Etnoqrafik turizm marşurutları qıtlığı
10:56 28-05-2014
SİYASƏT
Etnoqrafik turizm marşurutları qıtlığı
Elxan Vəliyev : "Etnik xalqların yaşadığı bölgələrə etnoqrafik turizm marşurutları olmadığından, azsaylı xalqların həyatı, sənətkarlıq nümunələri, mətbəxi turistlərə təqdim olunmur"
Turizm dünya iqtisadiyyatında diqqəti cəlb edən, gəlirli sahələrdən biridir. Son illər ölkəmizdə turizmin inkişafında ciddi addımlar atılıb və turizm marşurutları müəyyən olunub. Amma çox təəssüf ki, etnik xalqların sıx yaşadığı ölkəmizdə onların turist cəlbetmə potensialından kifayət qədər istifadə olunmur.
Turizm sahəsi üzrə ekspert Elxan Vəliyev "Unikal"ın əməkdaşı ilə söhbətində deyib ki, Azərbaycan qədim tarixə, zəngin mədəni irsə və əsrarəngiz təbiətə malik olan bir diyardır: "Əlverişli coğrafi mövqedə yerləşməsi və zəngin təbiəti hələ qədim dövrlərdən bu ərazinin geniş yaşayış məskəninə çevrilməsinə səbəb olub. Tarixən Qərblə Şərq, Şimalla Cənub arasında "Qızıl körpü" rolunu oyanayan Azərbaycan yaşayış üçün əlverişli təbii şəraiti ilə tarixin müxtəlif dövrlərində bir çox insanları, qəbilə, tayfa və xalqları öz ərazisinə cəlb edib. Həm qədimlərdə, həm də müasir dövrdə Azərbaycan öz yüksək tolerantlığı ilə seçilən bir ölkə kimi qeyd olunub. Azərbaycanda bu dəyərə üstünlük verildiyindən daha da cəlbedici olub. İslam dininin geniş yayıldığı məkan, müxtəlif etnosların sülh içində yaşadığı ərazi, rəngarəng mədəniyyətlərin biri-birindən bəhrələnərək çiçəklənən diyardır, Azərbaycan. Tarixi mənbələr Azərbaycanın etnik tərkibinin daim genişləndiyini göstərir. İstər sülh, istərsə də hərb ilə bu zəngin əraziyə kənardan gələn etnoslar buranı özlərinə daimi yaşayış məskəni seçməyə çalışıblar. Bu gün Azərbaycan etnoqrafik rəngarəngliyi ilə seçilən ölkədir. Onun ərazisində müxtəlif millətlərin nümayəndələri ilə bərabər, tatlar, talışlar, molokanlar, ingiloylar, saxurlar, avarlar, ləzgilər, dağ yəhudiləri, xınalıqlılar, buduqlular, qrızlar kimi etnik qruplar yaşayırlar . Qeyd olunan etnik qrupların nümayəndələri özlərini azərbaycanlı saysalar da, hər bir qrup özünəməxsus fərqli mədəniyyətin elementlərini qoruyub saxlayıb. Bu mədəniyyət məişət həyatında, sənətkarlıqda, mətbəxdə və müxtəlif mərasimlərdə öz əksini tapmaqdadır. Əslində, Azərbaycanda etnik xalqların kompakt yaşadığı bölgələrə çoxlu sayda turist cəlb etmək olar. Çünki etnik xalqların kompakt yaşadığı ərazilər həm də coğrafi baxımdan, təbiətinə görə də turistləri cəlb edə bilər".
Ekspertin sözlərinə görə, bu gün Azərbaycanın gözəl təbiət mənzərələri olan bölgələrə turistlər gedir. Ancaq orada yaşayan azsaylı xalqların həyatı, sənətkarlıq nümunələri, mətbəxi onlara təqdim olunmur: " Bu gün yalnız Lahıcda bu iş aparılır. Halbuki elə ərazilər var ki, orada yaşayan etnik xalqların sənətkarlıq nümunələri, mədəniyyəti və sairdən istifadə etməklə, həmin bölgələrə turist axını yaratmaq olar. Çünki Azərbaycanda azsaylı xalqlar azad, demokratik şəkildə, fərq qoyulmadan yaşayırlar. Onların tarixi mədəni abidələri bu gün də qorunub saxlanılır".
Ekspert deyir ki, bu gün təqdim olunan turizm marşurutları Azərbaycanın etnoqrafik xüsusiyyətləri və zəngin mədəniyyəti ilə tanış olmağa imkan yaradır: "Amma Azərbaycanda etnoqrafik turizm marşurutlarının açılması, inkişaf etdirilməsi istiqamətində lazımınca iş aparılmır. Halbuki Nic kəndi (Qəbələ rayonu) – Udilər; Buduq kəndi (Quba rayonu) – Buduqlular; Xınalıq kəndi (Quba rayonu) – Xınalıqlılar; Laza kəndi (Qusar rayonu) – Ləzgilər; Lahıc qəsəbəsi (İsmayıllı rayonu) – Tatlar; Qum kəndi (Qax rayonu) – Saxurlar; Qrız kəndi (Quba rayonu) – Qrızlılar kimi etnoqrafik turizm marşurutları açaraq azsaylı xalqların hansı şəraitdə yaşaması, onlara göstərilən tolerant münasibəti təbliğ etmək olar. Götürək, Qax rayonunu. Bu rayonun gözəl təbiəti, səfalı meşələri diqqətdən kənarda qalmır. Eyni zamanda, azsaylı xalqların sıx yaşadığı ərazi olduğundan böyük turizm potensialı var. Zaqatalanın kəndlərində orta əsrlərə aid olan çoxsaylı tarixi-mədəniyyət abidələri vardır. Mosul kəndində məscidlər, yuxarı Çardaxlar kəndində qala, Car kəndində qala, Şeytan qala və s. turistlər üçün maraq obyektidir. Zaqatalada yaşayan bir çox xalqların, milli azlıqların özünəməxsus mədəniyyətləri də bura gələn turistlər üçün olduqca maraqlı olur. Quba – Xaçmaz turizm bölgəsində də etnik xalqların mədəniyyəti turist marağına səbəb ola bilər. Quba şəhərində çoxsaylı memarlıq və arxeoloji abidələr, muzeylər var. Quba ərazisində bir neçə millətlərin nümayəndələri yaşayır ki, onların da özlərinə məxsus mədəniyyətləri qonaqların diqqətini cəlb edir. Burada yaşayan xalqlar və milli azlıqlara misal olaraq ləzgiləri, yahudiləri, tatları, rusları və s. göstərmək olar. Qubanın Xınalıq kəndi bura gələn hər kəs tərəfindən xüsusi maraqla qarşılanır. Bu kəndin özünəməxsus mədəniyyəti, dili turistlər üçün, fikrimcə, böyük bir kəşfdir. Kənddə evlərin tikilişi qeyri-adiliyi ilə fərqlənir. Belə ki, burada bir evin damı digər evin həyətini təşkil edir. Bundan başqa, ümumiyyətlə kəndin mənzərəsi də olduqca gözəldir. Bunu sözlə ifadə etmək mümkün deyil. Sadəcə, görmək lazımdır. Bütün bunlar turizm üçün inkişaf perspektivləridir. Bu imkanlardan yararlanmaq turizmin inkişafını sürətləndirə bilər. Lənkəran – Astara turizm bölgəsi də turist marağı çəkə bilər. Buranın əhalisinin əksəriyyətini talışlar təşkil edir. Onların özünəməxsus mədəniyyətləri, xüsusi olaraq, turistlərin marağına səbəb olur. Rayonda bir sıra tarixi-memarlıq abidələri vardır. Bu abidələr turistlər tərəfindən maraqla qarşılanır. XVIII əsrdə tikilmiş "Lənkəran" qalasının qalıqları, "Hacı Qurban" və "Hacı Mirzə" hamamları, şəhərin özündə və kəndlərdə XIX əsrə aid olan məscidlər və s . bu abidələrə misal ola bilər. Lənkəranın da turizmin inkişafı üçün kifayət qədər potensialı var. İqlimi burada yay turizminin inkişaf etdirilməsinə imkan verir. Lənkəran ərazisində çoxlu otellər və istirahət obyektləri fəaliyyət göstərir. Qəbələ və Oğuz ərazisində udilər öz adət - ənənlərini və dillərini (yazısız) qoruyub saxlaya bilmişlər. Azərbaycan xalqının uzunmüddət formalaşması ilə vahid – azərbaycanlı etnosu yaranıb. Lakin udi – xristianlar bugünkü günümüzə qədər etnik qrup kimi öz dillərini, maddi və mənəvi mədəniyyətlərini qoruyub saxlayıb".
Həmsöhbətim deyir ki, azsaylı xalqların yaşadığı ərazilərə etnoqrafik turizm marşurutlarının açılması, inkişafı həmin bölgələrdə yaşayan xalqların maddi durumuna da müsbət təsir edə bilər: "Etnik xalqların mədəniyyəti turist üçün hər zaman maraq doğurur. Ona görə də, etnik xalqların mədəniyyəti turistlərə lazımınca təqdim olunmalıdır. Onların rəqsi, dili, mədəniyyət nümunələri, sənətkarlıq nümunələri geniş şəkildə əyani formada turistlərə göstərilməlidir. Bundan azsaylı xalqların da qazancı ola bilər. Onlar öz sənətkarlıq nümunələrini satışa çıxarmaqla, eləcə də, mətbəxlərini təqdim etməklə, pul qazana bilərlər. Fikrimcə, bunun üçün tur şirkətləri ciddi düşünməlidirlər".
Elxan Vəliyev onu da bildirir ki, xarici ölkələrdə etnoqrafik turizm marşurutlarından tur şirkətləri hər il milyonlarla manat qazanc əldə edir: "Tur şirkətləri istirahət məkanları üçün daha çox turlar təklif etsələr də, bizdə bunun üçün ikitərəfli imkanlar var: "Çünki, etnik xalqların yaşadıqları ərazilər təbiətinə görə də turist cəlb etmə imkanına malikdir. Yəni, etnoqrafiq tur sifariş edən turist həm gəzir, görür, həm də müxtəlif xalqların mədəniyyətləri ilə tanış olur".
Həmsöhbətimiz deyir ki, tur şirkətləri etnoqrafik turizm marşurutları ilə bağlı əməli işə keçməlidirlər: "Çünki burada söhbət təkcə qazancdan deyil, Azərbaycanı etnik xalqların mehriban şəraitdə yaşadığı bir diyar kimi təbliğ etməkdən də gedir. Bu gün Azərbaycan heç bir xalqın mədəniyyət nümunəsinə toxunmadığından , onu alnıaçıqlığı ilə təbliğ edə bilər. Üstəlik turistlərə həmin xalqlara göstərilən münasibəti, tolerantlığı canlı şəkildə sərgiləyə bilər. Bunun üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən də iş aparılmalıdır".
Digər Xəbərlər
2024-12-23 17:40:00
2024-12-23 17:04:32
2024-12-23 16:48:00
2024-12-23 16:35:46
2024-12-23 15:20:16
2024-12-23 14:02:12
2024-12-23 13:46:00
2024-12-23 11:05:03
2024-12-23 10:35:27
2024-12-23 09:02:41
2024-12-21 10:20:29
2024-12-20 22:41:09
2024-12-20 20:40:40
2024-12-20 20:16:32
2024-12-20 18:59:55
2024-12-20 18:53:55
2024-12-20 16:42:00
2024-12-20 16:20:59
2024-12-20 12:22:21
2024-12-20 11:10:26