Müxtəlif dini baxışların tolerantlıq məkanı
10:51 05-06-2014
SİYASƏT
Müxtəlif dini baxışların tolerantlıq məkanı
Əhməd Niyazov: "Bölgədə dini dözümlülük, siyasi sabitlik, xalqlar dostluğu , insanlar arasında dostluq və mehribanlıq kimi ülvi hisslərə malik bir həyat davam edir"
Əsrlərcə Azərbaycanda müxtəlif etnik və dini qruplar arasında dinc yaşama və tolerantlıq ənənələri formalaşıb. Tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var. Hətta Azərbaycanın müxtəlif dinə sitayiş edən azsaylı xalqların kompakt yaşadığı bölgələrində belə, fərqli dinə mənsub insanlar arasında heç bir konflikt yaşanmır, onlara dini baxışlarına görə hər hansı məhdudiyyətlər tətbiq edilmir. Götürək elə Qax-Zaqatala bölgəsini. Bu bölgə azsaylı xalqların, müxtəlif dinə sitayiş edən etniklərin kompakt yaşadığı ərazi hesab olunur. Bölgədə əsasən iki dinin nümayəndələri üstünlük təşkil edir. Xristianlar və müsəlmanlar.
Bakı İslam Universitetinin Zaqatala Şöbəsinin dekanı Əhməd Niyazov "Unikal"a açıqlamasında bildirib ki, Qax rayonunda xristian inqiloyların və gürcülərin ibadət etdikləri kilsə var: "Tarixə nəzər saldıqda Çar Rusiyasının dəfələrlə bölgədə xristianlığı yaymaq və bölgəni xristianlaşdırmaq cəhdlərinin uğursuz olmasını görürük. Dəfələrlə Balakəndə, Əliabadda və digər yerlərdə kilsə tikmək istəsələrdə yerli xalqların kəskin müqaviməti ilə qarşılaşdılar. Xristianlıq öz daxilində bir neçə qola ayrılır. Bölgədə yaşayan xristianlar arasında bu dinin yalnız 3 məzhəbinə ibadət edənlər vardır. Digər qollara mənsub xristianlar bölgədə yoxdur. Pravaslavlıq-Xristianlığın şərq qolu, katoliklik və protestantlıqla bərabər onun üç istiqamətindən biridir. Bölgə xristianları əsasən Rusiya ilə əlaqəsi olan pravaslav məzhəbinə mənsub xristianlardır. Çünki Çar Rusiyasında yaşayan xristianların əksəriyyəti pravaslavlardır. Zaqatala - Balakən bölgəsində pravaslav məzhəbinə mənsub xristianlar dini ayinlərini ancaq öz evlərində qeyd edirlər. Onların dini ayinlərini icra etməsi üçün fəaliyyət göstərən kilsələr nə Zaqatalada nə də Balakəndə yoxdur. Pravaslavlığın digər qanadı olan molokanlar bölgədəki rusların əksəriyyətini təşkil edir. Onların Zaqatalada və Balakəndə sayları azalıb. Rus olsalarda heç bir məzhəbə etiqad etməyən xristianlar çoxdur. Xristianlığın bir qolu olan katolisizmin mənsubları bölgədə lap azdır. Çünki hələ sovetin dövründən xristianlığın bu qolunu təmsil edənlər Rusiyada az olublar. Bu gün bölgənin dini tolerantlığına misal olaraq Xristianlığın bir məzhəbi sayılan protestanlığın bir bölməsi olan Baptizmi göstərmək olar. Zaqatalanın Əliabad kəndində bu məzhəbin mənsubları var. Baptislərin saylarına gəldikdə Əliabad qəsəbəsində təxminən 10 ailə bu məzhəbə mənsubdurlar. Əliabaddakı baptistlər ayda bir dəfə "Evharista" bayramını qeyd edirlər. Bu bayram ərəfəsində onlar şərab və çörək paylayırlar. Dini ayinlərini başçılarının evində yerinə yetirirlər. Uşaqlarını 16 yaşında vaftiz - baptist- edirlər. Müqəddəs kitab kimi Əhdi - Ətiq və Əhdi-Cədidi qəbul edirlər. Müsəlman əhalisi ilə aralarında heç bir toqquşma halı qeydə alınmayıb. Evharista bayramından başqa onlar Noel və Pasxa bayramlarını da qeyd edirlər".
Ə. Niyazovun sözlərinə görə, bəşəriyyətin son və ilahi dini olan İslam dini bölgə xalqlarının həyatına tam oturub: " Bu xalqların həyatının elə bir sahəsi yoxdur ki, orada İslam dininin izlərinə rast gəlinməsin. Bölgə xalqları dedikdə əsasən müsəlmanlar nəzərdə tutulur. Bu müsəlmanlar hər bir işə "Bissimillah" kəlməsi ilə başlayır. İslam dini bölgə xalqlarının qəlbinə tam yerləşmişdir. Bunu tarixi qaynaqlarda təsdiq edib. Cəmiyyətin elə bir sahəsi yox idi ki, orada İslam dininin elementlərinə rast gəlməyək. İslam xalqlara qardaşlıq, vətənpərvərlik, insaniyyət gətirdi. Hər bir sahədə İslam öz sözünü deyirdi. Bölgə xalqları hər bir işdə olduğu kimi bu bayramların və ölkə mərasimlərinin ,dövlət tədbirlərinin keçirilməsində fəal iştirak edirlər. Təkcə dini deyil digər xalqların və milli bayramların qarşılanmasında milli ornamentlərindən və elementlərindən istifadə olunur. Ramazan bayramında, bir aylıq yasaqdan sonra yemək içmək sərbəstliyi, fitrə sədəqəsi, həcc və qurban, fərz və bayram namazları, qurban ətləri, qohum-əqrəba və dostların ziyarəti bunların sırasından sayıla bilər.
Zaqatala-Balakən bölgəsinin xalqları İslam dininə daha çox bağlı olduğundan ən çox Qurban və Ramazan bayramları toplu şəklində qeyd olunur. Novruz bayramında isə əsasən milli mətbəx nümünələrindən, milli musiqilərdən istifadə olunur. Onu da qeyd edək ki, bölgədə hər bir xalqın öz dillərində ifa edilən musiqi dərnəkləri ,ansamblları fəaliyyət göstərir. Qurban bayramı-müsəlmanların ən böyük dini bayramı sayılır".
Ə. Niyazovun sözlərinə görə, Qurban bayramı günü namazdan sonra qurbanlar kəsilir, hər kəs qurbanını kəsmək üçün evə tələsər: " Muxax, Tala, Katex, Qabaxçöl, Əliabad kimi kəndlərdə bayram günü çox təntəli surətdə qeyd olunur. Müsəlmanlar bu günü xəstə qohum-əqrəbasınının evinə gedərək hal-əhval tuturlar. Kəsilən qurban ətindən 7 ya da 3 evə pay verilir. Pay verilmə zamanı yoxsullar qurban kəsmək imkanı olmayan adamlar nəzərə alınır, mümkün dərəcədə hər evdə ətin bişməsi və qazanın asılması təmin olunur. Bayram günü saxurlar ilk təbriki qızından başlayırlar. Bayram namazından çıxan ata və qardaşlar birinci qızlarını, bacısını təbrik edirlər. Cavanlar qocalmış valideynlərini yoxlayır onların qulluğunda dururlar.Bayram yumurtası ilə balacaları sevindirmək kənd yerlərində yayğın adətlərdəndir. Uşaqlar da bu bayramı yüksək həvəslə qarşılayırlar. Qurban bayramında müsəlmanlar bir-birini təbrik edirlər. Kəsilən qurbanların qəbul olunması üçün Allaha dua edirlər. Qurban bayramında saxurlar, avarlar, inqiloylar və digər müsəlmanlar əvvəlcə bayram namazını qılmaq üçün məscidə yığışırlar. Hər bir mömin böyük bir fərəh içində bu bayramı qarşılayır. Bayramın qarşılanmasında millət, xalq fərqləri yoxdur. Hamı üzünü bir olan uca Allaha qibləyə qarşı tutur. Burada bəzi cüzi fərqlər vardır ki, onlar da ancaq bayramlaşma ilə bağlıdır. Demək olar ki, hər bir kəndin bayramı qarşılama ilə bağlı öz adətləri vardır. Bu adətlər kəndən-kəndə dəyişir. Namazdan sonra bayramlaşma və salamlaşma keçirilir. Bayram günü Muxax kəndində bütün evlərdə aş bişirilir. Hamı böyük - kiçik dəstə-dəstə bütün kəndi gəzməlidir. Hər kəs öz yaşına uyğun yoldaş tapır və bu əziz bayramı onunla bir yerdə gəzirlər. Kənd cavanları bir meydana yığışaraq yumurta döyüşdürürlər. Ağsaqqallar və orta yaşlılar isə daha çox xəstə ziyarəti ilə məşğul olurlar. Bayram süfrəsi hər cür nemətlərlə dolu olur. Bu bayramda spirtli içki içilmir. Bayramın əvvəlki günü "Böyük gecə" adlandırılır,həmin günü kişilər qəbirstanlığa "Qulfu"ya gedirlər. Hər bir müsəlman öz yaxınının qəbri başında dayanır ona rəhmət oxuyaraq Allahdan onun günahlarının bağışlanmasını diləyir. Bu adətlər artıq bütün bölgəyə məxsusdur. Bayramın ertəsi isə qadınlar qəbirstanlığa gedir.onlar da eyni ilə əzizlərinin ruhuna "Yasin" oxutdurur sədəqə paylayırlar. Ramazan ayında isə bölgə müsəlmanları oruc tutmaqla və gecə ibadəti etməklə bu ayı keçirirlər. Bölgədə dini yaşam qaydaları güclü olduğundan bu ayda toylar, məclislər qurulmaz. Mağazalarda və iaşə obyektlərində spirtli içkilər yığışdırılır, vitrinlərdə müsəlmançılığa və İslama zidd şeylər qoyulmur. Zaqatala - Balakən bölgəsi dinin ən çox yaşandığı və etiram bəsləndiyi bölgələrdən biridir. Bölgə xalqlarını birləşdirən amillərdən biri də İslamın onurğa sütunu olan namaz və bayram günləridir.Bölgədə dini dözümlülük, siyasi sabitlik, xalqlar dostluğu , insanlar arasında dostluq və mehribanlıq kimi ülvi hisslərə malik bir həyat davam edir. Bölgə xalqları arasına məzhəb, din ,millət kimi təfriqə salan proseslərdən tam uzaqdır. İnanclar müxtəlif olsa da ideya, vətən, milli siyasət birdir. Azərbaycanın həm daxili həm də xarici siyasəti vətəndaşlarına düzgün və şərəfli xidmətə istiqamətlənib".
Digər Xəbərlər
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53
2024-12-23 19:20:00
2024-12-23 17:04:32
2024-12-23 16:48:00
2024-12-23 16:35:46
2024-12-23 15:20:16
2024-12-23 14:02:12
2024-12-23 13:46:00
2024-12-23 11:05:03
2024-12-23 10:35:27
2024-12-23 09:02:41
2024-12-21 10:20:29
2024-12-20 22:41:09
2024-12-20 20:40:40