Həmsədrin sürüşkən mövqeyi
10:11 23-07-2014
CƏMİYYƏT
Həmsədrin sürüşkən mövqeyi
Ceyms Uorlik: "Ümid edirik ki, Azərbaycan və Ermənistan prezidentləri Parisdə görüşmək barədə təklifi qəbul edəcəklər"
Artıq ikinci həftədir ki, iki azərbaycan vətəndaşı ermənilərin girovluğundadır və bu günə qədər beynəlxalq qurumlar heç bir addım atmırlar. Qızıl Xaç Komitəsi indiyə qədər onlarla təmas yaratmayıb və bu hal girovluqdakı azərbaycanlıların həyatını sadəcə olaraq təhlükəyə atır.
Məhz buna görə də baş nazirin müavini sərt açıqlama verdi, hətta buna görə Qızıl Xaç Komitəsinin Bakı bürosunun ölkədən qovula biləcəyini bildirdi. Çünki bundan öncə bir erməni vətəndaşı Azərbaycan tərəfindən həbs olunan zaman 2 günün içində komitə erməni ilə əlaqə yarada bilmişdi. İndi isə bu aktivliyi görmürük. Hətta uzun müddət susmağa üstünlük verən ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri, amerikalı həmsədr Ceyms Uorlikin susqunluğu pozdu. Amma buna bəyanat demək mümkündürsə. O, Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonundakı son hadisələrlə bağlı mövqeyini bildirərək deyib ki, biz Azərbaycan-Ermənistan sərhədində, habelə təmas xəttində insan ölümlərindən narahatlıq keçiririk. Yaralanma və ölüm hallarına gətirib çıxaran insidentlərin sayı tərəflərlə sülh axtarışları istiqamətindəki səylərimizdə reqressdir:" ABŞ və Minsk qrupunun həmsədrləri tərəflərə münaqişənin sülh yolu ilə həlli üçün kömək etmək istəyirlər. Bu münaqişənin müharibə yolu ilə həlli yoxdur. Faktiki olaraq həmsədrlər gələcək addımları müzakirə etmək üçün Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşmək istəyirlər".Amma gördüyünüz kimi konkret olaraq girovlarla bağlı bir cümlə belə işlədilmir. Halbuki əks tərəfdə belə olay yaşananda həmsədrlər bəyanatla çıxış etmişdilər. Bu isə bir daha göstərir ki, beynəlxalq təşkilatlar bəzi məqamlarda az qala bir mərkəzdən idarə olunmuş kimi mövqe sərgiləyirlər. Diplomat həmçinin Fransa prezidenti Fransua Ollandın Azərbaycan və Ermənistana səfəri çərçivəsində iki ölkənin rəhbərini Parisə dəvət etməsinə də münasibət bildirib:" Ümid edirik ki, prezidentlər Parisdə görüşmək barədə təklifi qəbul edəcəklər. Ötən ilin noyabrında prezidentlər Vyanada görüşəndə, tərəqqinin mümkünlüyünün şahidi olduq. İnanırıq ki, bu müzakirələrin davamı sülhə doğru vacib bir addım olacaq. Həmsədrlər və ABŞ istənilən köməyi göstərməyə hazırdır".Bu məsələyə gəldikdə isə hesab etmək olar ki, Ermənistan tərəfi son anda yenə danışıqlardan imtina edəcək. Çünki Fransa prezidenti hələ regionda olanda bəyan etmişdi ki, Dağlıq Qarabağ probleminin həllinə yanaşmada Ermənistanın mövqeyi düzgün deyil və bu məsələ yenidən müzakirə olunmalıdır. Bu isə o deməkdir ki, Fransa prezidenti Dağlıq Qarabağı müstəqil görmək istəyində deyil və onun təqdim etdiyi təklifdə bu öz əksini tapacaq. Hazırda gümanlara görə Fransua Ollandın təklifi bundan ibarətdir ki, qarşılıqlı razılaşmaya nail olmaq üçün Ermənistan işğal etdiyi Dağlıq Qarabağ ətrafı rayonları azad etsin. Ermənistan rəhbərliyi isə sözsüz ki, buna hazır deyil. Bundan başqa hazırda Ermənistan manevr imkanlarını genişləndirmək üçün Gömrük İttifaqına üzv olmağa çox çalışır. Amma bu məsələdə də problem yaranıb. Çünki Ermənistan Gömrük İttifaqına BMT-də tanınan sərhədlər daxilində qəbul oluna bilər. Buna görə də Dağlıq Qarabağla Ermənsitan arasında sərhədlər beynəlxalq normalarla tənzimlənməlidir. Bütünlüklə bu durum Ermənistan rəhbərliyini çıxılmaz hala salıb. Bunun qarşılığında isə keçmiş prezident Robert Köçəryanın komandası aktivləşib və indidən belə rəy yaradılır ki, hazırkı prezident Serj Sarksyan Dağlıq Qarabağı Azərbaycana qaytarmağa çalışır.Bu prinsiplə istənilən an Serj Sarksyanı oyundan çıxara və yenə danışıqları dondura bilərlər. Bütün bunları nəzərə alaraq ABŞ həmsədrinin verdiyi son açıqlamanı tam prinsipsiz açıqlama kimi dəyərləndirmək olar.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-26 11:31:27
2024-11-26 11:18:24
2024-11-26 11:15:34
2024-11-26 11:00:44
2024-11-26 10:33:33
2024-11-26 10:15:18
2024-11-26 09:47:43
2024-11-26 09:44:00
2024-11-26 08:37:37
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59