Azərbaycan dinlərin, mədəniyyətlərin vəhdət məkanı kimi
11:37 13-05-2014
SİYASƏT
Azərbaycan dinlərin, mədəniyyətlərin vəhdət məkanı kimi
İlahiyyatçı Zaur Məmmədov: "Bir ölkədə iyirmidən çox müxtəlif millətlərin, mədəniyyətlərin varlığı və üç səmavi din başda olmaqla, müxtəlif məzhəblərin eyni hüquqa sahib olmasını mənəvi dəyər kimi qiymətləndirmək lazımdır"
Azərbaycanda milli-mənəvi dəyərlərin möhkəm olduğu və bu dəyərlərə xüsusi önəm verildiyi ölkələrdəndir. Tolerantlıq, millətlərarası münasibətlərin sivil müstəvidə qurulması baxımından da Azərbaycan xalqı dünyaya nümunə olacaq səviyyədədir.
İlahiyyatçı, Xaçmaz şəhər cümə məscidinin imam cüməsi Zaur Məmmədov mövzu ilə bağlı fikirlərini "Unikal"a bildirib. İlahiyyatçı öncə Azərbaycanda tolerantlığın tarixinə nəzər salaraq, bu sahədəki tarixi ənənəyə və hazırda ölkədəki durumla bağlı düşüncələrini bölüşüb. Onun sözlərinə görə, Azərbaycan xalqının tolerantlığa, qarşılıqlı münasibətlərin qurulmasındakı xoşməramlı niyyəti müsbət qiymətləndirilməlidir: "Heç şübhəsiz ki, Azərbaycan istər tarixdə, istərsə də müasir dünyamızda bu xüsusda nadir hesab olunacaq ölkələrdən biridir. Bu faktı sadəcə bizlər deyil, eyni zamanda, xarici müşahidəçilər belə təsdiq edirlər. Belə bir vəziyyət ümumi İslam dünyası acısından heç də ürəkaçan bir hal kimi qarşılanmasa da, ölkəmiz adına çox sevindiricidir".
Müsahibimiz dini zəmində ölkədə mövcud olan problemlərdən də danışıb. Onun sözlərinə görə, problemlər olsa da, onların həlli istiqamətində də müvafiq addımlar atılır: "Çox böyük təəssüf hissi ilə qeyd etmək istərdim ki, son bir neçə il ərzində ölkəmizdə dini zəmində baş verənlər bir inanclı vətəndaş kimi məni çox narahat edir. Apardığım müşahidələrə əsaslanaraq, deyə bilərəm ki, dünya xalqlarına nümunə olacaq bir çox ənənələrimiz kimi tolerantlıq ənənəsi də bəzi qüvvələr tərəfindən hədəf halına çevrilmişdir. Sistemdə bir problem yoxdur, tətbiqində çox səhv addımlar atılır. Bu da həmin qüvvələrin ölkəmizdə bu gün etibarı ilə ciddi sosial dəstəyə sahib olmamalarına baxmayaraq, gün keçdikcə xalqın baxışında dönüş yaratmaq üçün kifayət qədər əllərini gücləndirəcəkdir. Dövlətimizin bu yöndə apardığı siyasət və göstərdiyi səylər təqdirə layiqdir. Xüsusi ilə prezident seçkilərindən sonra daha da qabarıq şəkildə özünü büruzə verməkdədir. Lakin dünya təcrübəsində olduğu kimi, belə halların qarşısını almaq üçün sadəcə, dövlət və onun rəsmi qurumlarının gücü yetərsiz qalır. Unutmayaq ki, ali məcəlləmizdə yer alan sadəcə "Dini etiqad və vicdan azadlığı" qanunu bu qüvvələrin əlində dövlətə qarşı ən əlverişli bir bəhanədir. Odur ki, belə bir vəziyyətdə ictimai rəyə daha çox ehtiyac duyulur. Ölkəmizin sağlam gələcəyi naminə hər kəs xüsusi ilə elm və din xadimləri səfərbər olmalı və hər kəs daşın altına əlini qoymalıdır. Yaxın gələcəkdə belə bir addımların atılacağını ümid edirəm. Əks halda vəziyyətin daha da gərginləşəcəyi qaçılmaz olacaqdır".
Onu da nəzərə çatdırmaq lazımdır ki, Azərbaycanın mədəniyyətlərarası dialoqların təşkilində fəallığı ilə seçilməsi də mühüm məqamlardandır. Sözsüz ki, Azərbaycanın mədəniyyətlərarası dialoqların təşkilində fəallığı cəmiyyətə və dövlətçiliyimizə önəmli töhfələr verməkdədir. İlahiyyatçı alim Zaur Məmmədov da qeyd edir ki, mədəniyyətlərarası dialoqların təşkilində ölkəmizin dünyadakı yeri və rolu danılmazdır: "Məlum olduğu kimi, dövlətləri və cəmiyyətləri ayaqda tutan ən önəmli amil onların maddi və mənəvi dəyərləridir. Başqa bir tərəfdən, hər dövlət və millətlərin özünə məxsus fərqlilikləri var. Allaha sonsuz şükürlər olsun ki, doğma Azərbaycanımız nisbətən kiçik olsa da, bir çox maddi və mənəvi zənginliklərə sahibdir. Müstəqilliyinə qovuşduğu gündən bəri qısa zamanda bir çox sahələrdə inkişaf etməsi də məhz bu ilahi nemətlərin zənginliyinin bəhrəsidir. Hər növ yer altı və yer üstü sərvətlərə sahib olan belə bir ölkədə iyirmidən çox müxtəlif millətlərin, mədəniyyətlərin varlığı və üç səmavi din başda olmaqla, müxtəlif məzhəblərin eyni hüquqa sahib olmasını da mənəvi bir dəyər olaraq qiymətləndirmək lazımdır. Bu da bizim digər dövlət və millətlərdən fərqliliyimizdir. Tarixi araşdırdıqca məlum olur ki, Azərbaycan xalqı adətən çox təmkinli, ətraflı düşünən, bütün detallarına qədər ölçü götürən və fitrətən tolerant xalqdır. Bəzi millətlər kimi hər hansı bir hadisə ilə bu xalqı ayaqlandırmaq və cələyana gətirmək qeyri mümkündür. Bu da daha sağlam düşünmək, qarşı tərəfə hörmətlə yanaşmaq və ümum bəşər dioloq qurmaq üçün şərait və imkan yaradır".
Zaur Məmmədov onu da qeyd edib ki, Azərbaycanda mədəniyyətlər, dinlərarası münasibətlər dövlət siyasətinə çevrilib. Onun fikrincə, bu yanaşma, uzaq və yaxın tarixdə olduğu kimi, dövlətçiliyimizə və cəmiyyət olmağımıza öz töhfəsini verəcək: "Bizim dövlətçilik mədəniyyətimizdə qarşı tərəfə baxış formulu da digərlərindən çox fərqlənir. Bizim bəşəriyyətə münasibətimiz sadəcə bizimlə eyni dini və dili paylaşdıqlarına görə deyil, eyni zamanda yaranışda da eyni olduğumuza görə müəyyənləşir. Bu qayda İmam Əli (ə)-ın Malik Əştərə yazdığı məktubda bildirdiyi dövlətçilik konsepsiyasına da tam uyğundur. Bu da hər zaman uzaq və yaxın tarixdə olduğu kimi, dövlətçiliyimizə və cəmiyyət olmağımıza öz töhfəsini verəcəkdir. Əlavə olaraq bir nöqtəni də qeyd etmək istərdim ki, belə böyük bir dəyərlərə sahib olan bir xalqın, artıq dar çərçivədə düşünməyə haqqı yoxdur. Odur ki, yüksək dəyərə sahib olan dövlət və cəmiyyətlər gündəmi təyin edilən deyil, gündəm təyin edən bir gücə sahib olurlar. Unutmamalıyıq ki, sahib olmaq bir lütfdürsə, sahib çıxmaq hünərdir. Əgər biz bu dəyərləri qoruyub saxlaya və daha da inkişaf etdirə bilsək, istər rəsmi dövlət olaraq, istərsə də fərdi şəkildə getdiyimiz hər yerdə və hər cəmiyyətdə yüksək ehtiramla qarşılanar, daxili çəkişmələrin yaşandığı hər bir ölkə və xalqlar üçün də ən layiqli nümunə olarıq".
Təbii ki, Azərbaycanda dini zəmində, təriqətlərarası münaqişələr fonunda ciddi problemlər var. Azərbaycan vətəndaşlarının hansısa cərəyanların xətti ilə başqa ölkələrdə gedən müharibələrdə iştirakı məsələsi də cəmiyyəti və dövləti narahat etməkdədir. Belə ki, Suriya vətəndaş müharibəsi artıq birbaşa olmasa da, dolayısı ilə digər ölkələrə də, elə Azərbaycana da təsirini göstərməkdədir. Vətəndaşlarımızın bəzi məscidlərdə təsir altına alınaraq, qanuna-zidd fəaliyyətə cəlb olunması, xüsusən də gənclərdən istifadə valideynlərdə narahatlıq yaradıb. Bu səbəbdən də valideynlər daha çox məscidləri günahlandırırlar. İlahiyyatçı da bu məsələ ilə bağlı önəmli fikirlər səsləndirib: "Suriyada baş verən hadisələrin bizə nə qədər təsir göstərəcəyi ilk gündən bəlli idi. Şəxsən bu haqda istər çıxışlarımda istərsə də yazılarımda bildirmişdim. Təəssüf ki, düşüncələrim məni yanıltmadı və qorxduğumuz başımıza gəldi. Valideynlərin narahatçılığına gəlincə bunu normal qarşılayıram. Təbii ki, heç bir valideyn övladının belə bir məkirli siyasətin qurbanı olmasına razı olmaz. Getdikləri məscidlərdə aparılan təbliğatlardan təsirlənərək belə bir yola baş vurduqları üçün həmin məscidləri də qınaq obyekti halına gətirmələri də normaldır. Lakin həmin valideynlər bu xüsusda bir az da özlərini qınamalıdırlar. Çünki hər bir övladın gələcək həyat tərzi onun aldığı ailə tərbiyəsindən hətta ağzına qoyduğu hər tikəsinin halal-haram olmasından qaynaqlanır. Övladının getdiyi məscid, ətraf mühit, oxuduğu kitab və hətta qıldığı namaz haqqında bu günə qədər maraqlanmayan bir valideyn qarşıya çıxan hər hansı bir problemdən ötrü digərlərini necə qınaya bilər? Məncə bu kimi hallarda önə çıxan ən önəmli cəhət valideyn laqeydliyidir. Mən bir ruhani kimi bütün valideynlərə tövsiyə edirəm ki, övladlarının getdiyi məscid və cəmiyyətlər ilə yaxından maraqlansınlar. Unutmasınlar ki, onların öhdəsində çox önəmli bir vəzifə yəni cəmiyyətimiz üçün fiziki və psixoloji cəhətdən sağlam övladlar yetişdirmək məsuliyyəti var. Bu şərəfli vəzifəyə laqeyd qalanlar dünya durduqca tarixin, axirətdə isə Allahın qınağına tuş gələcəklər".
Z.Məmmədov ölkə telekanallarında və mətbuatda milli-mənəvi dəyərlərin işıqlandırılması məsələsinə də toxunub. Həmsöhbətimiz deyib ki, bu məsələ ilə bağlı çatışmazlıqlarımız var: "Ümumiyyətlə, ölkəmizin KİV-i cəmiyyətimiz adına ən yaralı yerimizdir. Çünki Azərbaycanın dövlət tv kanalları da başda olmaqla digər televiziya yayım şirkətlərinin gündəlik proqramlarının əsas hissəsini şou təşkil etdir. Bunun üçün milli-mənəvi dəyərlərin işıqlandırılması arxa planın da arxasına düşüb. Çox acınacaqlı bir hal yaranıb. Özəl media isə ümumiyyətlə, Azərbaycan xalqının deyil, yalnız öz anladıqları dinin təbliğatı ilə məşğuldurlar".
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53