Milli Məclisin komitə sədri Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılmamasının səbəblərini açıqlayıb
10:57 07-06-2014
SİYASƏT
Milli Məclisin komitə sədri Bakı Böyük Şəhər
Bələdiyyəsinin yaradılmamasının səbəblərini açıqlayıb
Arif Rəhimzadə: "Bakının bir bələdiyyə ilə idarə edilməsinə nə cəmiyyət hazırdır, nə də bələdiyyələr o yükü öz üzərinə götürə bilər"
"Gələcəkdə Bakı Böyük Şəhər Bələdiyyəsi yaradıla bilər. Ancaq hazırda bu, qeyri-real məsələdir. Çünki Bakı Azərbaycanın yarısıdır".
Bunu açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.
A. Rəhimzadə bildirib ki, Bakının bir bələdiyyə ilə idarə edilməsinə hələlik nə cəmiyyət hazırdır, nə də bələdiyyələr o yükü öz üzərinə götürə bilər: "Ona görə də bu məsələ hələlik rayon səviyyəsində qalıb, bələdiyyələr Bakının rayonlarında yaradılıb. Digər tərəfdən, hazırda Azərbaycanda mərkəzləşmə yüksək səviyyədədir. Bunun əsası da var. Birinci, bizim qaçqınlarımız, məcburi köçkünlərimiz var, müharibə şəraitindəyik. İstər-istəməz mərkəzləşmə olmalıdır. Bələdiyyələrin görməli olduğu bir çox işi hazırda respublika təşkilatları görür. Vəziyyət normal hala düşəndən, Dağlıq Qarabağ məsələsi həll olunandan, əks mərkəzləşmə prosesi gedəndən sonra şəhər bələdiyyəsi də yaradılacaq, bu istiqamətdə digər islahatlar da gedəcək. Digər tərəfdən, Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması yönündə Avropa Şurasından həmişə təkliflər olur. Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinə daxil olanda imzalanan sənədlərdə maddələr var. Tutaq ki, gərək 20 maddədən 15-i mütləq həllini tapsın. Azərbaycan nəzərdə tutulan maddələri yerinə yetirib. Bəzi məsələlərin həlli isə vaxt tələb edir. Bakı Böyük Şəhər Bələdiyyəsi də bu sıradadır".
A. Rəhimzadə deyib ki, qanuna uyğun olaraq bütün bələdiyyələr Milli Məclisdə yaradılmış reyestrdən keçməli, reyestrdə bələdiyyələrin sərhədləri, bu sərhəd daxilində dövlət, xüsusi mülkiyyət və bələdiyyələrə aid olan əmlaklar əksini tapmalıdır: "Bununla əlaqədar hazırda respublikada böyük iş aparılır. Qarşıya qoyulan əsas vəzifə odur ki, bələdiyyələrin CPS vasitəsi ilə dəqiq xəritəsi çəkilsin, koordinatları, döngə nöqtələri qeyd olunsun. Bu, çox böyük vaxt və vəsait tələb edən məsələdir. Bakı, Sumqayıt, ümumiyyətlə, Abşeron ərazisində mübahisələrin yaranmasının əsas səbəbi odur ki, hazırda bələdiyyələrin sərhədləri ilə bağlı məsələ tam həllini tapmayıb. Bakını götürək. Baxırsan ki, ərazidə dövlət mülkiyyəti də, xüsusi mülkiyyət də, dövlət obyektləri də var, bir ərazi digərinin içinə daxil olur. Xəritə olandan sonra gərək yerində də qeyd olunsun ki, sərhəd harada qurtarır, harada başqa sərhəd başlayır. Bu, çox ciddi məsələdir. Məsələn, 3 il əvvəl Azərbaycanla Rusiya arasında sərhədlər müəyyənləşdirildi. Rusiya və Azərbaycan arasında elə bir mübahisəli məsələlər yoxdur və lazımi qərarlar da qəbul edilib. Ancaq o xəritəni naturaya, yerə keçirmək və demək ki, haradan Rusiya başlayır, hara Azərbaycanın ərazisidir, bunun üçün gərək dəqiq xətt keçirilsin, nişanlar basdırılsın. Hətta onun mürəkkəb texnologiyası var, məftil çəkilir, dirəklər qoyulur, bəzi yerlər qazılaraq kömür basdırılır, çünki kömür uzun müddət həll olunmur. Bu proses ən azı 3-4 il çəkəcək. İndi Bakını götürsək, hər rayonun, hər qəsəbənin bələdiyyəsi, əraziləri var. Bunların hamısını dəqiqləşdirib xəritəyə köçürmək, kompüterə keçirmək və onlara şəhadətnaməni vermək vaxt tələb edir. Düzdür, biz tənqid edirik ki, bu prosesi tezləşdirmək lazımdır. Ancaq özümüz də başa düşürük ki, bu, çox vaxt və vəsait tələb edən məsələdir. Ona görə də mübahisələr yaranır. Məsələn, Abşeron rayonunda kəndlər var ki, ərazi Bakının hesab olunur, ancaq uzun müddət orada təsərrüfat fəaliyyəti ilə Abşeron rayonu məşğul olub. İndi də bu məsələ hələ tam həllini tapmayıb. Çünki xəritə çəkilməli, dəqiqləşdirmə aparılmalıdır. Dəqiqləşdirmə də belədir ki, gah o tərəf, gah bu tərəf etiraz edir ki, ora mənim ərazimdir".
A. Rəhimzadə bələdiyyələrin sərhədlərinin dəqiqləşdirilməsi, xəritələrin hazırlanması prosesinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparıldığını açıqlayıb: "Prosesi tək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi aparmır, gərək məsələ həm də Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılsın. Çünki həmin ərazilərdə dövlət əmlakları da var. Bakı və Sumqayıt, ümumən Azərbaycan miqyasında bu proses nə vaxt başa çata və torpaqlarla bağlı mübahisələrin nə vaxt tam aradan qalxacağına gəlincə, mübahisələr heç vaxt aradan qalxmayacaq. Bir müddətdən sonra bir bələdiyyə deyəcək ki, o vaxt bu məsələ düzgün həllini tapmayıb, o, bizim ərazimiz olub. Hansısa sənədləri gətirəcək və proses gedəcək. Amma elə düşünürəm ki, 2-3 ilə bu məsələ həllini tapar. Bunun özü də Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması üçün bir baza olacaq".
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53