İnsan hüquq və azadlıqlarının doğru qəbulu
12:35 01-07-2014
SİYASƏT
İnsan hüquq və azadlıqlarının doğru qəbulu
Bir sıra separatçı ölkələr bu amildən məqsədli şəkildə istifadə edirlər
Bu gün dünyanı narahat edən mühüm məsələlərdən biri və birincisi insan hüquq və azadlıqlarının müdafiəsidir. Dünyanın istənilən bölgəsində baş verən münaqişələrin, dartışmaların kökündə də məhz bu amil dayanır. Bununla yanaşı olaraq bu gün Şərq və Qərb svilizasiyalarının mövcudluğu və hər tərəfin özünəməxsus yanaşmalarının olmasıda insan hüquq və azadlıqlarının qorunmasında fərqli fikirləri ortaya çıxarır.
Azərbaycana gəldikdə isə bizdə Avropaya inteqrasiya xətti tutulub və insan hüquq və azadlıqlarının qorunmasında da Qərb standartlarına əsaslanırıq. Bunun üçün bir sıra nüfuzlu beynəlxalq təşkilatların üzvü olmuşuq və hazırda Azərbaycanda AŞPA-ın toplantıları keçirilir və bir sıra yeniliklər ortaya çıxır. Bunu da xüsusi ilə vurğulamaq lazımdır ki, bəzi hallarda insan hüquq və azadlıqlarının qorunmasından istifadə edən qüvvələr də tapılır. Məsələn, götürək elə Dağlıq Qarabağ probleminin yaranmasını. Bu gün Ermənistan öz işğalçı siyasətini ört-basdır etmək üçün iddia edir ki, Dağlıq Qarabağ erməniləri öz hüquq və azadlıqlarını təmin etmək üçün müstəqil respublika kimi fəaliyyət göstərmək istəyirlər. Qeyd edək ki, bu cür zərərli ənənə bir sıra başqa ölkələrdə də mövcuddur və sonuncu dəfə Rusiya bu faktordan yararlanaraq Krımı işğal etdi. Çox qəribədir ki, bu cür işğlaçı addım atılandan sonra təcili referndimum keçirilir və nəticədə dünya dövlətlərinə çağırışlar səsləndirilir. Amma deyəsən artıq bu tip ənənələrin qarşısını almaq üçün beynəlxalq təşkilatlar bir sıra qanunlarda ciddi dəyişikliklər etməli olacaqlar. Belə ki, ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü illik sessiyası çərçivəsində təşkilatın siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclasında müzakirə edilən "Helsinki+40: Hər bir insanın təhlükəsizliyinə doğru" qətnamə layihəsinə hazırkı situasiyaya uyğun əlavə və dəyişikliklər ediləcək. Bu barədə ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, büro üzvü Azay Quliyev qətnamə layihəsinə münasibət bildirərkən deyib.
Qətnamə layihəsinin əsasən silah və sursata ümumi nəzarətlə bağlı olduğunu deyən A.Quliyev bildirib ki, ATƏT-in bu istiqamətdə bir sıra sənədləri, o cümlədən Vyana sənədi var.
Onun sözlərinə görə, bu sənədlər əsasən bu istiqamətdə bu gün mövcud olan çərçivəni tənzimləyir: "Ancaq müzakirəyə çıxarılan qətnamə layihəsində hazırkı situasiyaya uyğun əlavələr var. Mən xüsusən Ukraynadakı vəziyyəti nəzərdə tuturam. Ona görə də bu, çox önəmli layihədir. Bu, bütövlükdə Helsinki prinsiplərinin ATƏT regionunda tətbiqi üçün yeni stimul verəcək".Qətnamə layihəsində Dağlıq Qarabağ münaqişəsinin əksini tapıb-tapmamasına münasibət bildirən A. Quliyev deyib ki, bu ilin aprel ayında Kopenhagendə ATƏT PA-nın Bürosunun iclasında qətnamə layihəsinə 2 mühüm maddə salınmasını təklif edib.
Onun sözlərinə görə, bu maddələrdən biri konfliktlərin həllinin yalnız ölkələrin ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həlli ilə bağlı olub: "Bu müddəa artıq bu gün müzakirə edilən qətnamə layihəsində var. Digər tərəfdən, bu gün bəzi ölkələr qondarma referendum yolu ilə digər ölkələrin ərazisinin işğalını rəsmiləşdirməyə çalışır. Təəssüf ki, bu gün Ukraynada eyni halla rastlaşmışıq. Hesab edirik ki, konkret çərçivə müəyyənləşməlidir. Ona görə də ikinci təklifimiz onunla bağlı olub ki, bu gün bir çox ölkələr qondarma referendum yolu ilə digər ölkələrin ərazisinin işğalını rəsmləşdirməyə çalışır".
A.Quliyev qeyd edib ki, təəssüf ki, bu gün Azərbaycan da, Ukrayna da belə hal ilə rastlaşıb: "Hesab edirik ki, bu məsələnin konkret bir çərçivəsi müəyyən edilməlidir. Təklifimiz ondan ibarət olub ki, bu gün referendum yalnız həmin ölkələrin qanunlarına və konstitusiyasına və beynəlxalq hüquq normalarına uyğun şəkildə keçirilməlidir. Bu, o deməkdir ki, mərkəzi hakimiyyətin razılığı olmadan hər hansı bir ölkədə referendum keçirilə bilməz".A.Quliyev qeyd edib ki, bu gün ilk dəfədir bu məsələ ATƏT PA-nın qətnamə layihəsinə daxil edilib: "Ümid edirəm ki, ATƏT-in Bakı deklarasiyasında bu məsələ öz əksini tapacaq".
Bunu da qeyd edək ki, bu günə qədər bu tip münaqişələrin münaqişə olaraq qalmasında elə Avropa təşkilatlarınında böyük rolu var. Öncələr insan hüquq və azadlıqlarının qorunması ciddi, prinsipial bir məsələ kimi diqqətdə saxlanılırdısa, son illər elə AŞPA-ın özü bundan sadəcə olaraq öz siyasi maraqları üçün istifadə edir. Elə sonuncu dəfə prezident İlham Əliyev AŞPA-da çıxış edərkən də bu cür təzyiq metodu ilə üz-üzə qaldıq. Belə ki, prezident İlham Əliyev nitqini başa vurandan sonra sual-cavab hissəsi başladı və verilən sualların məqsədli olduğu ortaya çıxdı. Sual üçün ilk söz alan İrlandiya nümayəndə heyətinin üzvü, Azərbaycanda siyasi məhbuslar məsələsini yenidən AŞ PA-nın gündəminə gətirməyə çalışan Maykl Maknamara olub. Maknamara ötən ilki prezident seçkilərindən sonra Azərbaycanda "siyasi motivli həbslər aparıldığı" barədə danışıb, siyasi məhbusları azad etməyə çağırıb.
Prezident İ.Əliyev Maknamaraya sərt cavab verərək bildirib ki, Azərbaycanda siyasi məhbuslar yoxdur. Azərbaycan prezidenti Kristofer Ştrasserin yalan məlumatlar əsasında siyasi məhbus məruzəsi hazırlayıb AŞ PA-nın qış sessiyasında təqdim etdiyini, lakin bu səylərin iflasa uğradığını bildirib.
"Mən bir daha bəyan edirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur" - deyə o vurğulayıb.
Yunanıstanın eks xarici işlər naziri Dora Bakoyannis Azərbaycan prezidentinə Qarabağ məsələsi və Avropa Şurasında bu münaqişənin həlli üçün göstərilən səylər barədə sual verib.
İ.Əliyevə siyasi islahatlar və bu sahədəki problemlər barədə sual ünvanlanıb. Prezident siyasi azadlıqlarla bağlı problemlərin olduğunu gizlətməyib, ancaq bildirib ki, problemlərdən ölkəyə qarşı ədalətsiz tənqidlər və əsassız hücumlar üçün istifadə etmək lazım deyil. Xüsusən də ona görə ki, bu hücumlar heç bir nəticə verə bilməz. Prezidentin sözlərinə görə, diqqəti ancaq mənfinin üzərinə yönəltmək düzgün deyil. Diqqəti pozitiv dinamikaya yönəltmək lazımdır.
"Bizdə bütün siyasi azadlıqlar var, o cümlədən KİV azadlıqları. Başa düşün, internet azaddırsa KİV azadlıqlarını məhdudlaşdırmaq bizim nəyimizə lazımdır?" - deyə İ.Əliyev bildirib. Prezident ölkədə toplaşmaq azadlıqlarının da olduğunu deyib.
"Prezident seçkilərindən sonra biz müxalifətə mitinqlərin keçirilməsi üçün meydan ayırdıq. O bizim problem deyil ki, meydana cəmi 860 adam gəldi" - deyə İ.Əliyev bildirib.
Daha sonra prezidentə Azərbaycanda mətbuat azadlığı və jurnalistlərin həbsi, habelə seçkilərin saxtalaşdırlması barədə sual verilib.
İlham Əliyev deyib: "Siz öz sualınızda iki dəfə yalan danışdınız. Azərbaycan həbsxanalarında bircə dənə də jurnalist yoxdur. İkinci yalanınız isə prezident seçkiləri ilə bağlıdır. Seçkilərdə heç bir saxtalaşdırma halı olmayıb. Bunun təsdiqi isə AŞ PA-nın, ATƏT-in və digər beynəlxalq qurumların seçkilər barədəki hesabatlarıdır. Belə şeylər yəqin ki, sizin ölkənizdə olur. Öz ölkənizin işləri ilə məşğul olun". Amma qəribədir ki, bu günə qədər bir dəfə də olsa Ermənistana təzyiq göstərilməyib ki, yüz minlərlə azərbaycanlının insan hüquq və azadlıqlarını pozmaqdan əl çəksin. Məhz bu cür ikibaşlı siyasət son zamanlar cəmiyyətdə belə təşkilatlara diqqəti azaldıb. Buna görə də analitiklər hesab edir ki, Azərbaycan beynəlxalq təşkilatlarla sıx ünsiyyət qursada öz milli adət-ənənələrindən, prinsiplərindən imtina etməməlidir. Bü gün Avropanın insan hüquq və azadlıqlarının qorunması ilə bağlı müəyyənləşdirdiyi meyyarlar əslində Azərbaycan xalqının kökündən gələn ənənələrin eynisidir. Bununla bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevada müsahibələrinin birində demişdi ki, biz inteqrasiyanın, Avropa ilə əlaqələrin qurulmasının tərəfdarıyıq, amma heç bir halda milli ənənələrimizdən, genetik kodlarımızdan imtina etməməliyik. Bunu da qeyd edək ki, əsası Heydər Əliyev tərəfindən qoyulan Azərbaycançılıq prinsipidə bütövlükdə insan hüquq və azadlıqlarının təminatı üzərində qurulub. Milli azlıqların qorunması, milli-dini tolerantlığın mövcudluğu, insanların təhsillə təmin olunması, çoxpartiyalı bir sistemə keçidimiz, vətəndaş cəmiyyətinin yaranması məhz azərbaycançılıq prinsipinin qayəsini təşkil edir. Və artıq əminliklə demək olar ki, Azərbaycan bu gün dünyaya insan hüquq və azadlıqlarının müdafiəçisi olan dövlət kimi qəbul oluna bilər.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53