Güc strukturları tolerantlığın keşiyində
12:01 24-06-2014
SİYASƏT
Güc strukturları tolerantlığın keşiyində
Hakimiyyət həlledici addımları atmaqdadır
Azərbaycanda milli və dini tolerantlığın qorunması üçün hakimiyyətin həyata keçirtdiyi islahatlar, qanunların sərtləşdirilməsi və struktur islahatları olmasaydı,daha ciddi təhlükələrlə üz-üzə qalardıq. Çünki illər ərzində müxtəlif adlar altında Azərbaycana soxulan radikal dini qruplaşmalar sözün həqiqi mənasında təhlükəyə çevriliblər. Daha çox xarici qüvvələrə bağlı olan bu qruplaşmalar üçün Azərbaycan qanunları yox, hansısa ölkənin dini liderinin və ya şəxsinin fikri daha önəmlidir. Elə Suriyada döyüşən azərbaycanlıların hansısa ərəb əmrinin əmrlərinə tabe olmaları, İŞİD dəstələrində azərbaycanlıların döyüşə yollanmaları buna misaldır. Ən gülməlisi isə budur ki, ənənəvi təriqətlərdən olan şiələrində müəyyən qolları ölkə kənarına meyillənirlər. Məsələn, şiə təriqətindən olan bir mütəxəssis bildirir ki, İŞİD-ə qarşı o zaman Azərbaycan şiələri ayağa qalxar ki, İraq şiələrinin dini lideri yox, İranın dini lideri razılıq versin. Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur. Ən azından ona görə ki, artıq hətta ənənəvi təriqət üzvlərindən də elələri var ki, əmr yeri kimi ölkənin kənarını görürlər. Amma Azərbaycan hakimiyyəti qeyri-ənənəvi təriqətlərə qarşı fəaliyyəti gücləndirir və cəmiyyətində dəstəyini görür. Sonuncu belə əməliyyat isə vəhhabilərlə bağlı olub. Belə ki, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Bakının Səbail rayonu Badamdar qəsəbəsində əməliyyat keçirib.Hüquq-mühafizə orqanlarının əməkdaşları ötən gün saat 14.00 radələrində Səbail rayonu Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi ərazisində evlərin birində əməliyyat-axtarış tədbirlərinə start veriblər. Əməliyyat zamanı radikal vəhhabi təriqətinə mənsub 20-yə yaxın şəxs saxlanılıb. Hazırda şübhəli vəhhabilərin toplaşdığı tikilidə axtarış tədbirləri davam etdirilir. Vəhhabilərin toplaşdığı məkandan çoxlu sayda qadağan olunmuş əşya və nəşrlərin götürüldüyü də xəbərlər sırasındadır. Ərazi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən nəzarətə alınıb. Xatırladaq ki, bu gün Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları İçərişəhərdə yerləşən "Ləzgi məscidi" kimi tanınan məsciddə də əməliyyat keçiriblər. Bu əməliyyatlar zamanı aydın olub ki, vəhhabilərdən külli miqdarda pul tapılıb. Bu pullar isə elə öz tərəfdarları tərəfindən toplanılıb və ortada siyahı var. Bununla bağlı "Unikal"ın öncələrdə apardığı araşdırmalardan məlum olmuşdu ki, vəhhabilər hələ illər öncə milyonlarla manat pulu öz üzvləri arasında paylayaraq onların bizneslə məşğul olmalarına imkan yaradıldı və bundan sonra inkişaf edən bu iş adamları ətrafdakılara dəstək olmağa başladılar. Məhz bu sistemə uyğun olaraq vəhhabilər istənilən an milyonlarla manat dəyərində pul toplaya bilirlər. Sözsüz ki, ortada pul olmasaydı bu qədər şəxsi Suriyaya, İraqa yola salmaq mümkün olmazdı. Bu arada maraqlı bir proses isə Fətullah Gülən tərəfdarları ilə bağlı oldu. Vəhhabilərdən fərqli olaraq bu təriqət üzvləri əsasən media və təhsil sektorunu ələ keçirtməyə çalışırlar və bundan sonra hakimiyyətin müxtəlif qollarında təmsil olunaraq dövlət içində dövlət yaradırlar. Bu baxımdan Azərbaycanda da Gülən tərəfdarları müəyyən hakimiyyət strukturlarına yerləşə bilmişdilər və son iki ayda onlara qarşıda səmərəli mübarizə başlayıb. Öncə bir neçə dövlət məmuru vəzifəsindən azad edildi, daha sonra isə təhsil sektorunda mühüm yer tutan "Araz" kurslarına öldürücü zərbə vuruldu. Belə ki, Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və "Araz Kursları" MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərar verilib. Məlumata görə, ARDNŞ Azərbaycan Respubikasının milli neft şirkəti kimi
beynəlxalq aləmdə rəqabət qabiliyyətinin artırılması, fəaliyyətinin səmərəliliyinin təmin edilməsi və aparıcı neft şirkətləri sırasına çıxmaq üçün ardıcıl islahatlar həyata keçirir: "Bu islahatlar bir sıra yeni iş yerlərinin açılması, yeni istehsal sahələrinin yaradılması ilə yanaşı, az səmərəli biznes proseslərinin aradan qaldırılması zərurətini də yaradır. Bu tələblər bazar iqtisadiyyatı prinsiplərinə, nüfuzlu, beynəlxalq audit şirkətlərinin tövsiyələrinə, ARDNŞ-nin risklərin idarə edilməsi siyasətinə uyğun olaraq müəyyən edilir. Az səmərəli biznes proseslərinin təkmilləşdirilməsi, bir qayda olaraq dəyişikliklərin aparılmasını şərtləndirir. Respublikada və azərbaycanlıların kompakt yaşadığı xarici ölkələrdə məktəb yaşlı uşaqlara, yeniyetmələrə və gənclərə özəl təhsil müəssisələri vasitəsi ilə müvafiq qaydada Azərbaycan Respublikasının təhsil standartlarında və beynəlxalq standartlarda, milli və mənəvi dəyərlərimizi qorumaqla bütün təhsil səviyyələrində təhsil xidməti göstərmək, yeniyetmə və gənclərə ümumi orta təhsilə, ali təhsilin bakalavr və magistr mərhələlərinə hazırlıq xidmətləri təşkil etmək, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş və qadağan olunmayan digər fəaliyyətləri həyata keçirmək məqsədi ilə ARDNŞ-nin həmtəsisçi olduğu "Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi" İctimai Birliyi (ABTM) yaradılıb.
Son dövrlərdə aparılan dəyişikliklər nəticəsində ABTM hüquqi cəhətdən ARDNŞ-nin strukturuna daxil olan qurum statusu əldə edib. Odur ki, Birliyin strukturunda müvafiq dəyişikliklər edilməsinə zərurət yaranıb.
Bu səbəbdən ABTM-nin təsisçilərinin ümumi yığıncağının 18 iyun 2014-cü il tarixli qərarı ilə Birliyin təsisçisi olduğu Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin (ABTK) nəzdində fəaliyyət göstərən "Araz Kursları" MMC, onun təsisçisi olduğu digər qurumların və ümumtəhsil məktəblərinin fəaliyyəti ilə bağlı ABTM-də yaranmış əlavə xərclərin qarşısının alınması və bu layihənin maliyyə və idarəetmə baxımından mürəkkəbliyini nəzərə alaraq qeyd olunan qurumların ləğv edilməsi məqsədəmüvafiq hesab edilib. Xatırladaq ki, nurçuların nəzarətində olan bu təhsil müəssisələrini son zamanlar ARDNŞ himayə edirdi. Bu gün isə məsələyə bir dəfəlik nöqtə qoyuldu. Amma görünən budur ki, Fətullah Gülən tərəfdarları sakit oturmaq niyyətində deyillər və bu parlamentin son iclasında da özünü göstərdi. Hətta hakimiyyətə yaxın olan bəzi millət vəkilləri belə "Araz" kurslarının fəaliyyət göstərməsini tələb etməkdən çəkinmədilər. Məsələn, millət vəkili Fazil Mustafa bununla bağlı qeyd edib ki, həmin məktəblərin bağlanması strateji və tarixi səhvdir: "Bir neçə ildən sonra bu qərarın nə qədər yanlış olduğunu və Azərbaycan təhsilinə ağır zərbə vurduğunun şahidi olacağıq. Kampaniyaçılıq heç vaxt yaxşı olmayıb. Mən bir ingilis məktəbinin də bağlanmasının əleyhinə deyiləm. Son buraxılış imtahanlarının nəticəsi onu göstərdi ki, 53 faiz ana dilindən "3" alıb. On minlərlə müəllim işsiz qalacaq. 3 ay ərzində bu qədər müəllimi hara, necə yerləşdirəcəklər? Oturuşmuş bir təhsil şəbəkəsini bu formada dağıtmaq doğru deyildi. Orada təhsil alanlar təhsilini davam etdirərdilər. Türkiyə ilə bağlı siyasi proseslər gedir. Orda baş verənləri bura tətbiq etmək düzgün deyil. Və yaxud millət vəkili Zahid Orucu götürək :"Yəqin bilirsiniz ki, o məktəblərdə oxuyan uşaqlar heç də imkansız ailələrin uşaqları deyil, sizin, mənim kimi vəzifəlilərin övladlarıdır. Orda yaxşı təhsil verilirdi. Kifayət qədər uğurları var idi. Azərbaycanı təmsil edirdi. Orda təhsil alanlar kifayət qədər təhsilli uşaqlardır. Buna görə də gələcəkdə vəzifə karyerlarında bu məktəblərdə oxuduqlarına görə maneələrlə üzləşməməlidirlər. Azərbaycan dövləti təhsil müəssislərinin bağlanmasında deyil, inkişafında maraqlıdır. Bu qərar Azərbaycana lazım deyildi. Əgər belə bir qərar qəbul edilibsə yəqin geniş izahı veriləcək". Bunu da xatırladaq ki, parlamentdə 20-yə qədər nurçunun olduğu söylənilir və proseslərin ilk başlanığıcında nurçuluğu ifşa olunanlardan biri də Ceyhun Osmanlı oldu. Buda məlum oldu ki, Fətullah Gülən tərəfdarları illər boyu bu tip şəxslərin ya özlərini, ya ailə üzvlərini maliyyələşdirərək tam təsir altına sala biliblər. Başqa cür desək Türkiyədə yaşananlar Azərbaycanda da davam edirmiş. Beləliklə baş verənləri təhlil edərək belə nəticə çıxarda bilərik ki, hakimiyyət güc strukturlarını tam səfərbər edərək radikal və qeyri-ənənəvi təriqətləri neytrallaşdırır. Unutmaq olmaz ki, yüzlərlə azərbaycanlı hazırda İraqda və Suriyadadır və onlar geri qayıdanda durum daha da ağırlaşa bilər. Bu isə Azərbaycanda mövcud olan tolerantçılığın bir dəfəlik əzilməsi ilə tamamlana bilər.
Digər Xəbərlər
2024-11-26 20:17:54
2024-11-26 15:40:38
2024-11-26 15:14:54
2024-11-25 22:31:00
2024-11-25 15:09:39
2024-11-25 14:35:49
2024-11-25 14:08:14
2024-11-25 12:16:27
2024-11-25 11:12:57
2024-11-25 11:00:04
2024-11-25 09:02:17
2024-11-24 15:16:45
2024-11-23 16:22:07
2024-11-23 16:09:29
2024-11-22 16:52:45
2024-11-22 16:39:03
2024-11-22 16:22:26
2024-11-22 16:16:52