Mübariz Əhmədoğlu: "ABŞ iki kəlbəcərlinin Kəlbəcərə getməsini "güc tətbiq etməmək" prinsipi ilə əlaqələndirməklə ermənipərəstliyini göstərdi"
15:45 22-07-2014
CƏMİYYƏT
Mübariz Əhmədoğlu: "ABŞ iki kəlbəcərlinin Kəlbəcərə getməsini "güc tətbiq etməmək" prinsipi ilə əlaqələndirməklə ermənipərəstliyini göstərdi"
"Dairə qapanır. Dağlıq Qarabağ münaqişəsini ABŞ və ermənilər birlikdə başladılar. SSRİ-ni dağıtdılar, Azərbaycan parçalandı. Lakin sonradan uzun müddət ABŞ və Ermənistan birlikdə olduğunu gizlədə bildilər. İndi Azərbaycanın apardığı siyasət bütün pərdələri açır. Bəlli olur ki, ABŞ və Ermənistan yenidən birlikdədirlər. Amma indi Azərbaycan güclənən Azərbaycandır".
Bunu açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloqun sözlərinə görə, iki Kəlbəcər sakininin öz doğma rayonlarına baş çəkməsi və bu zaman həmin əraziləri işğal edən ermənilər tərəfindən girov götürülməsi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində yeni keyfiyyət vəziyyəti yaratdı: "Kəlbəcərlilərin bu addımı Azərbaycan xalqının öz torpaqlarına sahiblənməsi barədə siyasi iradəsini bir daha nümayiş etdirdi. Ali siyasi hakimiyyət vaxtaşırı torpaqlarımızın işğaldan azad olunması ilə bağlı dövlətin və xalqın iradəsini ortalığa qoyurdu. Mübariz İbrahimovun meyitini ermənilərdən alınması, Ramil Səfərovu Azərbaycana qaytarılması siyasi rəhbərliyin iradə nümayişlərinə bariz misallardır".
M.Əhmədoğlu qeyd edib ki, ermənilər Dağlıq Qarabağ məsələsində status-kvoya nəzarət edə bilmirlər. İstənilən aktivlik ermənilərin ziyanınadır. Kəlbəcərlilərin bu hərəkəti, o cümlədən beynəlxalq ictimaiyyət üçün də testə çevrildi. Çox təəssüf ki, ABŞ-ın Azərbaycandakı səfirliyi seçim qarşısında qalan kimi tənzimlənmədə ermənilərin mövqelərini müdafiə etmələri barədə açıqlama verdi: "İki və ya daha çox kəlbəcərlinin bir və ya bir neçə dəfə Kəlbəcərə getməsi Helsinki Yekun Aktının "güc tətbiq etməmək" və ya "güc tətbiqilə hədələməmək" prinsipini poza bilməz. Kəlbəcər Azərbaycanın ərazisidir. ATƏT-in Minsk qrupu həmsədrlərinin 2009-cu il sənədinin əleyhinə olan "amerikan" variantında da Kəlbəcər Azərbaycan ərazisi kimi göstərilib. İki şəxs təpədən-dırnağadək silahlanmış formada da Kəlbəcərə getsəydi, bunu ancaq ermənilər "güc tətbiqi" kimi qəbul edərdilər. Biz öz xalqımızı, dövlətimizi dəyərləndiririk. Amma gücümüzü iki azərbaycanlının "güc tətbiq etməmək" prinsipini pozacaq səviyyədə hesab etmirik. Eləcə də erməniləri də iki azərbaycanlının bütün Ermənistanı əsir götürə biləcək qədər zəif hesab etmirik. Lakin ABŞ-ın Azərbaycandakı səfirliyinin və Ermənistan rəsmilərinin iki mülki kəlbəcərlinin Kəlbəcərə getməsinə verdiyi reaksiyaya başqa cür yanaşmaq da olmur. İki mülki kəlbəcərlinin Kəlbəcərə getməsini "güc tətbiq etməmək" prinsipinin pozulması kimi təqdim etməklə ABŞ aşkar ermənipərəstliyini göstərdi. ABŞ səfirliyinin nəzərinə çatdırıram ki, "güc tətbiq etməmək" prinsipinin pozulmasının nəticəsi göz qabağındadır. Ermənistan himayədarlarının, o cümlədən ABŞ-ın dəstəyilə güc tətbiq edərək Kəlbəcər də daxil olmaqla torpaqlarımızın 20%-ni işğal edib. "Güc tətbiq etməmək" prinsipinin pozulmasının nəticəsidir ki, Ermənistan havadarlarının, o cümlədən ABŞ, Rusiya və Aİ-nin köməyi ilə torpaqlarımızı 20 ildən çoxdur ki, işğal altında saxlayıblar. Ermənistann müdafiə naziri Seyran Ohanyan Kəlbəcərdə bütün cığırların minalanacağını bildirdi. "Güc tətbiq etməmək" prinsipinin pozulması budur".
Politoloq hesab edir ki, ABŞ Dağlıq Qarabağ tənzimlənməsində açıq şəkildə ermənipərəst mövqedədir: "Digər iki həmsədr əvvəlcə Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılmasını, sonra statusun müəyyən olunmasını istədikləri halda, ABŞ əvvəlcə Dağlıq Qarabağın statusunun müəyyən olunmasını tələb edir. Sonra isə Laçın dəhlizi istisna olmaqla Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılmasını arzulayır. Amerikan variantında Dağlıq Qarabağın statusu dedikdə Dağlıq Qarabağ ermənilərinə müstəqillik verilməsi başa düşülür. Digər həmsədr ölkələrin dəstəklədiyi variantda isə Dağlıq Qarabağın statusunu Dağlıq Qarabağın erməniləri və azərbaycanlıları birlikdə müəyyən etməlidir. Dağlıq Qarabağ tənzimlənməsi ətrafında aktivliklər ABŞ-ı öz mövqeyini açıqlamağa vadar etdi".
Mərkəzin direktoru əlavə edib ki, Avropa İttifaqı isə kəlbəcərlilərin Kəlbəcərdə ermənilər tərəfindən girov götürülməsinə dair münasibət bildirmək üçün əlavə məlumat axtarır. Bu da həqiqəti gizlətmək cəhdidir: "Heç bir əlavə məlumata ehtiyac yoxdur. Ermənistan Respublikasının müdafiə naziri bir neçə dəfə rəsmən bəyan etdi ki, Kəlbəcərdə iki azərbaycanlını tutublar. Ermənistan Respublikası rəsmisinin Kəlbəcərlə bağlı münasibət bildirməsi əlavə izaha yer qoymur".
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22