Hüquqi və siyasi aktivliyin əsas şərtləri
10:00 02-07-2014
SİYASƏT
Hüquqi və siyasi aktivliyin əsas şərtləri
Hakimiyyətin himayədar və maarifləndirici siyasəti ölkədə vətəndaş cəmiyyətini tam bərqərar edib
Bu gün Azərbaycan demokratik islahatların həyata keçirilməsi istiqamətində mühüm addımlar atmaqdadır. Hələ bir müddət öncə ölkədə siyasi aktivliyin artırılması, vətəndaş cəmiyyətinin formalaşması üçün kompleks tədbirlər həyata keçirildi. Bunlar nədən ibarət idi?
QHT-in formalaşmasına maksimal dəstək
Ölkə vətəndaşlarının siyasi mədəniyyət səviyyəsinin artırılması, sosial və siyasi aktivliyin artırılması üçün ilk növbədə qərara alındı ki, vətəndaş cəmiyyətinin yaranmasına üstünlük vermək lazımdır. Bunu da qeyd edək ki, Azərbaycanda uzun illər QHT-lər xarici donorlar tərəfindən maliyyələşirdi və sözsüz ki, bu təşkilatlar Azərbaycan cəmiyyətinin inkişafı haqqında yox, verilən sifarişləri həyata keçirmək haqqında düşünürdülər. Məsələn, bir neçə il öncə ölkədə siyasi maarifləndirmə pis durumda olanda, qaçqınlar problemini bütün ağrıları ilə yaşadığımız zamanda xarici donorlar Azərbaycan QHT-lərini əsasən Ermənistanla xalq diplomatiyası qurmaq xəttinə istiqamətləndirmişdilər. Bundan başqa yerli mühiti nəzərə almayan donor təşkilatlar Azərbaycan da başda olmaqla, bir çox MDB ölkələrini sadəcə olaraq onları təlqin etməyə məcbur edirdilər. Nəticə isə göz qabağında idi. Ölkədə formalaşan vətəndaş cəmiyyəti özündən çox uzaqda idi. Hətta bu təşkilatlara insanların inamıda yox idi və bunların böyük əksəriyyəti dolayı yolla hansısa xarici ölkə kəşfiyyatının oyuncağına çevrilirdilər. Həmin illərin bir nömrəli qrant sahibi olan Leyla Yunusun bu gün hansı addımlar atdığını yada salmaq bu baxımdan kifayət edir. Azərbaycan hakimiyyəti uzun müzakirələrdən sonra qərarını çıxartdı. Ölkədə vətəndaş cəmiyyətinin yaranmasına, maarifləndirməyə bir başa hakimiyyətin özü nəzarət etməlidir və bu məqsədlə Prezident yanında QHT-lərə Yardım Fondu təsis edildi. Bu isə o demək idi ki, ölkədə fəaliyyət göstərən QHT-lər hakimiyyət tərəfindən maliyyələşəcək. Bu gün sevinclə demək olar ki, ölkədəki QHT-lərin 90 faizə qədəri məhz fondun maliyyəsi ilə layihələr həyata keçirir və bu layihələrin kökündə siyasi maarifləndirmə durur. Bundan başqa artıq bir ildən çoxdur ki, Azərbaycan donor ölkə kimi çıxış edərək xarici QHT-lərində maliyyələşməsinə start verib. Sözsüz ki, Azərbaycanın maraqlarına cavab verəcək şəkildə. Vətəndaş cəmiyyətinin maliyyələşərək formalaşması prosesindən sonra növbəti addım mətbuatla bağlı oldu.
Azad söz siyasi azadlığın təminatıdır
Qeyd edək ki, dünyada baş verən qloballaşma nəticəsində əksər ölkələrdə yazılı mətbuat tam iflas olmaq həddindədir. Bu gün internet resursları, sosial şəbəkələr, xəbər portalları o şəkildə inkişaf edib ki, qəzetlər informasiya çatdırılmasında sadəcə olaraq vaxt itirirlər. Bu isə sözsüz ki, onların tirajına təsir edir və təbii şəkildə yazılı mətbuat çökür. Bu reallığı görən Azərbaycan hakimiyyəti növbəti humanist addımını atdı. Prezident yanında KİV-ə Dəstək Fondu yaradıldı və sistemli şəkildə çap olunan, informasiya çatdırma gücü olan qəzetlər bu fond vasitəsi ilə maliyyələşməyə başladı. Bu isə faktiki ölüm ayağında olan yazılı mətbuatın ayağa qalxması idi. Bununla yanaşı hazırda ölkədə internet tam azaddır və bu gün Azərbaycanda minlərlə sayt fəaliyyət göstərir, internet televiziyaları sürətlə inkişaf edir və bunu nəzərə alan hakimiyyət xəbər portallarının maliyyələşməsini də nəzərdən keçirir.
Siyasi partiyalara
dəstək
Uzun illər sovetlər imperiyasının təsirində qalan Azərbaycanda da hər zaman təkpartiyalı sistem olmuşdu və siyasi maarifləndirmə demək olar ki, sıfır həddində idi. Amma müstəqillik qazanandan sonra çoxpartiyalı sistemə keçid oldu. Bu məqamda isə növbəti problem ortaya çıxdı. Aydın oldu ki, ölkədə siyasi maarifləndirmə kifayət qədər zəifdir və buda sonda siyasi partiyaları doğru yoldan yayındırır. Hələ 1998-ci ildə aydın oldu ki, bəzi müxalif partiyalar hansısa QHT-lərin vasitəsi ilə xarici ölkələr tərəfindən maliyyələşirlər və sözsüz ki, partiya olaraq müəyyən öhdəliklər götürürdülər. Bunun nəticəsi idi ki, bir müddət siyasi partiyalarda ifratçılıq, separatizmə meyl halları müşahidə olunurdu və bunun arxasında xarici ölkələrin siyasi maraqları dayanırdı. Bunun qarşısını almaq üçün də müxtəlif addımlar atıldı. Yeri gəlmişkən belə bir nümunəni ilk dəfə İslam Partiyasının timsalında gördük. Aydın oldu ki, İslam partiyası qonşu İran İslam Respublikasında fəaliyyət göstərən müəyyən güclər tərəfindən yaradılıbmış və əsas məqsədi Azərbaycanda hakimiyyətə gələrək İslam ölkəsi yaratmaq idi. Bu cür riskli bir olayın ortaya çıxması artıq həyacan siqnalı idi. Buna görə də siyasi partiyalarla bağlı ölkə vətəndaşları arasında maarifləndirmə işləri gücləndirildi və nəticədə Azərbaycanın dövlət maraqlarına zidd fəaliyyət göstərən partiyalar təbii şəkildə öz dayaqlarını itirdilər. Amma bu məsələnin tam həlli yolu deyildi. Növbəti addım isə daha demokratik bir addım oldu və cəmiyyətdə dayaqları olan, parlamentdə təmsil olunan siyasi partiyalar bir başa dövlət tərəfindən maliyyələşməyə başladı. Bu isə sözsüz ki, siyasi partiyaların aktivləşməsinə, cəmiyyətdə siyasi sosial aktivliyin yaranmasına bir başa təsir etdi.
Gənclərə xüsusi qayğı
Beləliklə qısa zaman ərzində Azərbaycan hakimiyyəti siyasi və hüquqi maarifləndirmənin güclənməsi, aktivliyin artırılması üçün bütün təbəqələrə dəstəyini etdi. Bu dəstəklər sırasında gəncləri xüsusi olaraq qeyd etmək vacibdir. Ölkədə kifayət qədər gənclər təşkilatları fəaliyyət göstərirdi və çox təəssüf ki, böyük bir qismi hansısa siyasi partiyaların təsir altında idi. Cüzi maliyyə ayırmaqla bu gənclər təşkilatlarını hansısa siyasi oyunların iştirakçısına çevirirdilər. Bunu da qeyd edək ki, son on il ərzində xarici kəşfiyyat orqanları da gənclərə xüsusi maraq göstərirdilər və maksimal dərəcədə həmin ölkənin gəncləri ələ alınsın və sonra yerli hakimiyyətlərə qarşı istifadə olunsun. Bu prosesi biz Gürcüstanda və Ukraynada açıq şəkildə gördük. Azərbaycanda da belə cəhdlər olmuşdu və qarşısı zamanında alındı. Sonuncu belə hal isə prezident seçkiləri zamanı ortaya çıxdı. Belə ki, müxalifətə meyilli olan "Nida" təşkilatı cüzi maliyyə ilə ələ alındı və sonrakı proseslər göz önündədir. Amma gəncləri tam olaraq ələ almaq ona görə mümkün olmadı ki, mövcud hakimiyyət gənclərin inkişafı , maarifləndirilməsi üçün xüsusi proqramlar həyata keçirirdi və bu məqsədlə dövlət büdcəsindən milyonlarla manat pul ayrılmışdı. Təkcə bunu qeyd edək ki, Gənclər və İdman Nazirliyinin, Gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı təşkil etdiyi müsabiqənin nəticələri açıqlanıb və maraqlı nəticələr ortaya çıxıb. Nazirliyin kollegiyasının 31 iyul 2006-cı il tarixli "Gənclərin qeyri-hökumət təşkilatları tərəfindən gənclər siyasətinin əsas istiqamətlərinə uyğun olaraq hazırlanmış proqramların (layihələrin) qismən maliyyələşdirilməsi haqqında" qərarını və "Ekspert-Məsləhət Şurası"nın Əsasnaməsini və Əsasnamələrə əlavə və düzəlişlərin edilməsi haqqında Kollegiyanın 30 oktyabr 2008-ci il tarixli qərarını, "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci fəslinin 10-cu maddəsinə əsasən Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatları arasında dövlət gənclər siyasətinin əsas istiqamətləri üzrə hazırlanmış layihələrin maliyyələşdirilməsi üçün aşağıdakı mövzular üzrə müsabiqə keçirilib:
- gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği;
- gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi;
- gənclərin beynəlxalq əməkdaşlığının və mübadiləsinin genişləndirilməsi;
- gənclər sahəsi üzrə qeyri-formal təhsil metodlarının tətbiq edilməsi;
- gənclərin intellektual inkişafının təmin edilməsi və yaradıcı gənclərlə iş;
- gənclər üçün sosial və psixoloji xidmətlərin göstərilməsi;
- özəl sektorun gənclərlə bağlı korporativ sosial məsuliyyəti siyasətinin formalaşdırılmasında iştirak;
Gördüyünüz kimi ayrılan maliyyə bir başa gənclərin maarifləndirilməsinə yönəlib. Bunu da qeyd edək ki, gənclərə maliyyə tək bir nazirlik vasitəsi ilə yox həmdə müxtəlif təşkilatlar vasitəsi ilə həyata keçirilir.
Beləliklə gördüyünüz kimi Azərbaycanda bu gün insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması istiqamətində bütün addımları atıb və hər gün bu istiqamətdə yeniliklər də edilməkdədir.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53