Azərbaycanda tolerant ənənələrin qorunub-saxlanmasında mətbuatın rolu
10:32 18-06-2014
SİYASƏT
Azərbaycanda tolerant ənənələrin
qorunub-saxlanmasında mətbuatın rolu
Son illər Azərbaycanın tarixinin, mədəniyyətinin, ölkəmizdə qədimdən var olmuş tolerantlıq, mədəniyyətlərarası dialoq irsinin dünyaya çatdırılması istiqamətində həm dövlət tərəfindən, həm də qeyri-dövlət xəttilə geniş işlər görülür.
Şübhəsiz ki, bu dəyərlərin ictimaiyyətdə təbliği də önəmli faktorlardan biridir. Heç təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu da məhz bu dəyərlərin təbliğ olunması üçün layihələri maliyyələşdirir, fərdi müsabiqələr keçirir. Azərbaycan mətbuatında tolerantlıq prinsiplərinin təbliğ olunması səviyyəsinə nəzərə yetirmək üçün bir neçə ekspertlər söhbətləşdik.
Jurnalist Araşdırmaları Mərkəzinin (JAM) sədri Seymur Verdizadə "Unikal"a açıqlamasında öncə Azərbaycandakı dini, milli və mədəni tolerantlığın səviyyəsindən danışıb. Onun sözlərinə görə, Azərbaycan bu dəyərlərə xüsusi önəm verilən ölkələrdən biridir: "Azərbaycan tolerant ölkədir. Hələ sovet dövründə vətənimiz beynəlmiləl ölkə kimi tanınırdı. Azərbaycanda həmişə müxtəlif xalqların və millətlətin nümayəndələri azad, xoşbəxt yaşayıblar. Tarixə ekskursiya edib, Azərbaycan Demokratik Respublikasının parlamentinə nəzər salsaq, bunun əyani şahidi olarıq. Bu müsbət tendensiya sovet dövründə də davam etdi. Keçmiş SSRİ süqut edəndən sonra da Azərbaycan xalqı öz tolerantlığını qoruyub-saxlaya bildi. Rəsmi statistikaya görə, bu gün Ermənistanda başqa xalqların və millətlərin nümayəndələrinin sayı ölkə əhalisinin heç 1 faizini də təşkil etmir. Əgər bu gün diplomatik korpusların nümayəndələri istisna olmaqla, Ermənistanda 1 nəfər belə müsəlman yoxdursa, bu, həm rəsmi hakimiyyətin, həm də erməni xalqının aqressiyasının bariz nümunəsi kimi qiymətləndirilməlidir".
S.Verdizadə dini tolerantlığın təmini baxımından ölkədə kifayət qədər şəraitin yaradıldığını vurğulayıb: "Təqdirəlayiq haldır ki, Azərbaycan dövləti bu coğrafiyada yaşayan bütün xalqların nümayəndələrinin öz dini ayinlərini sərbəst şəkildə yerinə yetirmələri üçün hər cür şərait yaradıb. Bu gün Azərbaycanda məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar da mövcuddur. Başqa xalqlara məxsus olan bu ibadət evləri dövlət tərəfindən vaxtaşırı təmin olunur, zərurət yarandıqda yeniləri inşa edilir. Sevindirici haldır ki, bu gün Azərbaycanda yaşayan ruslar, gürcülər, yəhudilər və digər xalqların nümayəndələri bu ölkəni özlərinin əsl vətəni sayır, milli adət-ənənələri qoruyub saxlayır, öz dinlərindən irəli gələn ayinləri sərbəst şəkildə icra edirlər. Əgər diqqət yetirsək görərik ki, Azərbaycanda doğulan yəhudi uşaqlarının əksəriyyətinin adı Bəsti, Günay, Anar, Elmirdir. Bu, Azərbaycan xalqının tolerantlığının ən bariz nümunəsidir".
JAM sədri hesab edir ki, Azərbaycanda tolerant ənənələrin qorunub-saxlanmasında ölkə mətbuatının da böyük rolu var. Onun sözlərinə görə, Azərbaycan mətbuatında heç vaxt dini ayrı-seçkiliyi təbliğ edən yazılar yer almayıb: "Azərbaycan jurnalistləri həm yerli, həm də beynəlxalq qanunvericilikdən irəli gələn tələblərə həmişə əməl edir, öz yaradıcılıqlarında milli birliyi, həmrəyliyi, sevgi və barışı təbliğ edən mövzulara üstünlük verirlər. Yaxşı haldır ki, dövlət özü də bu nəcib ideyaların təbliğ edilməsində mətbuata dəstək olur, KİV-i bu işə təşviq edir. Xüsusilə, Azərbaycan Respublikasının Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun, QHT Şurasının və Gənclər Fondunun bu istiqamətdə gördüyü iş təqdirəlayiqdir. Hesab edirəm ki, bu nəcib ideyaların təbliği istiqamətində fəaliyyət bundan sonra da davam etməli, donor təşkilatlar vətəndaş cəmiyyəti institutlarını və mətbuatı tolerant dünyagörüşün yayılmasına təşviq etməlidirlər".
Müsahibimizin müəyyən təklifləri də var: "Məncə, qəzetlər həftədə ən azı 2 dəfə Azərbaycanda tolerantlığı təbliğ edən materiallar dərc etməlidirlər. Əlaqədar təşkilatlar jurnalistləri bu prosesə qoşmaq üçün tez-tez müsabiqələr keçirməlidirlər. KİV nümayəndələrinin başqa dinlərin daşıyıcıları olan insanların kompakt yaşadıqları bölgələrə səfərləri təşkil olunmalıdır. Radio və televiziyalar isə tolerantlığı təbliğ edən verilişlər hazırlamalı, müxtəlif dini qrupların təmsilşilərini ilə müsahibələr təşkil etməlidirlər. Bütün dinlər sevgini, sülhü təbliğ edir. Biz tolerantlığı həm də rahat, xoşbəxt həyat naminə təbliğ etməliyik".
AMEA-nın Şərqşünaslıq institutunun dissertantı, Azərbaycan Birlik Təşkilatının rəhbəri Vüsal Hətəmov bildirib ki, Azərbaycan həmişə tolerantlığa yüksək qiymət verən və qarşılıqlı etimadın gözlənildiyi bir məkan olub. Ekspert hesab edir ki, bu dəyərlərin mətbuatda da təbliği vacib məsələlərdəndir. Onun sözlərinə görə, hazırda media üzərində aparılan təbliğat təhlükəli forma ala bilər: "Sözüsüz ki, təhlükə hər zaman var və vəziyyət daha da pis ola bilər. Hələ ki, dözümlüdürlər, amma potensial virtual döyüş təhlükəsi var. Çünki indi hər təriqətin öz mətbuatı var və bu vasitə ilə təbliğatlarını qururlar. Ümumiyyətlə, KİV-i 3 yerə bölsək, hər sahədə fərqlidir. Qəzetlər bu sahədə zəif təsirə malikdir. Elektron saytlarda tolerantlıq telekanallara baxsaq, bir qədər yumşaqdır. Buna da səbəb yəqin ki, saytların dövlət nəzarətində olmamasıdır. Xalq içindən çıxan sayt jurnalistləri bir qədər bir-birinə hörmət bəsləyir. Düzdür, burada bəzi təkfirçi, radikal saytları və onlara bağlı xəbər portalları istisnadır. Telekanallarda isə vəziyyət bərbaddır. Xalqımızın məşhur dini adət-ənənələrinə belə, dözə bilmirlər. Misal üçün, məhərrəmlik aylarında toy seriallarının çəkilməsi onların ənənəvi şilək məzhəbinə "dözümünü" göstərir. Hesab edirəm ki, bu, tolerantlığa zidd məqamdır".
Vüsal Hətəmov onu da bildirib ki, KİV-də tolerantlıq dəyərlərini təbliğ eləmək üçün məsələyə daha peşəkar yanaşmaq lazımdır: "Məncə, savadlı ilahiyyatçılardan da redaksiyaya mütəxəssis məsləhətçi kimi dəvət etmək və özü də tanınmış və xalq içinə çıxmış olsun ki, qoy xalqın xeyrinə danışsın, məzhəbinin yox. Ümumiyyətlə, jurnalistika həssas sahə olduğu üçün, üstəgəl də, dini sahədə, məsələ bir qədər peşəkarlıq tələb edir. Bizdə KİV əksər hallarda, sünni regionunda sünnilərin, şiə regionunda da şiələrin inanclarının əleyhinə yazı hazırlamağa çalışır. Və bununla da izləyiciləri özlərinə cəlb etmək istəyirlər. Halbuki dini jurnalsitikanın prinsiplərinə görə jurnalist dini yazı hazırlayarkən regionun adət-ənənəsini də nəzərə almalıdır. Burada, məncə, əsas problemlərdən biri də bu sahədə yazan jurnalistlərin bilgilərinin yetərincə olmamasıdır. Hesab edirəm ki, həmin jurnalistlər ən azından dini jurnalistika sahəsində treninqlərdə iştirak etməlidirlər. Treninqlər də bir saat da olsa, savadlı ilahiyyatçıya təlim üçün vaxt verilməlidir. Sadaladığım faktorlar nəzərə alınsa, tolerantlıq və bu kimi dəyərlər daha dolğun və düzgün təbliğ olunar. Medianın önəmi böyükdür, ona görə də diqqətli olmaq lazımdır".
İlahiyyatçı alim, Xaçmaz şəhər cümə məscidinin imam cüməsi Zaur Məmmədov bu sahədə problemlərin olduğunu bildirsə də, tolerantlıq və bu kimi dəyərlərin KİV-də təbliğ olunduğunu da dilə gətirib.: "Özəl telekanalların da içində milli və dini ruhumuza zidd olan təbliğat aparanlar da vardır. Övladlarımız öz milli və dini dəyərlərini ən çox seyr etdikləri televiziyalardan izləyə bilmirlər. Bədii filmlərdən cizgi filmlərinə qədər, hətta uşaqlar üçün nəzərdə tutulan verilişlər belə dəyərlərimizə ziddiyət təşkil edir. Bir neçə verilişdən başqa dinimiz və milli kimliyimizi cəmiyyətə tanıtdıracaq heç bir proqram izləmək mümkün deyil. Onlar da həftədə sadəcə, bir dəfə yayımlanır. Bəlkə də bunun bizə məlum olmayan səbəbləri var".
Sonda Z.Məmmədov tolerantlıq, dini mənəvi dəyərlərin düzgün təbliğatının aparılmasının vacibliyini vurğulayıb. "Görünən odur ki, cəmiyyətimiz dini və milli dəyərlərini öyrənmək üçün digər bir çox yollara baş vurur ki, bu da ünvanı səhv saldıqda ciddi problemlər yaradır. Hesab edirəm ki, İdman və Mədəniyyət tv kimi xüsusi olaraq bu sahə üçün də ayrıca bir kanala ehtiyacımız var. Bundan başqa, dini və milli kimliyimizə zidd olan yayımla məşğul olan televiziya və digər media quruluşlarına ciddi xəbərdarlıq olunmalıdır. Əks halda, qanunda nəzərdə tutulan cəzalar tətbiq olunmalıdır. Bizim sözümüzün azadlığı inkişafımıza xidmət etməyəndən sonra o sözün heç bir dəyəri yoxdur", - deyə müsahibimiz fikrini tamamlayıb.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53