlətlər – ABŞ, Fransa və Rusiyanın bu bölgədə özlərinə məxsus siyasi maraqları var və hər bir dövlət də bu problemin özünün siyasi maraqları baxımından həll olunmasını istəyir. Ona görə maraqlar toqquşur və nəticədə problem həll olunmadan qalır. Biz dəfələrlə demişik və bu gün də bir daha təkrar edirik ki, Dağlıq Qarabağ probleminin ədalətli həlli üçün bu problem siyasi müstəvidə deyil, hüquqi müstəvidə həll olunmalıdır. İndiki məqamda isə Minsk Qrupuna olan-qalan ümidlər də heçə enir. Bu qrupda təmsil olunan Rusiya Dağlıq Qarabağın işğalında birbaşa və dolayısı ilə iştirak edib, bu gün də Ukrayna ərazilərini işğal etməkdədir. İşğalçı bir dövlətdən işğalın qarşısını alacaq addım gözləmək sadəlövhlükdür. Ona görə də ATƏT-in Minsk Qrupu ya buraxılmalı, ya da formatı dəyişdirilməlidir".

Z.MƏMMƏDLİ