Azərbaycandakı tatarlara dövlət səviyyəsində xoş münasibət sərgilənir
10:51 25-06-2014
SİYASƏT
Azərbaycandakı tatarlara dövlət
səviyyəsində xoş münasibət sərgilənir
Azərbaycan etnosunun tarixini nəzərdən keçirsək görərik ki, əhalinin 90%-ni təşkil edən azərbaycanlılardan başqa, bu etnosun təşəkkülündə əsrlərdən bəri müxtəlif azsaylı xalqlar, etnik və milli qruplar iştirak edib.
Ümumiyyətlə Azərbaycan əhalisinin əsas hissəsi azərbaycanlılardan və ölkənin müxtəlif guşələrində yığcam halda yaşayan 30 adda millət və etnik qruplardan ibarətdir. Onların arasında Altay ailəsinin türk qoluna məxsus azərbaycanlılar, tatarlar, ahısqa türkləri, həmçinin hind-avropa (tatlar, talışlar, dağ yəhudi-ləri, kürdlər), qafqaz (udilər,ləzgilər, avarlar, saxurlar, uduqlular,ingiloylar, qrızlar, xınalıqlar), slavyan (ruslar,malakanlar, ukraynalılar) dil qruplarının təmsilçiləri vardır. "Unikal" bu dəfə etnik qrup olan tatarlardan söz açacaq. Həmsöhbətimiz isə "Tuqan tel" Tatar Mədəniyyəti Cəmiyyətinin sədri Gülcan Myasautovadır. G. Myasautova deyir ki, Azərbaycanın ictimai və mədəni həyatında özünəməxsus yeri və fəaliyyəti olan tatar icmasının Azərbaycanda məskunlaşması XX əsrin əvvəllərinə təsadüf edir: "O vaxt tatarların bir qismi bu yerlərə çarizm tərəfindən sürgün edilmiş, digər qismi isə Bakının neft sənayesində işləmək məqsədilə gəlmişdi. Elə o vaxtdan da tatar icması Azərbaycan cəmiyyətinə qaynayıb-qarışaraq ölkəmizin zəngin etnomədəni palitrasında öz yerini tutub. Azərbaycanlılarla qarşılıqlı anlaşma və mehribanlıq şəraitində yaşayan tatar xalqının nümayəndələri müxtəlif sahələrdə, elm və təhsil ocaqlarında, mədəniyyət müəssisələrində çalışıblar. Bu gün də tatar icması ölkəmizin mədəni, ictimai həyatında fəallığı ilə seçilir".
Həmsöhbətimin sözlərinə görə, Azərbaycanda yaşayan bütün milli azlıqlar kimi, tatarların da mədəniyyətinin, adət-ənənə və dəyərlərinin qorunub saxlanılması və inkişafına dövlət səviyyəsində diqqət və qayğı göstərilir: "Tatarlar hər zaman azərbaycanlılardan razı olublar. Azərbaycan xalqı bizi böyük istiqanlılıqla qarşıladı, bu günədək mehriban şəraitdə yaşayırıq. Hələ sovet dövründə tatarların burada öz klubu vardı. Orada tatarların tanınmış şəxsiyyətləri, böyük ədiblər Abdulla Tukay, Musa Cəlil və başqalarının xatirə gecələri, müxtəlif mədəni tədbirlər keçirilirdi. Məqsəd burada yaşayan xalqımızın nümayəndələrinin öz keçmişini, dinini, dilini, mədəni irsini unutmaması idi. Əks halda gələcək nəsillər öz mütəfəkkirlərini haradan tanıya bilərdi? Sevinirik ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, digər xalqlar kimi, tatarların da mədəni inkişafına, tatar cəmiyyətlərinin fəaliyyətinə münbit imkan yaradılıb. Bu gün Azərbaycanda bir neçə ictimai-mədəni təşkilatımız fəaliyyət göstərir. Bu cəmiyyətlər vasitəsilə çoxlu tədbirlər keçiririk ki, orada hətta azərbaycanlılar da yaxından iştirak edir".
G. Myasautovanın sözlərinə görə, belə tədbirlərdən biri ötən gün Suraxanı rayonu Heydər Əliyev pakında təşkil edilib: " Ötən gün Suraxanı rayonunda tatar xalqının milli bayramı olan "Sabantuy" təntənəli şəkildə qeyd edildi. "Sabantuy" bayramının rəsmi qonaqları Heydər Əliyev parkında Tatar və Azərbaycan xalqının dostluq rəmzini əks etdirən "Lənkəran akasiyası" ağacını əkdilər.
Bu tədbirdə çıxış edən Rusiyanın Azərbaycandakı səfiri cənab Droxin Vladimir Dmitriyeviç də Tatar xalqı ilə azərbaycan xalqının dostluğunu yüksək qiymətləndirərək bu birliyə uğurlar dilədi. Səfir də qeyd etdi ki, Tatar xalqının milli bayramı olan "Sabantuy"-un Azərbaycanda məhz tatarların çox yaşadığı Suraxanı rayonunda keçirilməsi bunun əyani sübutudur. Bu cür tədbirlər zaman-zaman təşkil olunur. Mənm sədrlik etdiyim "Tuqan tel" Respublika Tatar Mədəniyyəti Cəmiyyəti ötən il də "Karqa botkası" ("Qarğa sıyığı") adlı qədim bahar bayramına həsr olunmuş tədbir keçirmişdi. Bu bayram şənliyi Quba rayonundakı "Asma körpü" istirahət zonasında təşkil edilmişdi. Həmin il ilk dəfə idi ki, "Karqa botkası" Azərbaycanda qeyd olunurdu. Bu bayramın təkcə tatarlara məxsus olmadığını nəzərə alaraq, gələn ildən onu ümumtürk bayramı kimi qeyd etmək qərara alındı. Çünki, "Karqa botkası" unudulmuş bahar bayramıdır. Onun dirçəldilməsi milli ənənələrin dirçəldilməsinə, xalqların yaxınlaşmasına xidmət edir".
Həmsöhbətim deyir ki, "Tuqan tel" Cəmiyyəti də ölkəmizin mədəni həyatında fəal iştirak edir. G. Myasautovanın sözlərinə görə, qədim türk köklərinə dayanan tatarların milli bayramları da xeyir-bərəkət üzərində qurulub: "Tatarların sevimli milli bayramı "Sabantuy"dur. Tatar dilində "saban" ot, "tuy" toy deməkdir. Mənası əkin-biçin, məhsul bayramı deməkdir. Bayram adətən iyun ayında, tarla işləri başa çatan zaman qeyd edilir. Biz bu bayramı ona görə qeyd edirik ki, əkdiklərimizdən yaxşı məhsul əldə edə bilək. Buna görə şadlanırıq, bayram edirik. "Sabantuy"u bütün dünya tatarları qeyd edir. Məsələn, biz 2009-cu ildə Rusiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə 500 nəfərin iştirakı ilə "Sabantuy" bayramı keçirdik. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Kazanda olarkən "Sabantuy" mərasimində iştirak edərək bayramı çox bəyənmişdi".
Həmsöhbətimin dediyinə görə, tatarlar hər il olduğu kimi, bu il də bayramı təntənəli şəkildə qeyd edir: "Maraqlısı isə budur ki, tatarların "Sabantuy"u ilə bizim milli bayramımız olan Novruz arasında müəyyən oxşarlıqlar var. Məsələn, Novruzda paxlava, qoğal, şəkərbura bişirilir. Eləcə də "Sabantuy"un gəlişi münasibətilə xəmirdən şirniyyatlar - üçbuçmaq, pərəməçə, çak-çak hazırlanır. Tatarların əsas şirniyyatı olan çak-çakı xəmirdən hazırlayaraq qızardır, balla piramida formasında birləşdirirlər. Bunun bir mənası da odur ki, dünyanın hər tərəfinə yayılmış tatar xalqı bir-birinə balla bağlanmalıdır. Hətta ailə quran tatar qızları da gəlin köçdükləri evə çak-çak aparırlar. Eyni zamanda qayınana gəlini balla qarşılayır ki, dili şirin olsun. Tatarlar Novruz bayramını da geniş şəkildə qeyd etməklə yanaşı, Qurban, Ramazan bayramlarının bütün ayinlərinə riayət edirlər. Gəncləri də bu istiqamətə yönəltməyə çalışırıq. Artıq bizim gənclərimiz də bu bayramları bütün qaydalara əməl etməklə qeyd etməyi öyrəniblər. Həm də sevinirik ki, adət-ənənəmiz, bayramlarımız yerli xalqın adət və dəyərləri ilə oxşardır.Ümumiyyətlə, tatarlarla azərbaycanlıları heç nə ayırmır, bizim ortaq dəyərlərimiz isə çoxdur. Tez-tez Azərbaycan toylarında iştirak edirik. Azərbaycanda qız gəlin köçməzdən öncə "xınayaxdı" mərasimi keçirilir. Bizdə də bu mərasim olur, amma bir qədər fərqli formada. Həmin ərəfədə gəlin və onun rəfiqələri bir yerə toplaşır, gəzir, şənlənir, rəqs edirlər. Axşam isə bəy öz dostları ilə onlara qonaq gəlir. Bir gün sonra isə, eynilə sizdə olduğu kimi, nikah mərasimi keçirilir".
Həmsöhbətim deyir ki, Tatar və Azərbaycan milli mətbəxlərinə gəlincə, bu mənada da oxşarlıqlar çoxdur: "Bir çox yeməklərimiz, məsələn, plovlarımız eynidir. Tatarlar da, azərbaycanlılar kimi, qutab hazırlayır, bizdə qutaba "pərəməçə" deyilir. Bundan başqa, tatarlar "bəliş" adlı piroq hazırlayırlar və evə gələn gəlini ilk dəfə bu şirniyyatla qarşılayırlar. Bu da evə ruzi-bərəkət gəlməsini simvolizə edir".
G. Myasautovanın fikrincə, hər bir insan yaşadığı ölkənin tarixini, coğrafiyasını, ölkədə baş verən prosesləri bilməlidir: "Müasir tatar gənci Azərbaycanın tarixini, başına gətirilən faciələri, nə zaman müstəqillik əldə etdiyini və bu yolda hansı maneələrlə qarşılaşdığını bilməlidir. Bundan başqa, gəncləri rəsm sərgilərinə aparır, müştərək sərgilər keçiririk. Bu həm də yerli xalqa hörmət və sevginin göstəricisidir. Bütün tatarlar deyir ki, dünyanın heç bir yerində Azərbaycanda olduğu kimi, millətlərarası mehribanlıq, birgəyaşayış mühiti yoxdur. Bu şəraitdən istifadə edən tatarlar keçirdikləri bütün bayram və tədbirlərə Azərbaycanda fəaliyyət göstərən digər milli azlıqların mədəni cəmiyyətlərini dəvət edirlər: Mədəni tədbirlər bir körpü kimi bizi birləşdirir, insanlarda dostluq, sevgi yaradır. Digər xalqlarla, məsələn, ukraynalılar, ləzgilər, yəhudilər və başqaları ilə mədəni təcrübə mübadiləsi edirik. Təsəvvür edin, elə bil ki, bir ailəyik. Hətta gənc tatar qızları Azərbaycanın milli rəqsi olan "Yallı"nı çox məharətlə ifa edirlər".
Digər Xəbərlər
2024-11-26 20:17:54
2024-11-26 15:40:38
2024-11-26 15:14:54
2024-11-25 22:31:00
2024-11-25 15:09:39
2024-11-25 14:35:49
2024-11-25 14:08:14
2024-11-25 12:16:27
2024-11-25 11:12:57
2024-11-25 11:00:04
2024-11-25 09:02:17
2024-11-24 15:16:45
2024-11-23 16:22:07
2024-11-23 16:09:29
2024-11-22 16:52:45
2024-11-22 16:39:03
2024-11-22 16:22:26
2024-11-22 16:16:52