Cəmil Həsənli ilə Mirmahmud Mirəlioğlu arasında gərginlik
Cəmil Həsənli ilə Mirmahmud Mirəlioğlu arasında gərginlik

Milli Şuranın sessiyasının keçirilməməsinin yer problemi ilə bağlı olmasına dair fikir ayrılığı yaranıb

Demokratik Qüvvələrin Milli Şurasının növbəti sessiyası gecikir. VHP Ali Məclisinin sədri, Milli Şuranın üzvü Rafiq Manaflı açıqlamasında sessiyanın gecikməsinin yer problemi ilə bağlı olduğunu deyib.
Milli Şuranın sədri Cəmil Həsənli də bildirib ki, sessiya keçirmək üçün özəl müəssisələrə müraciət ediblər, lakin hələlik razılıq alınmayıb.
Qeyd edək ki, Milli Şura indiyədək sessiyalarını KXCP-nin qərargahında keçirib. Sessiyanın KXCP-nin qərargahında hansı səbəbdən keçirilmədiyi barədə suala cavabında C. Həsənli bildirib ki, KXCP ehtiyat yer kimi saxlanılır. "Bizim KXCP-dən başqa da yerimiz olmalıdır. Müraciət etdiyimiz müəssisələr razılıq versə də, sonradan imtina ediblər. Ancaq biz yenə də cəhd edəcəyik", - deyə o vurğulayıb.
KXCP sədri Mirmahmud Mirəlioğlu isə açıqlamasında deyib ki, ayrı-ayrı fərdlər üçün yer problemi ola bilər, ancaq ümumilikdə Milli Şuranın sessiyası ilə bağlı yer problemi yoxdur: "Bizim qərargahımız var, sessiya istənilən vaxt burda keçirilə bilər. KXCP-nin qərargahı Milli Şuranın sessiyası üçün hazırdır. Əgər bizim qərargahımızı ehtiyat yer kimi saxlayırlarsa, onlara təşəkkür edirik".
"Unikal"ın əldə etdiyi məlumata görə, Mirmahmud Mirəlioğlu ilə Cəmil Həsənli arasında ciddi narazılıq yaranıb. Bu barədə bizə məlumat verən Milli Şura üzvlərindən biri deyib ki, Mirmahmud Mirəlioğlunun Şura ilə bağlı dediklərindən sonra Cəmil Həsənli KXCP-yə getmək istəmir: "Məsələ ondadır ki, Cəmil Həsənlinin getməyə başqa yeri yoxdur. Bir müddət öncə Mirmahmud Mirəlioğlu Milli Şura haqqında mənfi fikir söyləyəndə Cəmil Həsənlinin reaksiyası sərt olmuşdu. O gündən bəri də tərəflər arasında soyuq küləklər əsir. İndi Mirmahmud Mirəlioğlu istəyir ki, Cəmil Həsənli ona minnətçi düşsün. Bunu bilən Milli Şura da daha aqressiv olub".
Hər halda, Milli Şura daxilində son intriqa budur. Çünki bir müddətdən sonra Cəmil Həsənlinin intriqa aparacağı bir adam qalmayacaq.
Qərib Gərayzadə