Tolerantlıq və mövcud nəzəriyyələr
11:55 22-05-2014
SİYASƏT
Tolerantlıq və mövcud nəzəriyyələr
Azərbaycan nümunəsi nələri isbatlayır?
Son zamanlar Azərbaycanda dini tolerantlıqla bağlı ciddi addımlar atılmaqda və dövlət səviyyəsində yeni strukturlar yaradılmaqdadır. Bununla paralel olaraq maarifləndirmə işlərinə də xüsusi diqqət ayrılır və müxtəlif kurslar təşkil olunmaqdadır. Bu baxımdan Qafqaz Müsəlmanları İdarəsində (QMİ) may ayının 13-dən etibarən din xadimlərinin təkmilləşdirmə kurslarının fəaliyyətə başlamasına önəm vermək vacibdir.
Qeyd edək ki, sonuncu dəfə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr əvəzi Səyyad Salahlı dinləyicilər qarşısında çıxış edib. S.Salahlı "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin milli, dini və mənəvi dəyərlərinin bərpası və inkişafı, Sovet rejimi dövründə repressiyalara məruz qalmış dini abidələrin yenidən qurulması və dindarların istifadəsinə qaytarılması sahəsində xidmətləri" mövzusunda mühazirəsində müstəqillik qazandıqdan sonra ölkəmizdə bu sahədə görülən işlər barədə məlumat verib. Mühazirədə həmçinin Heydər Əliyev ideyalarına sadiq qalan və onu uğurla davam etdirən Prezident İlham Əliyevin xalqımızın mənəviyyatının əyani nümunələri sayılan maddi-mədəni abidələrimizin, müqəddəs ziyarətgahlarımızın bərpası ilə bağlı imzaladığı fərman və sərəncamlar, verdiyi tapşırıqlar barədə məlumat verən DQİDK rəsmisi müstəqillik dönəmindən sonra bərpa edilən Bibiheybət ziyarətgahı, Gəncədəki İmamzadə Kompleksi, Şamaxı cümə məscidi, Hacı Əjdərbəy məscidi və digərləri haqqında geniş danışılıb. Görüş daha sonra qarşılıqlı fikir mübadiləsi və sual-cavab şəklində davam etdirilmiş, din xadimlərini maraqlandıran suallar cavablandırılmışdır.Maraqlıdır, Azərbaycan kimi bir ölkə dini və milli tolerantlığın, millətlərarası münasibətlərin inkişafı ilə bağlı iri layihələr həyata keçirtdiyi bir məqamda Qərbdə müəyyən dairələrdə svilizasiyaların toqquşması, tolerantlığın sıradan çıxarılması kimi proseslər də baş verir. Bunun bariz nümunəsi isə islamafobiyanın artmasıdır. Ekspertlərin fikrincə islamafobiyanın artmasının bir səbəbi son illər terror aksiyalarının baş verməsi ilə bağlıdırsa, digər səbəb İslamın ciddi şəkildə yayılması ilə əlaqədardır. Hətta ABŞ və Britaniya alimləri apardıqları sosioloji tədqiqatlara əsasən bəyan ediblər ki, ən sürətlə yayılan din İslam dinidir. Hazırda dünyada 1,5 milyarddan artıq müsəlman var. Yəni dünyadakı hər dörd insandan biri İslama sitayiş edir.Müsəlmanların 2/3 hissəsi Asiyada, yerdə qalan hissəsi isə Afrikada və dünyanın başqa regionlarında yaşayırlar.
Miqrasiya və mühacirət nəticəsində Avropa ölkələri və ABŞ-da müsəlmanların sayı sürətlə artır.Analitiklərin hesablamalarına görə, artıq 15 ildən sonra Avropada dünyaya gələn hər 3 uşaqdan biri müsəlman ailəsində doğulacaq.Məhz bu göstəricilərə görə artıq Avropa ölkələri İsam dinini qəbul etmiş avropalı müsəlmanlara qarşı müəyyən təzyiqlər göstərir. Son zamanlar Avropa ölklərində bir neçə müsəlman xanımların ölümü və bundan başqa hicablı tələbələrin universitetə hicabla buraxılmaması sözügedən təzyiqlərdən xəbər verir. Lakin bütün bunların qarşılığında yenə də Avropa ölkələrində islam dininə olan maraq heç də azalmır. Xəbər verildiyi kimi İngiltərənin paytaxtı Londonda İslam Mədəniyyət Mərkəzində hər il 300-dən çox insan İslamı qəbul edir. "Hər gün minə qədər ölkə vətəndaşı İMM-ə baş çəkir. Buraya gələnlər arasında sadə vətəndaşlarla yanaşı, hökumət orqanlarının nümayəndələri də var. Mərkəzimizdə hər il 300-350 insan İslamı qəbul edir. Onların əksəriyyəti xristianlar olsa da aralarında yəhudilər, hindlilərə və digər konfessiya mənsublarına da rast gəlinir. İMM İngiltərədə fəaliyyət göstərən ən böyük İslam mərkəzidir. Mərkəzimizin yaxınlığında məscid, kitabxana və uşaq bağçası da var. Bizim rəsmi strukturlarla qarşılıqlı gözəl münasibətimiz yaranıb. Etiraf etməliyik ki, İngiltərədə fəaliyyət göstərən bir çox islam mərkəzinin qapıları müsəlman olmayanların üzünə bağlıdır. Bu mərkəzlərin əməkdaşları qeyri-müsəlmanları, eləcə də hökumət nümayəndələrini öz təşkilatlarına cəlb etməyə maraq göstərmir. Bəzən elə olur ki, mərkəzlərin qonşuluğunda yaşayan insanlar mərkəzin fəaliyyətindən bixəbərdirlər. Müsəlmanların gizlədəcək heç bir sirri yoxdur. Məqsədlərimizdən biri də ölkə müəslmanlarının poroblemlərini hökumətin nəzərinə çatdırmaqdan ibarətdir", - deyə İngiltərənin ən böük İslam Mədəniyyət Mərkəzinin (İMM) Baş katibi Əhməd Dubayan belə deyib.Amma bir sıra analitiklər tamamı ilə başqa və daha ciddi səbəblər göstərirlər. Belə ki, hazırda istər Şərqdə, istərsədə Qərbdə elə beyin mərkəzləri var ki, onlar svilizasiyaların vəhdətini qəbul etmir və hesab edirlər ki, svilizasiyaların yaxınlaşmas əslində toqquşmanın əsasını qoyur. Bu baxımdan Samuel Hantiqtonun yanaşması kifayət qədər ajiotajlı oldu və hazırda onun nəzəryyəsi sürətlə yayılır. Və Samuel Hantinqtonun hay-küylü "mədəniyyətlərarsı münaqişələr"nəzəriyyəsi təxmin edilə biləcək şəkildə güclü mübahisələrə və dünya siyasətini izləyənlər arasında böyük dartışmalara - hətta iki amerikalı politoloqun dili ilə desək "nəzəriyyələrin toqquşmasına"səbəb oldu. Hantinqtonun nəzəriyyəsi bir çox məsələlərlə bağlı olsa da, xüsusilə beynəlxalq münasibətlər, ABŞ-ın xarici siyasəti və İslam-Qərb, İslam-demokratiya münasibətləri sahələrində önəmli mübahisələr yaratdı. Yazı ilə bağlı münasibətləri nəzərdən keçirərkən onları şərti olaraq yeddi qrupa ayırmaq mümkündür.
Birinci qrupun fikrincə, Hantinqtonun nəzəriyyəsi soyuq müharibə sonrası dünya siyasətini qavramada "yeni bir paradiqma"vəd edir. Əvvəllər də deyildiyi kimi, Hantinqton, soyuq savaş dönəmində nüfuzlu olan dövlət-mərkəzli realist beynəlxalq münasibətlər teoriyasının müasir dövrdə öz əhəmiyyətini itirdiyini ifadə edib, mədəniyyətlər arası fərqliliklərin regional və qlobal münaqişələrə səbəb olacağını iddia etməkdəydi."Toqquşma" nəzəriyyəsinin yeni bir paradiqma olmaması fikrindən sonra Hantinqtona tutulan ən önəmli irad, təzə hakim olan "təkci-monolitik" mədəniyyət anlayışı və mədəniyyətlərin öz içərilərində saxladıqları fərqliliklər və toqquşmaları nəzərə almaması ilə bağlıdır. Bir çox alimlər Hantinqtonun yalnız Qərb və İslam anlayışını qəbul etməklə digər mədəniyyətləri onların içində əridərək fərqlilikləri yox saymasını düzgün hesab etmirlər.
Eyni zamanda Amerikada çoxmədəniyyətlilik - Amerikanlaşma düşüncə fikirləri arasında ciddi bir nəzəri toqquşmadan bəhs edən nəzəriyyəçilər də var ki, məsələn, Ceyms Kurt bunu "əsl toqquşma" olaraq dəyərləndirir. Kurta görə Qərb fikri son zamanlar ciddi bir təsirə məruz qalmaqdadır və gələcəkdə əsas toqquşma, Hantinqtonun düşündüyünün əksinə Qərblə digər dünya arasında (məsələn, İslam dünyası) deyil, birbaşa Qərbin öz içində Amerikadakı Qərb yönümlü mühafizəkarlar ilə (post-Vestern) liberal çoxmədəniyyətlilik arasında yaşanacaq. Digər tərəfdən Hantinqton, İslam dünyasının sahib olduğu sosial, mədəni və siyasi dinamikanı, müxtəlif nəzəri istiqamətləri və "minbir fərqli özəllikləri" diqqətə almamaqdadır. Bir çox nəzəriyyəçi (məsələn, İbrahim Kalin) Hantinqtonun təqdim etdiyi tək İslam mədəniyyəti anlayışı ilə razılaşmayaraq, müsəlman dünyasında bir çox fərqli mədəni mərkəzlərin və biri-birindən fərqli siyasi İslam və İslamçılıq anlayışlarının olduğunu önə çəkmişlər. Bu səbəblə, həmin ziyalılar İslam və Qərb haqqında Hantiqtonun irəli sürdüyü "tək mədəniyyət" anlayışının çözümlənməsi gərəkliyini önə sürmüşlər. Digər tərəfdən mədəniyyətlərin içində də bir çox münaqişələr yaşanmaqdadır. Məsələn, Əhrari və Hanterə görə İraq və Türk dövlətlərinin kürdlərə münasibəti, bizi fikrimizcə farsların türklərə (əsasən də Azərbaycan türklərinə) münasibəti Hantinqtonun "vahid İslam mədəniyyəti" haqqındakı nəzəriyyəsinə ziddiyyət təşkil edir. Mədəniyyətlər öz aralarında fərqlilik və toqquşmalara sahib olduğu kimi, dünya siyasətində fərqli mədəniyyətlərə aid iki ölkə arasında ciddi ölçüdə işbirliyinin varlığına da rast gəlmək mümkündür, bu zaman dövlətin və milli maraqların əsas götürülməsinə diqqət etmək lazımdır. Məsələn, Azərbaycan və İran İslam sivilizasiyasının tərkib hissələri olsalar da, İranın Azərbaycanın torpaqlarını işğal edən xristian Ermənistanla münasibətləri göz qabağındadır. Və ya hələ yaxın tariximizdə İran-İraq müharibəsi, İraqın Küveytə hərbi müdaxiləsi və ABŞ-ın öz maraqları çərçivəsində hərəkət edərək bir müsəlman dövlətinə hərbi yardıma gəlməsi buna əyani sübutdur. Başqa bir misal kimi 90-cı illərdə Türkiyə ilə İsrailin strateji əməkdaşlığının yüksələn xəttlə inkişaf etdiyi bir zamanda, onun paralel olaraq ərəb dövlətləri və İranla münasibətlərində soyuqluq yaranmasını göstərmək olar. Xüsusən ikinci tip münasibət, Hantinqtonun toqquşma nəzəriyyəsinin, mədəniyyətlərin özündə cəmləşdirdiyi fərqlilikləri və toqquşmaları diqqətə almaması üzərində yoğunlaşır. Eyni zamanda bu münasibətlərdə haqlı olaraq, nə Qərbin, nə də İslam dünyasının yekcins-monolitik olmadığını, daha da önəmlisi mədəniyyətlərin öz içindəki toqquşmaların mədəniyyətlərarası çatışmalardan daha çox gerçəyə əsaslandığını ifadə etməkdədir.
Üçüncü tip münasibət Hantinqtonun nəzəriyyəsindəki bir sıra metodoloji xətalar, həqiqəti ifadə etməyən nəticələr və tarixi təhriflərlə bağlıdır.
Mədəniyyətlərin toqquşması nəzəriyyəsinə tutulan digər irad isə, bu nəzəriyyədə tez-tez "biz"və "onlar"və ya "özümüz - başqaları"ifadələrindən istifadə edilməsidir. Tənqidçilər, Hantinqtonun İslam-Qərb münasibətləri anlayışının təməlində orientalist İslam təsəvvürlərinin üstün olduğunu söyləyirlər. Burada İslam Qərb üçün başlıca problem, hətta bir təhlükə olaraq dəyərləndirilməkdədir. Hantinqtonun nəzəriyyəsinin önəmli bir hissəsini də Qərb və Amerika elitası üçün təqdim etdiyi tövsiyyələr təşkil edir. Tənqidlərdə məhz bu tövsiyyələrin əsas qayəsini təşkil edən "düşmən-təhlükə"fikri əsas yer tutur. Hər halda son zamanlar Avropada populyarlaşan bu nəzəriyyə ilə yanaşı bir Azərbaycan praktikasıda var və buda mütləq şəkildə nəzərə alınmalıdır.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53