"Qaçqınkom" sədri ingilis diplomatla Qarabağ münaqişəsini müzakirə edib
12:08 30-05-2014
SİYASƏT
"Qaçqınkom" sədri ingilis diplomatla Qarabağ münaqişəsini müzakirə edib
Əli Həsənov: "ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib"
Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov dünən Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kristofer Pinçerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Baş nazirin müavini Əli Həsənov Böyük Britaniya parlamentinin nümayəndə heyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi və ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib:"Son 200 ildə Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar. XIX əsrin əvvəllərindən başlayaraq Qafqazı işğal edən çar Rusiyasının sistemli siyasəti nəticəsində qonşu ölkələrin ərazisindən ermənilərin kütləvi şəkildə Azərbaycana, o cümlədən Dağlıq Qarabağ ərazisinə köçürülməsi həyata keçirilib. Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi - Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayonun işğal olunub, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilib, nəticədə milli-mədəni sərvətlərimiz talan edilib və bütün infrastruktur dağıdılıb" deyə Ə. Həsənov qonağın diqqətinə çatdırıb.
Əli Həsənov vurğulayıb ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul edilib. "Ermənistanın təcavüzkar siyasəti ATƏT, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə pislənilib. Təəssüf ki, bu qərar və qətnamələr hələ də kağız üzərində qalır. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib".
Ermənistanın Azərbaycan ilə qonşuluqda yaşamalı olduğunu vurğulayan Əli Həsənov bildirib ki, təcavüzkar dövlət ötən 20 ildə torpaqlarımızı işğal altında saxlamaqla heç nəyə nail olmayıb. "Bu dövrdə Ermənistanın iqtisadiyyatı daha da ağır vəziyyətə düşüb. Bu 20 ildə erməni xalqı münaqişədən heç nə qazanmayıb. Azərbaycan bütün dövrlərdə dözümlülük, tolerantlıq məkanı olub. Müstəqil Azərbaycan öz siyasətini bu möhkəm təməl üzərində qurur. Bu gün müxtəlif millətlərin və dinlərin nümayəndələri Azərbaycanda dostluq və mehribanlıq şəraitində yaşayırlar. Azərbaycan Hökuməti qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görür. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan ayrılan vəsait hesabına 180 min qaçqın və məcburi köçkün yeni qəsəbələrə köçürülüb və bu proses davam edir"deyə Ə. Həsənov vurğulayıb.
Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kristofer Pinçer bildirib ki, 80 nəfər üzvü olan dostluq qrupu ilk dəfədir Azərbaycana belə böyük tərkiblə səfər edir. Bu da onu göstərir ki, Böyük Britaniyada Azərbaycana getdikcə maraq daha da artmaqdadır. Böyük Britaniya parlamentində Azərbaycan haqqında fikirlər müxtəlifdir və buna görə də digər deputatlara Azərbaycan ilə bağlı obyektiv məlumat vermək dostluq qrupunun üzvlərinin borcudur.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda qonaqlara "Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı" kitabı, Ermənistanda azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətini və erməni silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalının ağır nəticələrini əks etdirən disklər təqdim edilib.
Digər Xəbərlər
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53
2024-12-23 19:20:00
2024-12-23 17:04:32
2024-12-23 16:48:00
2024-12-23 16:35:46
2024-12-23 15:20:16
2024-12-23 14:02:12
2024-12-23 13:46:00
2024-12-23 11:05:03
2024-12-23 10:35:27
2024-12-23 09:02:41
2024-12-21 10:20:29
2024-12-20 22:41:09
2024-12-20 20:40:40