Qəzetlər yay rejiminə keçir
15:41 22-07-2014
CƏMİYYƏT
Qəzetlər yay rejiminə keçir
Baş redaktorlar davamlı iş mexanizmini saxlasalar da, səhifələri azaltmaqla jurnalistlərin istirahət etməsinə imkan yaradırlar
Məlum olduğu kimi, hər il yay fəslində qəzetlərin fəaliyyətində durğunluq yaranır. Bu il də analoji vəziyyət yaranıb.
Həftədə 7 dəfə çıxan "Yeni Müsavat" və "Azadlıq" qəzetləri dövriliyi müvəqqəti, sentyabr ayınadək azaltmaq qərarına gəliblər. Bu həftədən hər iki qəzet 6 günlük iş rejiminə keçir və bazar günü işıq üzü görməyəcəklər. Praktika göstərir ki, yayda qəzet satışı 30-40 faiz azalır. Bunu bilən təcrübəli qəzet redaktorları öncədən tədbir görüb qəzetin tirajını aşağı salır. Yayda insanlar istirahətə gedir, universitetlər bağlanır, bu da qəzet satışına təsirsiz ötüşmür. Yay fəsli ilə əlaqədar bəzi qəzetlər isə səhifələrini azaldaraq situasiyaya uyğunlaşmaq istəyirlər.
Belə ki, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas "Unikal"a açıqlamasında bildirib ki, yay fəsli ilə əlaqədar olaraq yeni iş rejiminə keçiblər: "Yayda insanlar istirahət edir, o cümlədən jurnalistlərin də istirahət etməsi zərurəti yaranır. Ona görə də kollektivin bir hissəsini növbələşdirib məzuniyyətə buraxmaq qərarı almışıq. Belə bir məqamda isə çıxış yollarından biri qəzetin səhifələrinin azaldılmasıdır. Son vaxtlar ölkə qəzetlərinin bir hissəsi yay mövsümündə kollektivdə jurnalistlərin növbəli məzuniyyətini təşkil etməklə bu variantdan istifadə edirlər. Yəni, kollektivin sayı yarıbayarı azalır, qəzeti tam gücü ilə çıxarmaq problemi yaranır. Ona görə də biz də qəzetin səhifələrinin azalmasını məqsədəuyğun hesab eləmişik. Neçə ildir ki, bu təcrübədən istifadə eləyirk. Yəni, həm qəzet çıxır, eyni zamanda, jurnalistlər qısa da olsa, məzuniyyətə göndərilir. Beləliklə, jurnalistlərimiz 10-15 gün istirahət edə bilirlər".
Tapdıq Abbas onu da qeyd edib ki, artıq "Paralel" qəzeti bu aydan 8 səhifə çıxmağa başlayıb. Onun sözlərinə görə, bu proses avqustun sonuna qədər davam edəcək.
"Reytinq" qəzetinin baş redaktoru Afiq Mirzəbəyli bizimlə söhbət zamanı qəzetin kollektivinin bir qisminin artıq məzuniyyətə çıxdığını deyib. Baş redaktorun sözlərinə görə, həm də yay fəsli ilə əlaqədar olaraq, səhifələrin azaldılması qərarını veriblər: "Bildiyiniz kimi, Azərbaycanda əsas oxucu kütləsi Bakı şəhərində olur. Yay fəslində isə həmin kəsimini böyük qismi istirahətə gedir. Tələbələr, müəllimlər, dövlət qurumlarında, özəl sektorda çalışanlar əsasən yay aylarında istirahətə gedirlər. Bu səbəbdən də qəzet bazarında da durğunluq yaranır. Buna görə də səhifələrin azaldılması ən optimal variantdır. Amma buna baxmayaraq, mümkün qədər oxucularımızı informasiya ilə təmin edəcəyik. Doğrudur, biz həftədə bir dəfə oxucuların görüşünə gəlirik, amma bütün həftə boyu baş verən prosesləri izləyirik, analitik yazılar hazırlanır, araşdırmalar aparılır. Ona görə həftə boyu iş gedir. İşçilərimizin növbəli şəkildə məzuniyyətə göndərilməsi də səhifələrimizin sayının azaldılmasına rəvac verib".
A.Mirzəbəyli artıq yay rejiminə keçdiklərini və bu həftədən 8 səhifə ilə oxucuların görüşünə gəldiklərini deyib. Onun sözlərinə görə, yəqin ki, sentyabr ayından kollektiv bütün heyətlə iş başında olacaq və qəzet yenidən 16 səhifə ilə çıxacaq.
"Unikal" qəzetinin baş redaktoru Asəf Rzayev də rəhbərlik etdiyi mətbu orqanın fəaliyyətində müəyyən yüngülləşdirmənin aparılacağını deyib. Onun sözlərinə görə, yay fəsli ilə əlaqədər hər kəs istirahətə gedir və bu səbəbdən də qəzetin kollektivi də istirahət etməlidir: "Biz də qərarlaşdırmışıq ki, redaksiya heyəti növbəli şəkildə istirahət edək. Qanunvericiliyə görə də hər bir işçinin istirahət etmək hüququ var. Amma biz qəzetin fəaliyyətini tamamilə dayandırmırıq. Oxucularımızı informasiya ilə təmin eləməliyik. Gündəlik qəzet olaraq, informasiya daşıyıcısı olduğumuzu dərk edirik və buna uyğun addımlar atırıq. Ona görə qəzetin fəaliyyətini dayandırmamaq şərti ilə həm oxucularımızın informasiya tələbatını ödəyəcəyik, həm də müxbir və redaktor heyətini istirahətə göndərəcəyik".
A.Rzayevin fikrincə, ən optimal variant qəzetin səhifələrinin azaldılmasıdır. Bu səbəbdən də baş redaktor avqustun 1-dən sentyabrın əvvəlinə kimi qəzetin 8 səhifə çıxacağını deyib.
Z.MƏMMƏDLİ
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22