"Yaxın Şərqdəki münaqişələrin sayının daha da artması mümkündür"
Elxan Şahinoğlu: "Səudiyyə Ərəbistanı və Qətər İŞİD-ə dəstək verməklə bölgədəki şiə zolağına güclü zərbə endirirlər"
Üç nəfər israillinin oğurlanaraq öldürülməsinə cavab olaraq rəsmi Təl-Əviv HƏMAS-a qarşı Qəzza bölgəsində geniş hərbi əməliyyatlara başlaması bütnü dünyada həyəcanla izlənilir. Yaranmış vəziyyət BMT Təhlükəsizlik Şurasının (TŞ) üzvlərini də narahat edib və onlar Yaxın Şərqdəki vəziyyətlə əlaqədar qapalı məsləhətləşmələr keçiriblər.
Dinc əhali arasında ölüm hallarının artmasından narahatlıq ifadə olunan toplantıda Şura üzvləri hərbi əməliyyatların dərhal dayandırılmasının vacibliyini önə çəkiblər. Yaxın Şərqdəki vəziyyət, o cümlədən Suriyada vətəndaş müharibəsi, İŞİD-in İraq şəhərlərini tutması, bu dövlət ərazisində 3 yeni dövlətin yaranma ehtimalı, İsrail tərəfindən Qəzzanın bombalanması və digər məsələlərlə bağlı "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki,hazırda bütün Avrasiya regionunda vəziyyət gərgindir. Suriyada vətəndaş müharibəsi hələ də davam edir. İraqda özünü İraq Şam İslam Dövləti (İŞİD) adlandıran terror təşkilatı kütləvi qətliamlar törədir. İsrail isə Qəzzanı bombalayır ki, nəticədə çoxsaylı dinc sakinlər də həlak olur. Bütövlükdə bu mənzərə vəziyyətin nə dərəcədə gərgin olmasını ortaya qoyur. Belə vəziyyətdən çıxış yolu olmalıdır. Lakin təəssüf ki, indiyə qədər bu yol tapılmayıb. Vətəndaş müharibəsi artıq neçənci ilinə qədəm qoyub. Amma dünya birliyi hələ də problemin həllində müşahidəçi olaraq qalmaqdadır. Nə Bəşəd Əsəd rejimi geri çəkilir, nə də ona qarşı vuruşan müxalif qüvvələr təslim olmurlar. Hər gün minlərlə insan bu səbəbdən həyatını itirir. Suriyadakı bu vətəndaş müharibəsi qəfil İraqa sirayət olunub. İŞİD qüvvələri az qala bir neçə günün içində İraqın yarısını işğal ediblər. Bundan da fürsət kimi radikal kürdlər istifadə etməyə çalışır, Kürdüstan dövləti yaratmaq istəyirlər. Belə bir dövlətin yaranması İraqın, Türkiyənin maraqlarına toxunsa da, Kürdüstanın yaranmasını dəstəkləyən dövlətlər də var. Bu dövlətlərin başında ən birinci dayanan İsraildir. ABŞ-da da müəyyən maraqlı qüvvələr var ki, istəyirlər İraq ərazisində belə bir dövlət yaransın. Mən xüsusilə diqqəti İsrail və HƏMAS arasındakı gərginliyə çəkmək istərdim. Bu gərginliyin başlanmasına səbəb HƏMAS-ın İsrail ərazisinə raket atması və üç İsrail vətəndaşının həlak olması oldu. Buna cavab olaraq İsrail Qəzzada hətta mülki əhalinin yaşadığı binları da bombalayır. Nəticədə HƏMAS-a o qədər də ziyan dəymir, ancaq əvəzində mülki vətəndaşlar həlak olur. Türkiyə və bəzi dövlətlər buna sərt reaksiya versələr də, İsrail yenə də öz işindədir. Rəsmi Təl-Əviv HƏMAS-ı bütünlüklə zərərsizləşdirməyi qarşısına məqsəd qoyub. Amma bilirik ki, bu, mümkün deyil. Çünki dəfələrlə İsrail ordusu havadan, qurudan HƏMAS-a zərbələr endirib, bu problemi birdəfəlik həll etmək istəyib. Ancaq problem birdəfəlik həllini tapmayıb. Bu da ondan irəli gəlir ki, Fələstin problemi hələ də həllini tapmayıb. Əgər bu məsələ həllini tapsa, düşünürəm ki, gələcək qarşıdurmalardan da sığortalanmaq olar. Ümumi götürəndə hələlik Yaxın Şərqdə üç münaqişə ocağı var. Amma bu münaqişələrin sayının gələcəkdə artması da mümkündür. Bu səbəbdən dəqiq proqnoz vermək çətindir".O, daha sonra Yaxın Şərqdə İŞİD-in birdən-birə fəallaşmasıməsələsinə toxunaraq deyib ki, İŞİD-in belə fəallaşmasında müəyyən maraqların olduğu görünməkdədir. Təsəvvür edin ki, hətta dünyanın super güclü dövləti ABŞ belə İŞİD-in hərəkət traektoriyasını, məqsədini əvvəlcədən bilmədi. Ən güclü kəşfiyyat məlumatına və sairə malik olan Amerikanın gözləmədiyi halda İŞİD Suriyadan İraq ərazisinə keçərək, bir-birinin ardınca sürətlə şəhərləri tutdu. Bəzən bunun özü də şübhə yaradır ki, ABŞ nə üçün bunun qarşısını ala bilməyib və ya almayıb? ABŞ vaxtilə Səddam Hüseyn rejimini devirdi və İraq ordusu yaratdı. Amma İŞİD İraq şəhərlərini tutanda bu təşkilata qarşı İraq ordusunun güclü müqavimətini görmədik. İraq hökuməti təcili olaraq könüllüləri İŞİD-lə mübarizəyə cəlb etdi. Bu da müəyyən suallar yaratmaqdadır. Məsələn, nə üçün ABŞ zamanında İraq ordusunun formalaşmasına ciddi təkan verməyib və sair. Digər tərəfdən, İŞİD-in fəallaşmasında və İraq şəhərlərini tutmasında kürdlərin də maraqları görünməkdədir. Onlar İŞİD-ə qarşı savaş elan etdilər, amma terror təşkilatının İraq şəhərlərini işğal etdiyi anda elan elədilər ki, biz Kürdüstan yaradırıq. Üstəlik, kürdlər Kərkük şəhərinə nəzarəti də ələ keçirdilər. Bu faktın özü nəinki Qərbdə, hətta ABŞ-da da ciddi reaksiya doğurmadı. Eyni zamanda, İŞİD-ə müəyyən qədər maliyyə və hərbi dəstək verən Səudiyyə Ərəbistanı və Qətər haqqında da müəyyən mülahizələr yürütmək mümkündür. Bu iki ölkə bölgədə İranın təsirinin azalmasında maraqlıdırlar. Nəzərə alınmalıdır ki, İraqın indiki hökuməti də İrana çox sıx bağlıdır və sünnilər hökumətdə təmsil olunmurlar. Buna görə də Səudiyyə Ərəbistanı və Qətər İŞİD-ə müəyyən qədər dəstək verməklə, bölgədəki şiə zolağına güclü zərbə endirirlər. Bununla onlar həm İraq hökumətini zəiflətdilər, İraqın 3 hissəyə bölünməsini sürətləndirdilər, həm də İrana zərbə vurdular. Çünki İran İraq və Suriya üzərindən Hizbullah və HƏMAS-a yardım edə bilirdi. Amma indiki şəraitdə bu, mümkün deyil. Bu kimi səbəblərə görə, düşünürəm ki, İŞİD özbaşına hərəkət etmir. Düzdür, kütləvi qətliamlar törədir və bu, hamını narahat edir. Lakin İŞİD-in bu fəaliyyətində maraqlı olan dövlətlər də var.
Fuad
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50