Tolerantlığı olduğu kimi anlayırıqmı?
13:26 20-06-2014
SİYASƏT
Tolerantlığı olduğu kimi anlayırıqmı?
Qələm Sahiblərinin baxışları "Unikal"da
Bu gün dünyanın yaşadığı ən mühüm problemdən biri milli və dini tolerantlığın qorunmasıdır. Təssüflər ki, hazırda svilizasiyaların toqquşması prosesi baş verir və tolerantlıq ciddi şəkildə zədələnməkdədir. Əslində bunun ciddi səbəblərindən biri də budur ki, tolerantlığı olduğu kimi anlamayanlar daha çoxdur.
Azərbaycana gəldikdə isə dövlətin tolerantlığa həssas yanaşması, marifləndirmə işlərini gücləndirməsi faktdır və buda reallıqdır ki, Heydər Əliyev Fonduda bu istiqamətdə prinsipial işlər görə bilib. Fond tək Azərbaycanda yox, dünyanın müxtəlif bölgələrində milli və dini tolerantlığın qorunması üçün əlindən gələni edir. Maraqlıdır, bəs Azərbaycan ziyalıları, qələm sahibləri tolerantlığı necə təsəvvür edir? Yazıçı Şərif Ağayar "Unikal"a açıqlamasında maraqlı məqamlara toxundu:" Tolerantlıq fərqli fikirlərə dözümlə yanaşmaqdır. Təəssüf ki, bizdə bunu yalnız dini anlayış kimi başa düşülür.Həm də tolerantlıq tələffüz edildiyi kimi asan məsələ deyil.Azərbaycan mentalitetində, ailədən başlayaraq fərqli fikirlərə dözümsüzlük var.Burada əsas amil kimi, ağsaqqallıq, sosial mənşəy, vəzifə və s. götürülür. Yadınızdadırsa, peyğəmbər İmam Əlini yeni dinə dəvət edəndə, o, deyir, üstümdə haqqı olan atamdan icazə alıb yeni dini qəbul etmək istəyirəm. Deyir və evdən çıxır, ancaq tez də geri qayıdıb deyir: - Səni, məni və atamı yaradan Allaha tapınmaq üçün heç kimin icazəsinə ehtiyac duymuram! İslamı qəbul edirəm. Ancaq mentalitetdə ataya qarşı çıxmaq, adət-ənənələrə qarşı çıxmaq ən böyük ədəbsizlik sayılır.Hətta bəzən cəzalar verilir.Eləcə də cəmiyyətdə və başqa sahələrdə.Adamlar fərqliliklərə, fərqli yarananlara, fərqli geyinənlərə, fərqli həyat sürənlərə nifrət edir. Düşməncə yanaşır.Fərqli fikirlər təhqir kimi qəbul edilir.Təsadüfi deyil ki, tolerantlıq demokratik cəmiyyətlərin ən ciddi atributlarındandır. Hətta, bunun fikir plüralizmi deyə inkişaf etmiş formasını da kəşf ediblər. Diqqət edin, bu gün Şərq cəmiyyətindəki qan və qırğınların əsas səbəbi məhz tolerantlığın və fikir plüralizminin olmamasıdır.Elə bil, feaodal-patriarxal dövründə yaşayırlar.Əlində güc və vəzifə olan hakimi mütləqdir. Bu heyvan sürülərinə məxsus cəhtlərdir.Deməli tolerantlıq təkcə demokratiyanı deyil, həm də insanlığı şərtləndirən amildir.Şükürlər ki, bu gün Azərbaycanda tolerantlığa düzgün yanaşmada var". İqtisadçı-yazar Razi Abbasbəyli isə "Unikal"a açıqlamasında məsələyə başqa aspektdən yanaşır: " Tolerantlıq mənin üçün dömokratiyanın təməl prinsipidir. İnsan haqlarına hörmətlə yanaşmaq, İnsanların əsas azadlıqlarının tapdanmaması üçün çalışmaq. Fərdi tolerantlıq cəmiyyətin ünsiyət yanaşma üslubuna bağlı bir məqamdır. Bu baxımdan da fərdi tolerantlıq bütövlükdə cəmiyyətin münasibətlərini formalaşdırır. Siyasi, mədəni, iqtisadi yanaşmalarda tolerantlıq mühim rol oynayır. İqtisadçı kimi iddia edə bilərəm ki, sosial və iqtisadi tolerantlıq səviyyəsi aşağı olan cəmiyyətlərdə, mədəni və siyasi münasibətlərdə də ciddi problemlər yaranır. Bu baxımdan da ilk növbədə hökumət, banklar, ümumiyyətlə bütün iqtisadi strukturlar yuxarıdan aşağıya qədər cəmiyyətə yönəlik siyasətində yüksək tolerantlıq nümayiş etdirməlidir. Hesab edirəm ki, bu digər münasibətlərin də sağlam bir şəkildə formalaşmasında mühim rol oynaya bilər". Araşdırmaçı yazar Dilqəm Əhməd "Unikal"a insani dəyərlərdə tolerantlığın rolu mövzusunda fərqli başqa baxışda nümayiş etdirdi:"Mənə görə tolerantlıq geniş yayılmış tərifində də deyildiyi kimi, insanların inanc və əqidələrinə dözümlü yanaşmaq. Amma o inanc və əqidə kimi ümumilikdə cəmiyyətə zərərli deyil, digərlərinin azadlığına, təhlükəsizliyinə toxunmur. Biz əgər liberal dəyərlərin olduğu cəmiyyəti qurmaq istəyiriksə, fərqli düşüncələrə, inanclara sayğı duymalıyıq. Düzdür, Azərbaycanı çox tolerant ölkə kimi tanıyırlar və biz də o cür qəbul edirik. Amma bizdə tolerantlıqdan daha çox mən deyərdim ki, etinasızlıq var. Məsələn, bu gün bizi kimin xristian, yəhudi, məcusi, şiə və ya sünni olması çox da
maraqlandırmır. Sadəcə vəhhabilik ortaya çıxandan sonra insanlar fərqliliklərin olduğunu gördülər. Məsələn, mən 5 gün olar ki, ABŞ-dan gəlmişəm. Orada mən həqiqi tolerantlığın nə olduğunu gördüm. Məsələn, cinsi azlıqlarla bağlı Bostonda LGBT həftəsi idi. Kitabxanalardan tutmuş, kilsəyə qədər LGBT bayraqları asılmışdı. Bir azərbaycanlı olaraq mənim üçün yad bir şey olsa da, amerika cəmiyyəti üçün bu sıradan bir hal idi". "Unikal"a fikirlərini bölüşən Eldar Ümidvar isə daha konkret məqamlara aydınlıq gətirdi:-"Tolerantlıq - dözümlü olmaq mənasını verir. Məsələn, başqa dindən olanlara, başqa əqidəlilərə, millətlərə və s. Hansısa bir Qərb dövlətində, tutaq ki, ABŞ-da, yaxud Danimarkada əcnəbilərə az-çox normal münasibət bəslənilirsə, həmin ölkənin əhalisi özlərini fəxrlə "tolerant", yəni "dözümlü" millət hesab edə bilərlər. Əslinə qalsa, dözmək - bəyənmədiyinə, özündən aşağı hesab etdiyinə, bəlkə də nifrət etdiyinə, lakin hansı səbəblərdənsə dözməyə məcbur olmaq mənasına gəlir. Bu mənada türkə "tolerant" demək, əslində onu bir qədər aşağılamaq deməkdir. Çünki türklər - tolerantlıqdan çox yüksəkdə duran millətdir.Məgər biz, bir azərbaycanlı türkü olaraq, ölkəmizdə yaşayan ruslara, yəhudilərə və s. millətlərə "dözürük"? Xeyr, biz onları heç vaxt özümüzdən ayırmamışıq, özümüzünkü bilmişik. Bu həmişə belə olmuşdur və həmişə də belə olacaqdır. Hətta tarix boyu öz xain qonşularımızı, onların ölkəmizdə yaşayan nümayəndələrini də göz üstündə saxlamışıq.C. Məmmədquluzadənin "Kamança" əsərini xatırlayaq: Hələ keçən əsrin əvvəllərində bir azərbaycan türkü, onun qardaşını qətlə yetirmiş ermənini ələ keçirir. Azərbaycanlıların (türklərin) humanistliyini yaxşı bilən erməni, özü ilə gəzdirdiyi kamançanı çalmağa başlayır. Kamançanın səsindən mütəəssir olan qardaşımız: "Get, bir daha gözümə görünmə", - deyə ermənini azad buraxır...Macarıstan vaxtilə Osmanlı Türkiyəsinin əsarəti altında olmuşdu. O dövrdə bir türk valisi olub. Yerli əhali indinin özündə də o valinin məzarı üstünə gül-çiçək dəstələri qoyurlar...Qoca və qadına, uşağa silah qaldıra bilən bir türk zabit və ya əsgərini təsəvvür etmək mümkündürmü? Əsla yox!Nə qədər tragikomik olsa da, sivil Qərbin qabaqcıllarından hesab edilən Fransa və Belçika parlamentlərində belə bir qanun qəbul edilmişdir ki, qondarma "erməni soyqırımını" inkar edən hər bir kəs cinayət məsuliyyətinə cəlb edilməlidir. Lap orta əsrlərin inkivizasiya dövrünü xatırladır.
"Xristian klubu" olan bəzi dövlətlərin parlamentləri özlərinin daxili qanunvericiliklərinin təkmilləşdirilməsi ilə məşğul olmaqdansa, öz ölkələrinin tarixində olan utandırıcı hadisələri gözardı edərək, bir-birinin ardınca Türkiyənin üzərinə gəlməklə, onu etmədiyi bir "günahda" - "erməni soyqırımında" suçlamağa qalxmışlar.Bu yerdə İmam Əlidən nəql edilən bir ifadə yada düşür: "Allaha and olsun ki, əgər haqqı bir tərəfdə və bütün xalqı da batil olaraq haqq müqabilindəki digər tərəfdə görsəm, haqq uğrunda tək-tənha qılınc oynadar, onların qabağında inamla duraraq, bu yoldan bir an belə geri dönmərəm".Regionda və bütün dünyada sülhün, əmin-amanlığın və əməkdaşlığın bərqərar olması üçün var qüvvəsi ilə səy göstərəndə, Qəzzada və digər Fələstin torpaqlarında körpə uşaqları qanına qəltan edənlərə "Dur!" deyə hayqıranda, "Millətlərin atom enerjisindən dinc məqsədlə istifadə etmək haqqı vardır" deyəndə, "Qardaş Azərbaycanın işğal edilmiş torpaqlarını azad etməyincə Ermənistanla sərhəddi açmayacağıq!" bəyan edəndə Boyük Türkiyə nə qədər də əzəmətlidir!Allahım! Cəmimizə Sənin istədiyin toplumlardan olmağı qərar ver!". Jurnalist Günay Arda isə ""Unikal"a açıqlamasında tolerantlığı insan yaşamının tərkib hissəsi kimi izahladı:" Tolerantlıq birmənalı olaraq başqalarının həyatına burun soxmadan yaşamaqdır. Bizim cəmiyyətdə bu mümkün deyil. İnsanlar ən intim münasibətlərini belə, ictimailəşdirməyə, qəbilə formasında yaşamağa məcburdurlar. Demokratiya da, tolerantlıq da , yəni, inkişaf etməmiş ölkələrdə məişət səviyyəsindən o tərəfə keçə bilmir. Ən vacib məsələlər də məişət səviyyəsində həll olunur. Küçəyə çıxıb kimdən soruşsaq ki, tolerantlıq nədir, çoxu elə başa düşəcək ki, söhbət hansısa azlıqlardan gedir. Bu, beldənaşağı düşünməklə əlaqəlidir. İnsan haqlarının, Konvensiyanın tələb etdiyi hər şeyə demokratik ölkələrin vətəndaşları özlərini tolerant göstərməyə məcbur hiss edirlər. Yeri gəlmişkən, cinsi azlıqlara qarşı tolerantlığıma görə həmişə qınanıram. Amma cinsi azlığın təbliğatı ilə məşğul olanlar gözümün düşmənidir. İllərini insan haqlarının müdafiəsinə sərf edən insanlar belə, övladları cinsi azlıq olarsa nə edəcəkləri haqda sual qarşısında acizdirlər.
İyirmi ilə yaxındır ki, beynəlxalq təşkilatlar bizə tolerantlıq aşılamağa çalışır. Məsələyə məişət müstəvisindən çıxıb baxsaq görərik ki, bizdən tələb olunan taleyi ilə razılaşmaqdır. Hazırda televiziyalarda ermənilərə qarşı tolerantlıq təbliğ edilir. Mən bunu tolerantlıq yox, xəyanət adlandırıram. Tolerantlıq üçün fondlar qurub pullar dağıdan ingilislər əsrlərdir, irlandlara, şotlandlara bir qarış torpağa görə qan uddurur. Ruslar yenidən "millətsiz", əslində isə süni rus olan dövlət qurmaq istəyir. Biz isə tolerantlıq adı ilə bağışlamağa hazırıq. Mənim haqlarımı tapdamayan, mənə aid heç nəyə iddiası olmayan, təhqir etməyən hamıya qarşı tolerant olmağa çalışıram. Dilindən, irqindən və cinsindən asılı olmayaraq hamı tolerantlığı və hörməti haqq edir. Amma ermənilər bu məsələdə mənim üçün istisnadır. Xarici ölkələrdə üstümüzə yüyürən, dostluq-qardaşlıq deyib timsah göz yaşı axıdan ermənilərə "sumqayıtlıyam" dediyim andaca tolerantlıq bitir. Yalançı dostluğu bir saniyədə nifrət əvəz edir. İkiüzlülük etmək yersizdir, mənim tolerantlığım erməni ilə üz-üzə gələnə qədərdir".
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53