Azərbaycan xalqının tolerantlığı başqalarına nümunədir
11:09 06-06-2014
SİYASƏT
Azərbaycan xalqının tolerantlığı başqalarına nümunədir
Tahir Abbaslı: "Uzun müddət yəhudilər, ruslar və ermənilərlə birgə yaşayıb, duz-çörək kəsərək işgüzarlıq əlaqələrimiz, qonşuluq münasibətlərimiz olub, biz tərəfdən bir dəfə də olsun, narahatçılıq yaradılmayıb"
Azərbaycanda dini tolerantlığın yüksək həddə olduğu bu regionda bir sıra dinlərin, təriqətlərin rahat şəkildə yaşaması ilə təsdiqlənir. Bu ərazidə tarix boyu dini. Etnit və milli zəmində toqquşmaların olmaması da buna əyani sübutdur.
Budəfəki müsahibimiz Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Hacı Tahir Abbaslı da ölkədəki tolerantlığın səviyyəsi barədə müsbət fikirdədir: "Bismilləhir rahmənir rahim. Bu suala cavab verərkən bir neçə məqamı önə çəkmək istəyirəm. Bu məqamın biri, ümumiyyətlə, Azərbaycan xalqının tolerantlığıdır. Yəni, ölkəmizin çoxluq təşkil edən müsəlman kəsimini digər dinlərin nümayəndələrinə yaxşı münasibət göstərməsi üçün xüsusi iş aparmaq lazım gəlmir. Digər amil isə vətəndaşlarımızın dinimizə biganəliyi və laqeyidliyidir. Reallıq odur ki, insanlarımız dinin buyurduqlarını QMİ-nin çərçivəsində başa düşürlər. Allahı tanımaq, Ona bəndə (qul) olmaq, mənəvi azadlıq, kamil insan yetişməsi anlamı yuxarı ziyalı səviyyəsində olmadığından, zahiri toleriantlıq görüntüsünü də yarada bilib. Halbuki, İslam dinimiz tolerantlıqdan da yuxarıdır. O ki qaldı siyasi hakimiyyətin üzərinə düşən işə, məncə, bu müstəvidə də ciddi problem görmürəm. Digər dini kəsimlərin öz dini inanclarını reallaşdırması üçün də şərait yaradılır. Din dövlətdən ayrı olsa da, dövlətin müvafiq strukturları bu istiqamətdə işlər aparır. İbadət evlərinin inşasına şərait yaradılır, təmir olunur və s. Amma problem missioner təşkilatların bu tolerantlığa vurduğu zərbədir. Mənə elə gəlir ki, dövlətin müvafiq strukturları bu təhlükə ilə mübarizənin daha da gücləndirməlidirlər".
Azərbaycanda dinin dövlətdən ayrı olduğunu xatırladan AİDP sədri din-dövlət münasibətlərinin tənzimlənməsində müəyyən problemlərin olduğunu vurğulayıb, amma onların həlli istəqamətində səylərin olduğunu qeyd edib: "Düzdür, hakimiyyət dövlət - din münasibətlərinin tənzimlənməsində müəyyən rol oynayır. Amma dindarlara münasibətdə müəyyən problemlər var. Məncə, məhz bu münsibətin nəticəsi bu gün özünü ayr-ayrı zərərli təriqətlərin güclənməsinə və Azərbaycan gənclərinin döyüş zonalarına getməsinə səbəb olub. Hesab edirəm ki, dövlət din münasibətlərində dindarlara münasibət dəyişməlidir, onların fəaliyyəti üçün daha səmərəli mühit yaradılmalıdır. Xüsusilə də Azərbaycansevər dindar kəsimi, yəni, xaricdən idarə olunmayan, göstəriş almayan dindar kəsim qorunmalıdır. İstər müxalifət olsun, istər bitərəf. Bizə xaricdən idarə olunan deyil, Azərbaycanda özünü idarə edən siyasətçi dindarlara ehtiyacımız var".
Müsahibimiz Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitənin bu istiqamətdə apardığı fəaliyyət barədə də fikirlərini bizimlə bölüşüb. Onun sözlərinə görə, QMİ qeyri hökumət təşkilatı olduğundan, onların fəaliyyətlərindən nə isə böyük işlər gözləmək və ummaq düzgün olmazdı: "Biz istərdik ki, QMİ bütün dindarları öz ətrafında birləşdirə bilsin. Təbliğat işləri də yetərincə olmadığı qənaətindəyəm. Başlı- başına qalan dindarlar bəzən özlərinə sərf edən dini baxışlara, yanlışlıqlara üstünlük verirlər. Bundan başqa, ölkədə aparılan dini təbliğat missionerlərin fəaliyyətindən geri qalır. Biz bunu Suriyaya gecən və orada ölən gənclər məsələsində də gördük. Suriyada gedən proseslər deyərdim ki, birbaşa Azərbaycana təsir göstərdi və bu təsir qəfil olsa da, hesab edirəm ki, xeyli müddət əvvəldən başalayan prosesin nəticəsi idi. Övladı Suriyaya gedən valideyinlərin mediaya verdiyi müsahibələrdə də bunu görmək mümkün idi. İndi hər kəs sual edir ki, "bunlar nə vaxt vəhhabilərin təsirinə düşdü, nə vaxt vəhabi oldular və nə vaxt Suriyaya getdilər. Cavab sadədir. İllərdir bu təbliğat gedirdi və indi də nəticəsini verdi. Sosial problemlərlə üzləşən, heç biri dini dünyagörüşü olmayan gənclər pul və missionerlərin cənnət, cəhənnəm söhbətləri ilə tora salındı və ölümə göndərildi. Bu proses bir qədər səngisə də, indi də davam edir. Mən məscidləri günahlandıran valideyinləri qınamıram. Təbii ki, məscidlərin günahı var. Çünki missionerlər məhz məscidlərdə məskən salaraq bu əməlləri gerçəkləşdirib və gənclərin Suriyaya getməsinə nali olublar".
Qeyd edək ki, Azərbaycanda etnik xalqları qızışdırmaq, dövlətçilik əleyhinə cəhdlərə sövq etmək zaman-zaman olub və imkan olduqca buna cəhdlər davam etdirilir. Sözsüz ki, bu cəhdlər Azərbaycanda tolerantlıq modelini, xalqların münasibətini dəyişməyə hesablanıb. Tahir Abbaslı deyir ki, bu yöndə olan səylərdən narahat olmağa dəyməz. Onun fikrincə, bu tipli addımlarla tolerantlığa zərbə vurmaq sövdası baş tutan deyil: "Milli təfəkkür, hakimiyyət və dövlət kifayət qədər bu məsələdə ayıq və agahdırlar. Bundan başqa, insanlarımızın qohumluq, dostluq və işgüzarlıq əlaqələri də artıq cəmiyyətdə balanslaşdırılmış və mülayim siyasət yürüdülməsinin tərəfdarıdır. Heç kim qarışıqlıq salaraq, həddini aşmaq niyyətində deyil. Tariximizə nəzər saldıqda dünyaya örnək ola biləcək nümunələrimiz və etnik xalqlara münasibətlərimizin şahidi oluruq. Uzun müddət yəhudilər, ruslar və ermənilərlə birgə yaşayıb, duz-çörək kəsərək işgüzarlıq əlaqələrimiz, qonşuluq münasibətlərimiz olub. Bu arada, biz tərəfdən bir dəfə də olsun narahatçılıq olmayıb. Amma etnik xalq olaraq dini, etiqadı və əqidəsi xristian olan ermənilər dəfələrlə bizlərə qarşı dözümsüzlük edərək, hər cür xəyanət və təcavüz ediblər. Bu nöqteyi-nəzərdən dövlətçiliyimizə düşmən olan xarici qüvvələrin israrlı təzyiqləri olarsa, etnik xalqlar təsir altına düşə bilər və ciddi problemlər yaşana bilər. Elə bilirəm ki, hal hazırda belə qarışıqlıq mümkün deyil".
Tahir Abbaslı İslamda başqa dinlərə dözümlu, tolerant yanaşmaq tələbləri barədə də önəmli məqamlara toxunub. Müsahibimiz İslami dəyərlərin tolerantlıqdan da yuxarı olduğunu xüsusi vurğulayıb. Onun qənaətincə, tolerantlıq sadəcə, sülhə dəvət edir, amma İslam dinc yəhudi, məsihi və başqalarını sevin deyir. "İslam dini, real və demokratik dindir. Allah Quranda dəfələrlə bu mövzularda belə buyurub: Kafirun surəsində: "De: "Ey kafirlər! Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm, siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm, siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Sizin dininiz sizə, mənim dinim də mənədir!", "Dində məcburiyyət yoxdur" və s. Dəvət etmək və düşündürməkdən başqa yol göstərmir. Zorakılıq, məcburiyyət, öldürmək, təhqir etmək, aşağılamaq, abır-həyanı aparmaq, təkəbbürlük kimi xüsusiyyətləri bəyənmir və onlarla mübarizə etməyin yolunu göstərir. Əgər belə hal olarsa, artıq yanlışlıqdır və dinimizdən uzaqdır. Hz. Məhəmməd (s): İnsanlar hamılıqla Allahın əyalı (bəndələri)-dir. İlahi dərgahında insanların ƏN SEVİMLİ-si isə, başqalarına daha artıq FAYDA yetirəndir. Burda demir ən sevimli müsəlmandır, deyir ən sevimli xalqa fayda verəndir.
İmam Əlinin Malik Əştərə naməsi 53-də deyir ki: İnsanlar ya dini qardaşındır ya insanlıqda səninlə bərabərdir... Hamını sev və qayğısına qal. Hz. Peyğəmbər (s) buyurur: "Hər kim bir zimmini incidə elə bil məni incidib.. Məni incidənlə də qiyamət günü hesabım ağır olacaq".
Ali İmran surəsi, ayə 64-də buyurulur: "(Ya Rəsulum!) Söylə: "Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! ( O kəlmə budur: ) "Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!" Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: "İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq (Allaha təslim olanlarıq)!"..
Mümtəhinə surəsi, ayə 8-də: "Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!".
Nisa surəsi, ayə 90-də: "Ancaq sizinlə aralarında əhd olan bir tayfaya sığınanlar, yaxud sizinlə və ya öz qövmlərilə (Məkkə müşriklərilə) vuruşmaqdan ürəkləri sıxılaraq (xoşlanmayaraq) sizin yanınıza gələn şəxslər müstəsnadır. Əgər Allah istəsəydi, onları sizin üstünüzə qaldırardı və onlar da sizinlə vuruşardılar. Əgər onlar sizdən aralanıb bir tərəfə çəkilsələr və sizinlə vuruşmayıb sülh təklif etsələr, o zaman Allah sizin üçün onların əleyhinə çıxmağa heç bir yol qoymaz".
Ənbiya surəsi, ayə 107- də: "Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik. (Sən təkcə insanlara deyil, eyni zamanda cinlərə də peyğəmbər göndərilmisən. Bütün aləmlər əhli, o cümlədən göydəki mələklər, yerdəki insanlar və cinlər sənin vücudunla şərəfə nail olurlar. Sənin sayəndə günahkarlara möhlət verilmiş, hətta səni inkar edənlərin belə cəzası qiyamətə qədər təxirə salınmışdır. Möminlər isə sənə iman gətirməklə dünyada böyük savab qazanıb axirətdə yüksək dərəcələrə, əbədi səadətə nail olacaqlar)". Bu mövzuda Qurandan ayələr və hədislərdən istənilən qədər nəzərinizə çatdırmaq olar. Elə bilirəm ki, düşünmək üçün bu qədər yetər. Dinimiz kamil dindir. Bəşərin xilası üçün gəlib, tək müsəlmalar üçün deyil. Ona görə Allah Quranda ayrı-seçkilik salmır və çox vaxt " Ey insanlar" deyə münacat edir. Bəşərin nicatı, təfəkkür edərək, Dinimizdən, Quranımızdan öyrənərək və Allahın buyurduqlarına əməl etməkdədir. Azərbaycan cəmiyyətin İslami dəyərlərə söykənən cəmiyyət olduğu üçün tolerantlıq, başqalarına dözümlü və humanis yanaşma əsas faktora çevrilib". – deyə müsahibimiz fikrini tamamlayıb.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53