Siyasi maarifləndirmədə medianın rolu
Siyasi maarifləndirmədə medianın rolu

Redaktorlar medianı tənqid etdilər

Bu gün Azərbaycanda siyasi maarifləndirmənin artırılması, siyasi aktivliyin təmin olunması əsas məsələlərdən biridir. Bu istiqamətdə mövcud hakimiyyət yetərli qədər addımlar atıb və atmaqda davam edir. Amma bu proses həm də cəmiyyətin öz problemi kimi qəbul olunmalı, vətəndaş cəmiyyətləri, media da lazımı addımlar atmalıdır. Maraqlıdır, bəs bu gün Azərbaycan mediası siyasi maarifləndirmədə yetərli qədər rol oynaya bilirmi?
Fins.az-ın redaktoru Elçin Bayramlı "Unikal"a açıqlamasında bildirdi ki, elə siyasi maariflənmə elə medianın vasitəsilə olur. Daha doğrusu olmalıdır:" Lakin çox təəssüf ki bu media, xüsusilə də özəl tv-lər və internet mediası insanları maarifləndirmək yox, əksinə, aldatmaq, yanlış yönləndirmək, zərərli ideyaları təbliğ etmək üçün fəaliyyət göstərir. Çox az istisnalar var. Vəziyyət o hala çatıb ki, jurnalistləri, medianı artıq bir çoxları xalqın düşmənləri adlandırırlar. Şəxsən mənim bu fikirlərə etiraz etmək üçün əlimdə heç bir əks-arqumentim yoxdur.
Bu gün tv-lərin, internet mətbuatın nə oyunlardan çıxdığını görəndə adam dəhşətə gəlir. Tam bir anarxiya, özbaşınalıq, qanunlara tüpürmək, bütün dəyərləri ayaqlamaq... bunlar faktdır. Nisbətən qəzetlərdə vəziyyət yaxşıdır.
Hər cəmiyyətin, hər ölkənin öz reallıqları, öz mədəniyyəti, öz psixologiyası, öz problemləri var. Beş-üç nəfərin pul qazanması naminə bu dəyərlər zorlanmalı, ayaq altına atılmalı deyil. Bu gün cəmiyyətdə olan psixoloji problemlərin 50% səbəbkarı konkret olaraq mediadır. Cəmiyyətə zərərli olan şeyləri təbliğ edən, reklam edən, insanları aldadan, onların hiss və duyğularından istifadə edib pul qazananlara qarşı ciddi tədbir görülməlidir.
Məsələnin daha bir tərəfi isə, xarici dövlətlərə işləyən mediadır. Bunlar Azərbaycan dövlətinin, Azərbaycan xalqının yox, başqalarının maraq və mənafelərini qoruyur və bu istiqamətdə ciddi fəaliyyət göstərirlər.
Hesab edirəm ki, tv-lərə, radiolara, internet mediasına ciddi nəzarət olmalıdır. İstər bunu media azadlığının pozulması adlandırsınlar, istər də insan hüquq pozuntusu- fərqi yoxdur. Azadlıq anarxiya demək deyil, hər şeyin bir əndazəsi, bir çərçivəsi olmalıdır.
Cəmiyyətin qorunması vəzifəsi dövlətin üzərinə düşür. Dövlət bunu etməyə məhkumdur- özü də təxirəsalınmadan. Əks halda, bizim cəmiyyətdə problemlər getdikcə artacaq və hətta çox ciddi fəsadlar yaranacaq.
Fikrimcə, Mətbuat Şurası və Milli Tele-Radio Şurasının səlahiyyətləri artırılmalı və onların dövlət və cəmiyyət adına mediaya sərt nəzarəti təmin olunmalıdır".
"Savaş.info" saytının baş redaktoru Zülfüqar Savaş da bu fikirdədir ki, media gücünü daha da səfərbər etməlidir:"Məlum olduğu kimi, artıq media bir sıra ənənəvi çalarlarını itirərək, özündə yeni keyfiyyətlər qazanıb. Bu isə hər şeydən öncə ənənəvi medianın, xüsusilə yazılı mətbuatın rolunun bir qədər azalması və bunun yerini elektron medianın tutması ilə əlaqəlidir. Baş verənlər isə təkcə Azərbaycan mediasının deyil, bütövlükdə dünya mətbuatının problemidir. Yaşanan həmin keyfiyyət dəyişməsi isə özündə həm də bəzi ənənəvi və daşlaşmış baxışların dəyişməsinə yol açmaqdadır. Bu baxımdan indi ölkə mediasının siyasi maarifləndirmə işinin öhdəsindən layiqincə gəldiyini iddia etmək doğru olmazdı. Yazılı mətbuat təmsilçiləri olan qəzetlərin tirajlarında əhəmiyyətli azalma müşahidə olunur, yeni media isə hələ ki siyasi maarifləndirmə işində qəzetlərin bir vaxtlar yerinə yetirdiyi ənənəvi funksiyanı daşıya bilmir. Bu hər şeydən öncə elektron medianın yalnız xəbər təqdimatı ilə kifayətlənməsi, təhlil və araşdırmalara ya ümumiyyətlə yer ayırmaması, ya da çox az yer ayırması ilə bağlıdır. Düşünürəm ki, yaxın gələcəkdə elektron media ilə yazılı mətbuatın sərhədləri tam olaraq müəyyənləşəcək və bu qəzetlərin yenidən nüfuz qazanmasına gətirib çıxaracaq. Belə ki, yazılı mətbuat xəbər təqdimatında elektron KİV-ə açıq-aşkar uduzduğundan, xəbər təqdimatı iddiasında çəkilər siyasi maarifləndirmə funksiyasına yüklənəcək. Tutaq ki, oxucu hansısa xəbəri, informasiyanı elektron KİV-dən oxuyub, amma bunun niyə baş verməsi, yaxın gələcəkdə hansı nəticələr törədəcəyi haqda heç bir təsəvvürə malik deyil. Qəzet məhz həmin oxucu ehtiyacından çıxış edərək eyni zamanda siyasi maarifləndirmə işini də öz öhdəsinə götürəcək. Amma bunun üçün də müəyyən zaman lazımdır. Konkret indiki halda isə mətbuatın siyasi maariflənmdirmə işinin öhdəsindən layiqincə gələ bilmədiyi düşüncəsindəyəm". "Unikal"a açıqlamasında jurnalist Azər Sarıyev isə daha maraqlı məqamlara aydınlıq gətirdi:"Hesab edirəm ki, mətbuat əsas vəzifəsini-cəmiyyətin məlumantlandırılması işini pis-yaxşı yerinə yetirə bilir. Zənnimcə, siyasi maarifləndirmə medianın birbaşa vəzifəsi deyil və olmamalıdır. Bu, əsasən siyasi qurumların fəaliyyət sahəsinə daxildir. "Siyasi partiyalar" haqqında qanununda da siyasi partiyaların əsas vəzifələrindən birinin siyasi maarifləndirmə olduğu açıq şəkildə göstərilir. Siyasi partiyalara və çevrələr özlərinə birbaşa və bilavasitə bağlı media qurumları vasitəsilə bu işi görə bilirlər. Bəzi müstəqil media vasitələri də var ki, siyasi subyektlərin siyasi maarifləndirməyə aid edilə biləcək materiallarını ödənişli əsaslarla tirajlayırlar. Bundan əlavə, təəssüf hissi ilə qeyd edim ki, mediamız ya bilərəkdən, ya da gördükləri işin mahiyyətini, məzmununu və məsuliyyətini dərk etmədən ziyanlı dini-siyasi ideologiyaların və cərəyanların təbliği ilə məşğul olurlar. Burada dini maarifləndirmə işinin zəifliyi ilə bağlı məsələ diqqəti çəkir. Mediamızın bu sahədə ciddi axsaması var". "Unikal"a açıqlamasında "Yeni Çağ" (yenicag.az) qəzetinin baş redaktoru Aqil Ələsgər isə daha kəskin baxışlarını səsləndirdi:"Azərbaycan mediası universiteti 3-lə yola verən tələbəni xatırladır. Bu gün jurnalistlərin özlərinin ciddi maariflənməyə ehtiyacı var. Çünki artıq elə bir dövrə qədəm qoymuşuq ki, 90-cı, 2000-ci illərdəki nə şərtlər qalıb, nə də imkanlar. Təəssüf ki, bu gün həmin dövrə uyğun davranış sərgilənir. Beynəlxalq media təcrübəsindən çox asanlıqla yararlanacağımız halda, biz qapımızı və pəncərəmizi dünyaya bağlayaraq, hələ də "öz nəhəngliyimiz" haqqında danışırıq. Bu gün bir blogger cəmiyyətə 15 illik tarixi olan bir
qəzetdən daha çox nüfuz edə bilirsə, media bundan dərs almalıdır. Xüsusilə, araşdırma, analiz, təhlil maarifləndirmənin əsas damarlarıdır. Hər üç damar laxtalanıb və zəifdir. Media özünü yeniləyə bilmirsə, o necə siyasəti və ictimaiyyəti yönləndirə bilər? Bu səbəbdən də hesab edirəm ki, siyasi maarifləndirmədə medianın rolu zəifdir. Media sadəcə bir məsələdə siyasətə dəstək verir. O da 25 ildən bəri eyni simaların mediadan əksik olmamasıdır. Bu da əslində mediamızın yeni kadrlar, yeni simalar üzə çıxara bilməməsindən qaynaqlanır. Bəlkə yeni sima daha fərqli bir söz deyəcək. Ancaq bizim qələm dostlarımız 20 ildir həmin Sərdar Cəlaloğlundan, Qabil Hüseynlidən, Arif Hacılıdan yapışıblar. Bu adamlar nə deyəcəkdilərsə, beş qat artığını deyiblər. Buraxın bu adamları. Gedin dünən yaranan hansısa bir xırda təşkilatın fikrini soruşun. Qoy cəmiyyət yeni söz, yeni fikir eşitsin. Onsuz da yeni fikir söyləməyən silinib gedəcək. Bu səbəbdən də siyasətimiz necədirsə, mediamızın da durumu ondan fərqli deyil. Ayrı-ayrı media quruluşlarında müəyyən müsbət elementlər görsək də, istisnalar qaydaları pozmur". JAM sədri Ceyhun Musaoğlu isə ümumiyyətlə siyasətin özünə yanaşmaya yenidən baxmağı tövsiyyə edir:" Bu gün siyasətin özünü maarifləndirmək lazımdı. Bir ölkənin müxalifətinin zəif olması cəmiyyətin faciəsidi. Belə vəziyyətdən ən çox əziyyət çəkən iqtidar olur. Təbii ki, ölkəni iqtidar idarə edir. Müxalifətsiz, müxalif abu-havasız çox çətindi. İndiki şəraitdə siyasət bir tərəfli inkişaf edir. Mətbuat rəngarəng siyasi hadisələrlə qarşılşamır. Yenilənmə də yoxdu. 25 il bundan qavaqkı adamlar, təbii ki, 15 il bundan qabaqkı ifadələri işlədəcəklər. Bu isə monoton mətbuatın yaranmasına gətirib çıxaracaq. Başqa tərəfdən, heç bir qüvvə siyasətin dominantlıq təşkil etməsini istəmir. Oxumaq, oynamaq, çalmaq - cəmiyyəti bu yöndə aparmaq daha sərf edicidi. Mətbuatın siyasi maarifləndirilməsi üçün Avropa mətbiatı ilə təmaslara üstünlük vermək lazımdı. Azərbaycan jurnalistləri dünya səviyyəli qəzetlərdə treninqlər keçməlidi. Onların siyasətdən yazan jurnalistləri ilə təmas qurmanlıdı. Başqa cür jurnalistikada siyasi mövzuların çoxalmasına və düzgün yazılmasına nail ola bilməyəcəyik". "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəylidə fikirlərini "Unikal"a bölüşdü:"
Azərbaycan mətbuatının yaranışının təməlində maarifçilik prinsipləri ön sırada dayansa da bu gün inkişaf edən informasiya və kommunikasiya texnologiyalarınn fonunda şərtlər və dəyərlər dəyişib. Diqtə edən tərəf sürətdi... Belə olduğu təqdirdə mətbuat orqanları diqtə edən tərəfin şərtlərinə uyğun davranmaq məcburiyyətində qalırlar. İndi maarifləndirmə missiyasının yükü daha çox orta və ali təhsil müəssisələrinin üzərinə düşür. İnformasiya mənbələri çoxaldığı üçün mətbuatın, xüsusilə də çap mediasının bu prosesdəki rolu kifayət qədər azalıb. Əslində çoxpartiyalı sistemdə siyasi maarifçiliyin məsuliyyətinin bütövlükdə medianın üzərinə qoymaq da düzgün deyil. Media özündən heç nə kəşf eləmir, görülən iş barədə məlumat yayır. Çoxpartiyalı sistemdə siyasi maarifçiliklə siyasi partiyalar, QHT-lər, müvafiq dövlət qurumları məşğul olmalıdırlar. Media isə bu prosesdə vasitəçilərdən biri kimi çıxış edə bilər. Azərbaycan cəmiyyəti siyasiləşmiş cəmiyyət deyil. Bunun təbii ki, müsbət və mənfi tərəfləri var. Amma Azərbaycan xalqı kifayət qədər həssas, siyasi duyumu olan, proqnozlaşdlrmağı və təhlil etməyi bacaran bir xalqdır. Bu baxımdan xalqımızın ciddi siyasi maarifçilik probleminin olduğunu düşünmürəm".